26/02/2018
Xocalı faciəsi Azərbaycan xalqının tarixinin ən qanlı səhifələrindən biri kimi yaddaşlardadır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhəri erməni quldurlarının hücumuna məruz qaldı. Dinc əhaliyə divan tutmağı qarşısına məqsəd qoymuş vəhşilər heç kimə aman vermədilər. Dəhşətli qətliam nəticəsində 613 dinc sakin amansızcasına öldürülüb. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb. Bu soyqırım nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Qana susamış azğın düşmən qocalara, qadınlara, hətta körpələrə amansız işgəncələr verib.
Müəllif: Sərdar Zeynal
Xocalı
Gözləyib, gizləyib zaman sirrini,
Dəyişib dünyanın işi,amalı.
Deyəsən, yetişir qiyamət günü,
Vədəsiz küləklər əsir, Xocalı!
Sərt gəldi fevralın 26 –sı,
Al qana qərq oldu bulaqlarda su,
Qəfildən quruldu bir yurdun yası,
Bir kəsə çatmadı səsim Xocalı!
Od yağdı, el düşdü, küyə, təşvişə,
Nalələr,fəryadlar dirəndi ərşə,
Allah da baxmadı bu haqsız işə,
Titrədik biz əsim –əsim, Xocalı!
Əzəldən əl atıb böhtana, şərə,
Çaqqallar toplaşıb güc gəlir şirə,
Matəmə büründü yurd birdən -birə,
Ötüşdü bir qəmli nəsim, Xocalı!
Nə görüb, nələri çəkməyib başın,
Od tutdu o gecə torpağın, daşın,
Dul qalmış gəlinin gözünün yaşın,
Bəs necə qurudum, kəsim, Xocalı!
Dinmirəm gözümdə gilələnir yaş,
Yadıma düşdükcə o gün, o savaş,
Qız ana itirdi, qardaşı qardaş,
Mən necə kiriyim, susum, Xocalı!
Söyləsəm, bu dərdim dağlardan ağır,
Namərdlər yoluma daş dığırladır,
Dağıldın kəndbəkənd, çadırbaçadır,
Bəs kimdən inciyim, küsüm, Xocalı!
Uyuyan kəsləri yuxudan ayılt,
Qəlbimdə alışan həsrəti soyut,
Qayıt, sən yenidən özünə qayıt,
Bu sevinc qoy olsun bəsim, Xocalı!