25/04/2026
Məktəbdə pedaqoji şuranın növbəti iclası keçirildi. İclasda məktəb rəhbərliyi, müəllim heyəti və digər məsul şəxslər iştirak etdilər.
Gündəlikdə duran ilk məsələ ötən pedaqoji şuranın qərarlarının icra vəziyyəti oldu. Məktəb rəhbərliyi tərəfindən əvvəlki iclasda qəbul olunmuş qərarların yerinə yetirilməsi ilə bağlı hesabat təqdim edildi. Qeyd olundu ki, qərarların əksəriyyəti icra olunmuş, bəzi məsələlər üzrə isə işlər davam etdirilir.
Sonra keyfiyyət fəaliyyət planının icrası vəziyyəti müzakirə edildi. Tədbirlər planına uyğun olaraq keçirilən müxtəlif maarifləndirici, tərbiyəvi və intellektual tədbirlər barədə, "Son zəng" tədbirinin təşkili barədə məlumat verildi.
Növbəti məsələ fənlərin tədrisi keyfiyyətinin monitorinq nəticələri və dərsdinləmələrin yekunları ilə bağlı idi. Aparılan monitorinqlərin nəticələri təhlil olundu, dərslərdə müşahidə edilən müsbət və mənfi cəhətlər qeyd edildi. Müəllimlərə metodiki tövsiyələr verildi, tədrisin keyfiyyətinin daha da artırılması üçün konkret addımlar müəyyənləşdirildi.
İclasda şagirdlərin davranış qaydaları da geniş müzakirə olundu. Məktəbdaxili nizam-intizamın gücləndirilməsi, şagirdlər arasında etik davranış normalarının formalaşdırılması və valideynlərlə əməkdaşlığın artırılması vacib hesab edildi.
XI sinif buraxılış imtahanlarının nəticələri və IX sinif şagirdlərinin imtahanlarda iştirakı ilə bağlı məsələlər də diqqət mərkəzində oldu. İmtahan nəticələri təhlil edilərək uğurlu və zəif göstəricilər müəyyən edildi. Nəticələrin yaxşılaşdırılması üçün əlavə tədbirlərin görülməsi qərara alındı.
Xüsusi istedadlı və zəif nəticə göstərən şagirdlərlə işin təşkili də iclasın mühüm mövzularından biri idi. İstedadlı şagirdlərin potensialının inkişaf etdirilməsi, onların müxtəlif müsabiqə və olimpiadalara cəlb olunması, eyni zamanda zəif nəticə göstərən şagirdlərlə fərdi işin gücləndirilməsi zəruri hesab edildi.
Sonda cari məsələlər müzakirə edildi, müəllimlərin təklif və iradları dinlənildi. İclasın yekununda qəbul olunmuş qərarların icrasına nəzarətin gücləndirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi qərara alındı.