13/07/2015
6.ASTARA
Astara rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur, 4 yanvar 1963-cü ildə ləğv edilib Lənkəran rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur.Rayon ərazisində 1 şəhər, 2 qəsəbə və 89 kənd olmaqla 92 yaşayış məntəqəsi yerləşir.Onlar 1 şəhər, 2 qəsəbə və 12 kənd izibati ərazi dairəsi olmaqla 15 inzibati ərazi dairəsinə daxildirlər.
Tarixi faktlar təsdiq edir ki, Astara şəhəri Azərbaycanın Talış mahalının qədim və inkişaf etmiş məntəqələrindən biri olmuşdur. Astara şəhərinin adı qədim dünya alimlərinin kitablarında, səyyahların qeydlərində, coğrafiyaşünasların xatirələrində öz əksini tapmış, bu məntəqə barədə müəyyən maraqlı məlumatlar verilmişdir.
Qədim dünyanın görkəmli riyaziyyatçısı, astronomu və coğrafiyaşünası İsgəndəriyyəli Klavdi Ptolomey eramızın 90-160-cı illərində yaşayaraq qədim tədqiqatçılardan biri olmuş və II – əsrə aid Xəzər dənizinin xəritəsini tərtib etmiş, onun sahillərində yerləşən coğrafi adlar, obyektlər və yaşayış məntəqələri barədə ümumi qayda ilə dəqiq məlumat vermişdir. K. Ptolomey bu xəritədə Albaniyanın ona məlum olan bir çox şəhər və kəndlərin adlarını çəkmiş və Astaranın adı yunanca "Astarata" kimi qeyd olunmuşdur.
Qədim dünyanın digər alimi Strabon özünün "Tarixi hadisələr" barədəki qeydlərində "Astara" adının olmasını göstərərək, "dənizin ləpələrinin dağların ətəklərini yuması və öpməsi" barədə fikirlər söyləmişdir. İngilis taciri Antoni Cenkinson İngiltərə ilə Buxara arasında ticarət əlaqələrini yaratmaq məqsədi ilə 1559-cu ildə Xəzər dənizi sahillərində olmuşdur. 1562-ci ildə Londona qayıdaraq öz səfərləri haqqında "Rusiya-Tatarıstan təsviri" adlı əsərini nəşr etdirmiş və həmin əsərdə dərc edilmiş xatirədə Xəzər dənizi ətrafındakı yaşayış məntəqələrinin adlarını vermişdir. O, bu xatirədə Astaranın yunanca "Stara" kimi göstərmişdir.
Astara bir qədim yaşayış məntəqəsi olmaqla, tarixi İpək yolu onun ərazisindən keçmiş, Orta, Ön, Kiçik Asiya, Çin, Hindistan və Ərəb dünyası ilə geniş əlaqələr qurulmuşdur. Astara şəhərinin cənub – qərb hissəsində yerləşən Qapıçıməhəllə kəndinin ərazisində Astara çayının kənarında çox qədim tarixə malik olmaqla karvansara – ribat mövcud olmuşdur. Həmin karvansaranın qalıqları aşkar edilmiş və onun VII əsrə aid olması müəyyən olunmuşdur.
Müxtəlif Şərq ölkələrini, eləcə də Azərbaycanı gəzib dolaşmış Alman səyyahı Hans Şilberqer (1394-1427) Astaranın beynəlxalq ticarət əlaqələri barədə konkret məlumat vermişdir. Səyyah qeyd etmişdir ki, Astarada çoxlu ipək istehsal olunur, bu ipəyin ən yaxşı növü Dəməşq, Bursa, Kaşan və Venesiya kimi sənətkarlar mərkəzlərinə ixrac olunur. Bu yerlərdə həmin ipəkdən yaxşı məxmər parçalar toxunur.
Orta əsrlərdə Astaranın əyalət paytaxtı, dini, mədəni və ticarət mərkəzi olması barədə məlumatlar da maraqlıdır. Astara şəhərində dulusçuluq və saxsıbişirmə mədəniyyəti də geniş inkişaf etmişdir. Hələ XIII əsrin axırları, XIV əsrin əvvələrində Astaranın Maşxan məntəqəsində pul sikkə zərbxanası mövcud olmuşdur. Rus alimi A.M.Markov Dərbənd, Şamaxı və Təbriz, eyni zamanda Astarada zərb olunan sikkə pullarını dərindən öyrənərək, öz əsərlərində bu barədə geniş məlumatlar vermişdir. Alim sübut etmişdir ki, pulların üzərində adları yazılan şəhərlər, xüsusən də Astara şəhəri elə indiki Astara şəhəridir. Müxtəlif dövrlərdə hökmranlıq etmiş Hülakilər, Cəlarilər, Teymurilər, onların varisləri və başqaları Astara zərbxanasında pul kəsmişlər. Əmir Teymurun və ondan sonrakı dövrlərdə üzərində "Zərbe Astara" (Astarada zərb olunmuşdur) sözləri yazılan sikkələr bilavasitə bizim Astarada zərb olunan pullar olmuşdur. Bunu Avropa alimləri də öz əsərlərində sübut etmişlər. Hazırda həmin sikkələrin 16 nümunəsi Tacikistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda mühafizə edilir.
Astara 1747-ci ilə kimi Talış mahalının paytaxtı olmuş, sonralar Astara hakimi Qaraxan paytaxtı Lənkərana köçürmüşdür. Paytaxt Lənkərana köçürülərkən bir çox mühüm qədim tikinti və memarlıq obyektləri, istehkamları da söküntüyə məruz qalmışdır.
Dövrün tanınmış alimlərindən biri olmuş məşhur alman səyyahı Adam Oleari (1599-1671) Astarada olmuş, astaralılar barədə müəyyən maraqlı məlumatlar vermişdir. 1638-ci ildə Novruz bayramı vaxtı Astarada olan səyyah yazır ki, Astara vilayəti Xəzər dənizi sahilində yerləşir. Burada adam yoğunluğunda üzüm tənəkləri vardır. Bu faktı vaxtı ilə qədim tarixçi Strabon da xəbər vermişdir. Strabonun verdiyi bu xəbərə görə o vaxtlar Hikaniya adlanan bu yerlərdə bir kiçik tənək bir səbət üzüm verərmiş. Bütün bunlar Astara torpaqlarının yüksək məhsuldarlığa malik olduğuna sübutdur.
Astara rayonunun çox qədim tarixə malik olan daşınmaz tarix və mədəniyyət abidələri vardır. Bu qədim tarixə malik olan maddi – mədəniyyət nümunələri haqqında çoxlu əfsanələr, rəvayətlər yaranmış, xalqın inancında və yaddaşında indi də qalmaqdadır.
Həmin abidələrdən 102 ədədi Respublika Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası ərazisində Dövlət Mühafizəsinə götürülmüş daşınmaz tarix və Mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü"nə daxil edilib uçota alınmış və rəsmi inventar nömrəsi verilmişdir. Dərəcəsinə görə həmin abidələrdən ölkə əhəmiyyətli 26 arxeloji, yerli əhəmiyyətli 48 memarlıq abidəsi, 2 ədəd bağ – park monumental xatirə abidəsi, 21 yerli əhəmiyyətli arxeloji abidə, 5 ədəd dekorativ – tətbiqi sənət nümunəsi, xalq daş – heykəltaraşlıq nümunəsinə ayrılmışdır. Bu abidələrdən ən qədim nümunələri olan – e.ə. II minilliyin sonu I minilliyin əvəllərinə aid olan Əzərrüd kəndindəki "Daş qutu nekropolu", Miki kəndindəki "Miki dolmen nekropolu", bizim e.ə. V-I əsrlərə aid Rıvadila kəndindəki "Xolobin daş qutu nekropolu", tunc və antik dövrə aid Siyaku kəndindəki I və II – Siyaku yaşayış yerləri, tunc dövrünə aid "Baba Cabbar kurqanı", "Təngərüd kurqanı", "Seyidcamal kurqanı", "Vaqo" kurqanları, "Baba Hümmət kurqanı", "Bi yaylağı kurqanı" 4 ədəd Siyakü kurqanları, Artupa kəndindəki Axicəbəl kurqanı, Alaşa kəndindəki 3 ədəd kurqan, Lovayn kurqanı, Binabəy kəndindəki "Binəbəy kurqanları", dəmir dövrünə aid Koraoba kəndindəki "Koraoba daş qutu nekropolu" və s. göstərmək olar.
Rayonun İranla sərhəd kəndləri olan və hazırda əhali yaşamayan Anbaran, Baxçalar, Armudu, Çayağzı, Unuz, Təngöv, Növüştərü, Dilmədi, Siyov və başqa qədim yaşayış məntəqələrində yüzlərlə arxeloji cəhətdən tədqiq olunmamış maddi- mədəniyyət nümunələri vardır. Astara rayonunda ən maraqlı abidə hazırda Tarix – Diyarşünaslıq muzeyində saxlanılan daş insan heykəlidir. Bu daş heykəlin 2000 ildən çox yaşı olması barədə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət institutunun mütəxəsisləri muzeyə rəsmi rəy təqdim etmişlər.
Astara rayon Tarix – Diyarşünaslıq muzeyində 8 mindən çox eksponat vardır. Muzeydə daş, dəmir, tunc dövrlərinə aid eksponatlara rast gəlmək olar. Əsasən IX – XII əsrlərə aid mis sikkələr Şirvanşahlara, Abbasi xəlifələrinə aid digər sikkələr muzeyin bəzəyidir. Daş parçası üzərində Maral təsvirinin 2000 – 3500 il yaşı vardır. Astara memarlıq abidələri ilə zəngindir. Bunlardan Şahağac kəndindəki XII – əsrə aid türbə, Burzubənd kəndindəki Şeyx Məhəmməd Zalani türbəsi diqqəti cəlb edir.
Şindan qalası Bio kəndi yaxınlığındakı Qala – Kafu, Alaşa kəndinin qərbində yerləşən Divankə qalası, Təngərüd kəndindəki Yekdəst qalası, Hamuşam kəndində gəlin qayaları mədəni irsimizdən qalan yadigarlardandır. Şindan qalası və Qala – Kafu Astaranın dağlıq ərazisinin ən uca zirvəsində yerləşir. Şindan qalası daş və kərpicdən hörülmüşdür. Qalaya şimal tərəfdən ancaq bir yol vardır. Gözətçi və sərkərdənin müşahidəsi üçün düzəldilmiş xüsüsi yerlər maraq doğurur. Qalanın dəniz səviyyəsindən 2000 metrə yüksəklikdə olması onun yadelli işğalçılardan mühafizə məqsədi ilə tikildiyini söyləməyə əsas verir. Yerli xalqda olan inanca görə şindan qalası Babəkin qalalarından biridir. Ona görə də bu gün Astarada "Şindan" qalasının adı ilə bağlı mehmanxana, ticarət mərkəzi, rəqs qrupu, musiqi ansamblı, el aşığı qrupu və sair vardır. Azərbaycanın qədim guşələrindən biri kimi Astara əsrlər boyu müharibə meydanı olmuşdur. Heç də təsadüfi deyildir ki, 1638-ci ildə Astarada olmuş məşhur alman səyyahı Adam Oleari yazırdı: "Astaralılar həmişə silahı hazır saxlayırlar".
Rayonun Ərçivan kəndində 1499-cu ildə əsası qoyulmuş Məhəmməd Hənəfiyyə məscidi Şah İsmayıl Xətai tərəfindən ziyarət edilmişdir. Həmin kənddə XIX əsrə aid Kərbəlayi Həmid Abdulla hamamı, Pensər kəndində Məşədi Abutalıb hamamı, Hacı Teymur və Hacı Canbaxış məscidləri diqqəti cəlb edir.
Qəsəbələr - Ərçivan • Kijəbə
Kəndlər - Alaşa • Artupa • Anbuba • Asxanakəran • Avyarud • Azaru • Bala Şahağac • Bəlbay • Bili • Bio • Binabəy • Bursut • Burzubənd • Çayoba • Çüvaş • Çükəş • Deqadi • Dəstor • Diqo • Dolu • Dürriyə • Əkbərməhəllə • Giləparqo • Giləşə • Hamoşan • Həsin • Xıçaso • İstisu • Kakalos • Kamlakan • Klınbi • Kolatan • Qapıçıməhəllə • Qamışovka • Lomin • Marzəsə • Maşxan • Məsçitməhəllə • Miki • Motalayataq • Noyabud • Ojakəran • Ovala • Pensər • Pəlikəş • Rinə • Reqloba • Rıvadila • Rudəkənar • Seləkəran • Səlivə • Səkəşam • Səncərədi • Sərək • Sığaloni • Sıhəkəran • Sibiyyət • Sipiyəpart • Siyaku • Sım • Şuvaş • Siyətük • Suparibağ • Şağlazüzə • Sipiyaəlfətik • Siyakeş • Şıxəməhlə • Şıxımpeştə • Şahağac • Şəmətük • Şəvqo • Şiyəkəran • Şuvi • Şümrüd • Taxtanəkəran • Təngərüd • Toradi • Tüləküvan • Vaqadi • Vaqo • Vənəşikəş • Vəznəş • Vıləparqo • Viləşə • Vovada • Züngüləş