02/06/2026
"Sevgi ilə böyüyək” adlı tədbir keçirilib
01 iyun 2026-cı il tarixində Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin Səbail filialında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Sevgi ilə böyüyək” adlı tədbir keçirilib.
Tədbirin əsas məqsədi uşaqların hərtərəfli inkişafının dəstəklənməsi, onların hüquq və vəzifələri barədə maarifləndirilməsi, yaradıcılıq potensialının üzə çıxarılması, eləcə də milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və fəal vətəndaş kimi formalaşmalarına töhfə vermək olub.
Tədbir çərçivəsində müəssisədə fəaliyyət göstərən “Danışıq Klubu” (rus dili), (azərbaycan dili), “Əyləncəli Riyaziyyat”, “Bədii Qiraət”, “Milli Rəqs”, “Gənc Diyarşünas”, “Debat”, “Teatr sənəti” və “Muğam” dərnəklərinin üzvləri zəngin bədii proqramla çıxış ediblər. İştirakçılar tərəfindən səsləndirilən mahnılar, ifa olunan rəqslər, bədii qiraət nümunələri və teatr səhnəcikləri tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Bununla yanaşı, "Rəsm" dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə nümayiş etdirilən rəsm əsərləri uşaqların yaradıcılıq təfəkkürünü, estetik zövqünü və bədii bacarıqlarını əks etdirib.
Tədbirdə sonunda çıxış edən tədris işləri üzrə direktor müavini Kəmalə Tahirova qeyd edib ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü yalnız uşaqların sevinci və bayramı deyil, eyni zamanda cəmiyyətin diqqətini uşaqların hüquqlarının qorunmasına, onların sağlam, təhlükəsiz və qayğıkeş mühitdə böyüməsinin vacibliyinə yönəldən əlamətdar bir gündür.
Sonda uşaqlara gələcək həyatlarında uğurlar arzulanıb, onların bilikli, sağlam və xoşbəxt böyümələrinin cəmiyyətin əsas prioritetlərindən biri olduğu vurğulanıb.