22/12/2025
Kimya və biologiya fakültəsinin tələbələri Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda olmuşlar.
2025-ci ildə ADPU-nun Kimya və biologiya fakültəsi ilə Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumunun fəaliyyət planına uyğun olaraq fakültə tələbələri Kimya və biologiya fakültəsinin dekan müavini, dosent Bəsti Əsədovanın rəhbərliyi ilə sözügedən institutda olmuşlar. Tələbələr institutun baş direktoru, akademik Vaqif Abbasovla görüşmüş, onunla səmimi söhbət aparmış, institutun yaranma tarixi, əsas elmi istiqamətləri və fəaliyyəti barədə ətraflı məlumat əldə etmişlər.
Institutun formalaşmasında və elmi ənənələrinin bünövrəsinin qoyulmasında görkəmli alim, akademik Yusif Məmmədəliyevin müstəsna rolu olmuşdur. O, bir vaxtlar bu elmi ocağa rəhbərlik etmiş, öz dərin elmi baxışı və təşkilatçılıq qabiliyyəti ilə institutun inkişaf istiqamətlərini müəyyənləşdirmiş, neft-kimya elminin Azərbaycanda güclü elmi məktəb kimi formalaşmasına önəmli töhfələr vermişdir. Bu gün institutda aparılan elmi-tədqiqat işləri məhz onun müəyyənləşdirdiyi elmi ənənələrin davamı kimi dəyərləndirilir.
Eyni zamanda tələbələr görkəmli alim, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibətilə hazırlanmış bədii filmi izləmişlər. Onlara Yusif Məmmədəliyevin neft-kimya elminin inkişafındakı müstəsna xidmətləri, Azərbaycan elminin formalaşmasına verdiyi töhfələr və zəngin elmi irsinin bu gün də uğurla davam etdirilməsi barədə qısa, lakin məzmunlu məlumat verilmişdir. Daha sonra tələbələr Yusif Məmmədəliyevin Muzeyini ziyarət etmiş, alimin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar. Muzey gəzintisi tələbələrdə görkəmli alimə və onun zəngin elmi irsinə qarşı xüsusi maraq və dərin ehtiram hissi oyatmışdır
Görüş çərçivəsində tələbələr institutun nəzdində fəaliyyət göstərən laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olmuş, əldə etdikləri nəzəri bilikləri praktiki mühitdə möhkəmləndirmək imkanı qazanmışlar.