19/10/2016
Yeni Daş dövründə daşdan istifadəni təkmilləşdirmiş insanlar e.ə. 4500-cü illərdən sonra çox böyük daşlardan istifadə edərək “meqalit” (yunanca “böyük daş” deməkdir) adı verilən böyük abidələr hazırlamağa başlamışdılar. Meqalitlər Avropada çox geniş yayılmışdı. E.ə. 2000-ci ildən sonra azalmağa başlamış meqalitlərin son istifadəsi e.ə. 1200-cü illərdə İrlandiyaya aiddir. Meqalit üçün lazım olan daşlar minlərlə saatlıq çalışmalar nəticəsində kəsilir, daşınır və inşa edilirdi. Meqalit abidələr ya tək daş halında, ya uzun bir cizgi və ya dairə əsasında, ya da məzar halında olurdu. Bəziləri içərisində 40 və daha çox insanın dəfn edildiyi məzarlar idi. İtaliyanın Bari şəhərində tapılmış daş məzar Avropada tarixöncəsi dövrdə çox yayğın idi. Qalın daş parçalarından hazırlanan bu abidələrin damları da daşdan idi və adətən kənd, yaxud ailə məzarlığı kimi istifadə edilirdi. Ən məşhur meqalit İngiltərənin cənub-qərbindəki Stounhencdir (Stonehenge). Oradakı daşların bəzisi abidənin 200 km uzaqlığından gətirilmişdir. Abidənin tikinti təyinatı barədə araşdırmaçılar arasında yekdil fikir yoxdur. Çevrədən kənarda tapılmış Topuq daşı yaz gecə-gündüz bərabərliyinə işarə etdiyi kimi, Stounhencdəki bu daşlar da məbədin təqvimi ola bilərdi.