Azərbaycan Memarlıq və İnşaat Universiteti - AzMİU

Azərbaycan Memarlıq və İnşaat Universiteti - AzMİU

Share

Azərbaycan Memarlıq və Inşaat Universitetinin rəsmi Facebook səhifəsi

Photos from Azərbaycan Memarlıq və İnşaat Universiteti - AzMİU's post 22/05/2026

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Şəhərlərin inkişafı və texnologiyalar: ağıllı şəhərlər və əqli mülkiyyət” mövzusunda beynəlxalq sessiya təşkil olunub.

Sessiya Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsinin prezidenti Qriqori İvliyevin moderatorluğu ilə keçirilib. Moderator çıxışında vurğulayıb ki, müasir şəhərlərin inkişafı artıq yalnız memarlıq və tikinti məsələsi deyil, eyni zamanda innovasiya, texnologiya və əqli mülkiyyətin qorunması ilə sıx bağlı olan kompleks inkişaf modelidir. O qeyd edib ki, patent sistemi yeni texnologiyaların təşviqində və innovasiya mühitinin formalaşmasında mühüm rol oynayır.

Sessiyada Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova geniş məruzə ilə çıxış edib. Rektor bildirib ki, gələcəyin ağıllı şəhərləri rəqəmsal texnologiyaların tətbiqi ilə yanaşı, insanmərkəzli, ekoloji dayanıqlı, innovativ və elmi əsaslara söykənən yanaşmalarla formalaşmalıdır. Onun sözlərinə görə, şəhərlərin dayanıqlı inkişafında universitetlərin, elmi-tədqiqat mərkəzlərinin və innovasiya ekosisteminin rolu olduqca vacibdir.

Professor Gülçöhrə Məmmədova qeyd edib ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti memarlıq, şəhərsalma, tikinti, mühəndislik və texnologiya istiqamətlərində ölkənin aparıcı elmi-təhsil mərkəzlərindən biri olaraq gələcəyin şəhərlərinin formalaşdırılmasına töhfə verir. Rektor çıxışında universitetdə əqli mülkiyyət sahəsinin inkişafına xüsusi önəm verildiyini də diqqətə çatdırıb. Bildirib ki, AzMİU-da fəaliyyət göstərən Əqli mülkiyyət kafedrası bu istiqamətdə mühüm akademik platformadır və kafedraya Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanovun elmi rəhbərlik etməsi bu sahədə elmi tədqiqatların genişlənməsinə, innovativ düşüncənin təşviqinə və işin daha effektiv təşkilinə ciddi təkan verir.

Avrasiya Patent İdarəsinin prezidentinin müşaviri Emil Məmmədov çıxışında şəhər texnologiyaları, enerji səmərəliliyi, infrastruktur və ağıllı həllər sahəsində mövcud Avrasiya patentləri barədə məlumat verib, innovativ ideyaların hüquqi qorunmasının iqtisadi inkişaf baxımından əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Gülnarə Rüstəmova çıxışında universitetlərlə əməkdaşlığın əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasında vacib rol oynadığını, elmi müəssisələrdə patent fəallığının artırılmasının innovasiya ekosisteminin güclənməsinə xidmət etdiyini qeyd edib.

Sessiyaya onlayn qoşulan Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının kafedra müdiri Veronika Smirnova əqli mülkiyyət sahəsində ixtisaslaşmış təhsil proqramlarının aktuallığından danışaraq, tikinti, urban inkişaf və memarlıq kimi sahələrdə bu istiqamətdə peşəkar hazırlığın artıq qlobal tələbə çevrildiyini bildirib.

Biznes sektorunu təmsil edən “Gazprombank-İnvest” şirkətinin direktoru Vladimir Ksenzdovski tikinti sahəsində rəqəmsal texnologiyaların tətbiqinin layihələrin idarə edilməsində səmərəliliyi artırdığını və innovativ yanaşmaların daha keyfiyyətli şəhər mühitinin qurulmasına imkan yaratdığını vurğulayıb.

Vol.Na memarlıq emalatxanasının təsisçisi, memar Vladimir Pomyalov isə yaradıcı memarlıq ideyalarının hüquqi qorunmasının kiçik və orta biznes üçün vacibliyindən danışıb.

Sessiyada şəhərsalma, ağıllı şəhərlər, innovasiya, patentləşmə, yaşıl texnologiyalar və urban inkişafın gələcəyi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Sessiyada Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov, agentliyin nümayəndələri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professor-müəllim heyəti, xarici qonaqlar, beynəlxalq ekspertlər və biznes ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, WUF13 Azərbaycanın beynəlxalq şəhərsalma və dayanıqlı inkişaf gündəliyində artan rolunu nümayiş etdirən mühüm qlobal platformadır. AzMİU-nun bu nüfuzlu beynəlxalq tədbirdə iştirakı universitetin memarlıq, şəhərsalma, innovasiya və beynəlxalq elmi əməkdaşlıq istiqamətində mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.

Photos from Azərbaycan Memarlıq və İnşaat Universiteti - AzMİU's post 22/05/2026

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycanda səfərdə olan Fələstin Dövlətinin Yerli Özünüidarəetmə naziri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu Sami Hijjavinin rəhbərlik etdiyi nümayəndə heyəti AzMİU-da olub.

Qonaqları Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb.

Görüşdə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova universitetin zəngin tarixi, beynəlxalq əlaqələri, müasir tədris imkanları, elmi potensialı və strateji inkişaf istiqamətləri barədə qonaqlara ətraflı məlumat verib. Rektor bildirib ki, Azərbaycanın memarlıq, inşaat, şəhərsalma, dizayn və mühəndislik sahələri üzrə aparıcı ali təhsil müəssisəsi olan AzMİU bu gün yalnız ölkə daxilində deyil, beynəlxalq akademik müstəvidə də nüfuzunu davamlı şəkildə artırır.

Professor Gülçöhrə Məmmədova çıxışında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsinin Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, WUF13 Azərbaycanın qlobal şəhərsalma və urban inkişaf gündəliyində fəal aktora çevrildiyini, ölkənin beynəlxalq nüfuzunun yüksəldiyini bir daha nümayiş etdirir. Rektor bildirib ki, forum, eyni zamanda ali təhsil müəssisələri üçün yeni akademik tərəfdaşlıqların qurulması, təcrübə mübadiləsi və gələcəyin şəhərlərinin formalaşdırılması istiqamətində mühüm platformadır.

Görüş zamanı Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı quruculuq və bərpa işlərinə də toxunulub. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, müasir infrastruktur quruculuğu və yeni şəhərsalma yanaşmaları bu gün beynəlxalq səviyyədə maraq doğuran uğurlu təcrübə kimi diqqət çəkir.

Fələstin Dövlətinin Yerli Özünüidarəetmə naziri, AzMİU məzunu Sami Hijjavi çıxışında doğma universitetində olmaqdan məmnunluğunu ifadə edib, tələbəlik illərinə dair xatirələrini bölüşüb. O, AzMİU-da keçirdiyi illərin onun peşəkar və şəxsi inkişafında mühüm rol oynadığını vurğulayıb.

Nazir Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunu yüksək qiymətləndirərək ölkəmizlə bağlı müsbət təəssüratlarını bölüşüb. O bildirib ki, Azərbaycanın xüsusilə postmünaqişə dövründə nümayiş etdirdiyi quruculuq tempi, infrastrukturun yenidən qurulması və şəhərsalma yanaşmaları təqdirəlayiqdir. Sami Hijjavi WUF13 kimi qlobal tədbirin Azərbaycanda keçirilməsinin ölkənin beynəlxalq mövqeyinin və artan nüfuzunun göstəricisi olduğunu qeyd edib.

Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani çıxışında Fələstin dövlətinin gənclərinin Azərbaycan, xüsusilə AzMİU kimi ixtisaslaşmış nüfuzlu ali təhsil müəssisələrində təhsil almasına böyük maraq göstərdiyini bildirib. Səfir qeyd edib ki, AzMİU-da Sami Hijjavi kimi yüksək səviyyəli dövlət xadimlərinin yetişməsi bu universitetin akademik potensialının göstəricisidir: “Biz istəyirik ki, AzMİU-da Sami Hijjavi kimi gələcəyin nazirləri yetişsin”.

Görüşdə ali təhsil, akademik əməkdaşlıq, şəhərsalma, yerli idarəetmə və gələcək mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı nazir Sami Hijjavinin AzMİU-nun arxivində saxlanılan qiymət kitabçası və ona aid digər sənədlər özünə təqdim edilib.

Rəsmi görüşdən sonra Sami Hijjavinin rəhbərlik etdiyi nümayəndə heyəti universitetlə yaxından tanış olub. AzMİU məzunu olan Sami Hijjavi təhsil aldığı fakültəyə, ixtisas kafedrasına və laboratoriyalara baş çəkib, tələbəlik illərinə dair xatirələrini bölüşüb. Səfər qonaqlarda xoş təəssürat yaradıb.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Fələstin Dövlətinin Yerli Özünüidarəetmə naziri Sami Hijjavi, onun həyat yoldaşı Haya Hijjavi, Bələdiyyələrin İnkişafı və Kreditləşdirilməsi Fondunun baş direktoru Mohammad Ramahi, Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Əhməd Metani, nazirin beynəlxalq münasibətlər üzrə müşaviri Valid Abulhalava və Dünya Bankının Fələstin üzrə nümayəndəsi Hacı Hüseynov yer alıblar.

Photos from Azərbaycan Memarlıq və İnşaat Universiteti - AzMİU's post 22/05/2026

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən və dünyanın ən böyük şəhərsalma sərgilərindən biri hesab olunan “Urban Expo”da Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) öz xüsusi pavilyonu ilə uğurla təmsil olunur.

“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan WUF13 çərçivəsində təşkil edilən sərgi qlobal şəhərsalma gündəliyinin əsas platformalarından biri kimi hökumət nümayəndələrini, beynəlxalq təşkilatları, akademik dairələri, özəl sektoru və vətəndaş cəmiyyəti institutlarını bir araya gətirir.

3,5 hektarlıq ərazini əhatə edən və 66 ölkədən 217-dən çox təşkilatın iştirak etdiyi “Urban Expo” sərgisində AzMİU-nun pavilyonu yerli və xarici qonaqların xüsusi marağına səbəb olur. Universitetin stendində AzMİU-da memarlıq, şəhərsalma, dizayn, inşaat mühəndisliyi, dayanıqlı inkişaf və innovativ texnologiyalar istiqamətində həyata keçirilən elmi-tədqiqat işləri, beynəlxalq əməkdaşlıq layihələri, tələbə təşəbbüsləri və təhsil imkanları təqdim edilir.

AzMİU-nun ekspozisiyasında xüsusilə dayanıqlı şəhər inkişafı, yaşıl memarlıq, ağıllı şəhər həlləri, inklüziv urban mühit, şəhər mobilliyi və gələcəyin şəhərləri ilə bağlı akademik yanaşmalar ön plana çıxarılır. Pavilyon universitetin yalnız milli səviyyədə deyil, beynəlxalq akademik müstəvidə də şəhərsalma və memarlıq gündəliyinə fəal töhfə verdiyini nümayiş etdirir.

Qeyd olunmalıdır ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti ölkədə memarlıq və şəhərsalma üzrə ixtisaslaşmış aparıcı ali təhsil müəssisəsi kimi WUF13 çərçivəsində yalnız sərgi formatında deyil, həm də müxtəlif akademik, elmi və ictimai təşəbbüslərlə fəal iştirak edir. Bu iştirak Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunmuş “Memarlıq və Şəhərsalma İli”nin prioritetləri ilə də tam səsləşir.

AzMİU-nun WUF13-də iştirakı universitetin beynəlxalq əlaqələrinin artırılması, yeni akademik tərəfdaşlıqların qurulması, tələbə və müəllimlər üçün qlobal əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də Azərbaycanın şəhərsalma və memarlıq potensialının dünyaya təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.

WUF13 çərçivəsində AzMİU-nun pavilyonu forum iştirakçıları üçün universitetin elmi-intellektual potensialını, innovativ yanaşmalarını və dayanıqlı şəhər gələcəyinə baxışını nümayiş etdirən mühüm platforma rolunu oynayır.

18/05/2026

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi də iştirak etdi.

Dünyanın müxtəlif ölkələrindən nümayəndələrin qatıldığı bu mötəbər beynəlxalq tədbir dayanıqlı şəhərsalma, müasir urbanizasiya, innovativ həllər və gələcəyin şəhərləri mövzularını bir araya gətirdi. Forum çərçivəsində keçirilən görüşlər, panel müzakirələri və təqdimatlar iştirakçılar üçün yeni bilik və təcrübələrin əldə olunmasına geniş imkan yaratdı.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin belə nüfuzlu tədbirdə iştirakı tələbələrin beynəlxalq platformalarda aktiv təmsil olunmasının, şəhərsalma və memarlıq sahəsinə olan marağının göstəricisidir. WUF13 çərçivəsində əldə olunan təcrübə və yeni yanaşmalar gələcəyin peşəkar mütəxəssisləri üçün mühüm töhfə olacaq.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumu (WUF) BMT-nin UN-Habitat proqramı tərəfindən təşkil olunan və şəhərlərin dayanıqlı inkişafına həsr edilən ən nüfuzlu beynəlxalq platformalardan biridir.

Photos from Azərbaycan Memarlıq və İnşaat Universiteti - AzMİU's post 14/05/2026

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən “Memarlıq həftəsi” çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkilatçılığı ilə “Şəhərsalma mühitində mikromobilliyin qurulması” mövzusunda infosessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova şəhərsalma prosesində müasir nəqliyyat həllərinin və dayanıqlı mobillik prinsiplərinin əhəmiyyətindən danışıb. Zahidə Məmmədova tələbələrin bu sahədə maarifləndirilməsinin vacibliyini vurğulayaraq belə görüşlərin gələcək memar və şəhərsalma mütəxəssislərinin peşəkar inkişafına töhfə verdiyini qeyd edib.

AYNA-nın Daxili kommunikasiya və tədbirlərin təşkili şöbəsinin müdiri Elmira Abasova mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülmüş işlər barədə tələbələrə ətraflı məlumat verib. Bildirib ki, mikromobilliyin tətbiqi əhalinin mobilliyini artırmaq, şəhər mərkəzlərində nəqliyyat yükünü azaltmaq və ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədi daşıyır. Dünyanın bir çox şəhərlərində olduğu kimi paytaxt Bakıda da nəqliyyat sıxlığının aradan qaldırılması, velosiped və elektrik mühərrikli kiçik nəqliyyat vasitələri istifadəçilərinin, eləcə də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmini istiqamətində mühüm işlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

Elmira Abasovanın sözlərinə görə, gənclər arasında mikromobilliyin təşviqi məqsədilə yeni tədbirlər planı hazırlanır və yaxın aylarda ictimaiyyətə təqdim olunacaq.

AYNA-nın əməkdaşı Nicat Kazımov çıxışında şəhər mühitində mikromobillik vasitələrinin düzgün istifadəsi, təhlükəsizlik qaydaları və bu sahədə beynəlxalq təcrübə barədə məlumat verib.

Daha sonra Bakı şəhərində mikromobilliyin təkmilləşdirilməsinə dair həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə tələbələrlə fikir mübadiləsi aparılıb, onların çoxsaylı sualları cavablandırılıb, təklifləri dinlənilib.

Tədbirin sonunda universitet ərazisində tələbələr üçün skuter təlimi təşkil olunub, mikromobillik vasitələrinin təhlükəsiz idarə olunması qaydaları praktiki şəkildə nümayiş etdirilib.

Photos from Azərbaycan Memarlıq və İnşaat Universiteti - AzMİU's post 11/05/2026

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) kollektivi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib.

Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad olunub.

Photos from Azərbaycan Memarlıq və İnşaat Universiteti - AzMİU's post 11/05/2026

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) birinciliklərinə yekun vurulub.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və AzMİU İdman Klubunun birgə əməkdaşlığı ilə keçirilən fakültələrarası silsilə idman turnirlərində universitetin oğlan və qız tələbələri müxtəlif idman növləri üzrə qüvvələrini sınayıblar.

Ənənəvi olaraq hər il təşkil edilən yarışlarda tələbə idmançılar voleybol, basketbol, futzal, güləş və şahmat üzrə mübarizə aparıblar. Bir ay davam edən yarışlarda ümumilikdə 300-ə yaxın tələbə iştirak edib.

Turnirin sonunda qalib komandalar və fərdi idmançılar təşkilatçılar tərəfindən diplom, medal, kubok və müxtəlif hədiyyələrlə təltif olunublar.

Turnirin qalibi Tikinti-iqtisad, ikincisi Nəqliyyat, üçüncüsü isə İnşaat fakultəsinin tələbələri olublar. Komandalara AFFA tərəfindən medal, kubok, Sərrast oyunçu, Yaxşı oyunçu nominasiyaları üzrə mükafatlar ayrılıb. Turnirin ən yaxşı qapıçısı Havar Məmmədzadə, ən yaxşı oyunçu Kamran Quliyev, bombardiri isə Ümüd Rəcəbov olub.

Qeyd edək ki, futzal yarışları hər il olduğu kimi bu dəfə də AFFA ilə təsdiqlənmiş birgə əsasnaməyə uyğun olaraq AzMİU-nun təşkilatçılığı ilə keçirilib.

Bununla yanaşı, AzMİU-nun tələbə idmançıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası, müxtəlif federasiyalar və ali təhsil müəssisələri tərəfindən təşkil olunan yarışlarda da uğurla çıxış edərək qızıl, gümüş və bürünc medallar qazanıblar.

10/05/2026

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Heydər Əliyev Azərbaycan tarixində silinməz iz qoymuş, xalqının rifahı, dövlətinin gücü və gələcəyi üçün ömrünü fəda etmiş böyük liderdir. Onun uzaqgörən siyasəti, qətiyyəti və xalqına sonsuz sevgisi müstəqil Azərbaycanın möhkəm təməllərini formalaşdırdı. Məhz onun rəhbərliyi dövründə dövlətçilik ənənələri gücləndi, milli birlik daha da möhkəmləndi və Azərbaycan dünyada öz layiqli yerini tutdu.

Heydər Əliyevin fəaliyyəti yalnız bir dövrü deyil, bütöv bir xalqın gələcəyini əhatə edən böyük bir məktəbdir. O, hər zaman gənclərə xüsusi diqqət ayıraraq onların savadlı, vətənpərvər və güclü şəxsiyyət kimi formalaşmasına önəm verib. Bu gün Azərbaycanın inkişafı, əldə olunan uğurlar və dövlətimizin beynəlxalq nüfuzu məhz onun müəyyən etdiyi strateji yolun nəticəsidir.

Ümummilli Liderin əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq, onun ideyaları gələcək nəsillərə işıq tutmağa davam edəcəkdir.

Onun irsi bizim qürurumuz, yolu isə daim rəhbərimizdir.

Photos from Azərbaycan Memarlıq və İnşaat Universiteti - AzMİU's post 08/05/2026

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı təşkil edilib.

AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən konsert proqramı universitet rəhbərliyinin, professor-müəllim heyətinin, tələbə gənclərin və qonaqların iştirakı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan tədris işləri üzrə prorektor, professor Akif Qasımov çıxışında Ulu Öndərin dövlətçiliyimizin möhkəmlənməsində və Azərbaycan gəncliyinin inkişafında oynadığı əvəzsiz roldan danışıb. Akif Qasımov böyük qürur hiss ilə söyləyib ki, gənclər bu gün də Heydər Əliyev ideyalarına sadiq qalaraq onun irsini yaşadır və gələcək nəsillərə ötürməkdə fəallıq göstərirlər.

Daha sonra universitetin Özfəaliyyət Klubunun istedadlı üzvləri tərəfindən Ulu Öndərin sevdiyi mahnılar ifa olunub, həyat və fəaliyyətinə həsr edilmiş şeirlər səsləndirilib. Tələbələrin təqdim etdiyi bədii kompozisiyalar, musiqi nömrələri, poetik çıxışlar auditoriya tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Yekunda Ümummilli Liderin zəngin ictimai-siyasi fəaliyyətini əks etdirən videoçarx təqdim olunub.

Photos from Azərbaycan Memarlıq və İnşaat Universiteti - AzMİU's post 05/05/2026

Azərbaycan Memarlıq və İnşaat Universitetində VII Karyera Sərgisi uğurla təşkil olunub.

“Karyera Həftəsi” çərçivəsində keçirilən sərgi bir həftə ərzində baş tutan seminarlar, maarifləndirici görüşlər, vorkşoplar və praktik sessiyaların yekunu olaraq tələbə və məzunları əmək bazarı ilə bir araya gətirib. Tədbir iştirakçıları müxtəlif sahələr üzrə mütəxəssislərlə birbaşa ünsiyyət quraraq karyera inkişafı, əmək bazarının tələbləri və mövcud imkanlar haqqında ətraflı məlumat əldə ediblər.

Sərgidə 70-ə yaxın dövlət qurumu və aparıcı şirkət iştirak edib, 400-dən çox vakansiya və ödənişli təcrübə proqramı təqdim olunub. Tələbə və məzunlar işəgötürənlərlə birbaşa əlaqə quraraq təqdim olunan imkanlarla yaxından tanış olub, müvafiq vakansiyalar üzrə müraciətlərini həyata keçiriblər.

Artıq ənənəvi xarakter alan Karyera Sərgisi tələbə və məzunların məşğulluq imkanlarının genişləndirilməsi, onların praktik bacarıqlarının artırılması və əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına mühüm töhfə verməyə davam edir.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address


Ayna Sultanova
Baku
AZ100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00