02/09/2026
Əyyub Hüseynov – 110
Bu gün Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, rəssam və pedaqoq Əyyub Hüseynovun anadan olmasının 110-cu ildönümüdür.
Əyyub Hüseynov 1935-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu, 1941-ci ildə isə Tbilisi Rəssamlıq Akademiyasını bitirib. 1948-ci ildən Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyət göstərib, 1956–1965-ci illərdə həmin təhsil ocağının direktoru vəzifəsində çalışıb. Uzun illər pedaqoji fəaliyyət göstərərək öz bilik və təcrübəsini gənc rəssam nəslinə ötürüb, bir çox istedadlı sənətkarın yetişməsinə töhfə verib.
“Pambıqçılar”, “Batabat”, “Minanın portreti”, “Yağışdan sonra”, “Xəzər”, “Venesiya”, “Günorta”, “Sahildə”, “Çuxuryurd”, “Buxarest”, “Arpaçay mənzərəsi”, “Meşə. Kənd mənzərəsi” və digər əsərlərində gerçəkliyin özünəməxsus bədii və rəngkarlıq həllini yaradıb. Rəssam təsvir etdiyi obraz və mənzərələr vasitəsilə yalnız gördüklərini əks etdirməyib, həm də tamaşaçıda müəyyən duyğu və təəssürat yaratmağa nail olub.
Müxtəlif janrlarda əsərlər yaradan Əyyub Hüseynov yaradıcılığının sonunadək realizm üslubuna sadiq qalıb. Mənzərə, portret, məişət və tematik janrlarda yaratdığı əsərlərdə həyat gerçəkliklərini özünəməxsus sənət dili ilə ifadə edib.
Əyyub Hüseynovun zəngin yaradıcılıq və pedaqoji irsi Azərbaycan təsviri sənəti tarixində özünəməxsus yer tutur.
Görkəmli sənətkarın əziz xatirəsini ehtiramla yad edirik.
#110