02/01/2018
UNEC-in rektoru prof. Ədalət Muradovun qış imtahan sessiyası barədə müraciəti
Əziz tələbələr,
Qarşıdan gələn növbəti qış imtahan sessiyasında qazandığınız biliklərin, əzmin və çalışqanlığın gücü ilə yüksək nəticələr əldə etməyin zamanıdır. Bu münasibətlə hər birinizə müvəffəqiyyətlər arzulayıram.
Şübhəsiz ki, hər biriniz əlinizdən gələnin ən yaxşısını etmək üçün yorulmadan hazırlaşırsınız. Bundan sonra isə uğurun məhz Sizin əlinizdə olmasında inanmaq və özünüzə güvənməkdir. Bilik və savadınızla göstərəcəyiniz üstünlük üzərinizdə əvəzsiz zəhməti olan əzizlərinizə və müəllimlərə ən gözəl hədiyyə olacaqdır. UNEC bu sessiyada da şəffaflıq və tələbə biliyinin obyektiv qiymətləndirilməsində prinsipial mövqeyini yenə də qoruyacaqdır. Təhsilin keyfiyyətinin davamlı yüksəlişi, qürurverici uğurların qazanılması “Təhsil millətin gələcəyidir” – deyən Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti və bu strategiyanı qoruyan Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə birbaşa bağlıdır.
Dəyərli valideynlər,
Övladlarınıza və əzizlərinizə dəstək olmaq, ictimaiyyətə açıq imtahan prosesini izləmək üçün istənilən zaman universitetimizə təşrif buyura bilərsiniz. Hər zaman olduğu kimi bu imtahan sessiyasında da universitetimizdə sizi görməkdən böyük fəxr hissi duyarıq.
Ənənəmizə sadiq qalaraq, bu imtahan sessiyası müddətində də tələbə, valideyn və ictimaiyyət nümayəndələrinin müraciətlərini dinləmək üçün hər həftənin şənbə günü saat 10:00-12:00-da universitetimizdə “Açıq qapı” təşkil ediləcəkdir.
KİV və qeyri-hökümət təşkilatlarının nünayəndələrini həm imtahan sessiyasını yaxından izləməyə, həm də “Açıq qapı” günlərində iştirak etməyə dəvət edirəm. Universitetdə keyfiyyətin davamlı təkmilləşdirilməsi üçün hər birinizin rəyi bizim üçün çox əhəmiyyətlidir.
Hər hansı sual və təklifə görə universitetin 146-1-3 Qaynar xətti, imtahan prosesi barədə mərkəzləşmiş Apellyasiya Komissiyası və hər tədris binasında fəaliyyət göstərən Qərargahlar yenə də xidmətinizdə olacaq. Müraciətlərinizi həm mənim, həm də “UNEC İmtahan” facebook səhifəsinə də ünvanlaya bilərsiniz.
Əziz tələbələr!
Bir daha hər birinizə uğurlar arzulayır, ən xoş arzularımı çatdırıram.