20/02/2023
ŞAGİRDLƏRİMİZİN MƏNTİQ OLİMPİADASINDA UĞURLARI.
Beyin Olimpiada Mərkəzi tərəfindən təşkil edilən Məntiq Olimpiadasında məktəbimizin şagirdlərindən Qurbanov İbrahim 5-ci yeri tutaraq diplom və medalla, Mirzəyev Yusif 8-ci yeri tutaraq diplomla təltif olunmuşlar. Şagirdlərin uğurlarında əziyyəti olan 4 a sinif rəhbəri Nuriyyə Kərimovaya və 4 e sinif rəhbəri Sevic Fətullayevaya təşəkkürümüzü bildiririk.
20/02/2023
"TARİX YAZAN QƏHRƏMANLAR" FİLMİ NÜMAYİŞ OLUNDU.
10.02.2023-cü il tarixində məktəbin biologiya müəllimi Elza Cəfərovanın təşkilatçılığı ilə ssenari müəllifi Əkrəm Bəydəmirli olan "Tarix yazan qəhrəmanlar" filminin təqdimatı oldu. Tədbirdə məktəb rəhbərliyi, valideynlər, şagirdlər, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, Azərbaycan Təhsil İşçiləri Azad Həmkərlar İttifaqı Xəzər Rayon Komitəsinin sədri Həzərxan Əbilov, şəhid ailələləri və qazilər iştirak etdilər. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra Vətən yolunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əbülfət Bağırov iştirakçıları salamladıqdan sonra Vətən müharibəsi zamanı Azərbaycanın şanlı qələbəsindən danışdı. Daha sonra filmin ssenari müəllifi Əkrəm Bəydəmirli çıxışında bildirdi ki, sənədli film Vətən müharibəsi şəhidləri Samir Şükürova, Samir Mehdiyevə və Həsənağa Şirvaniyə həsr olunmuşdur. Çıxış edən digər tədbir iştirakçıları Həzərxan Əbilov, məktəbin riyaziyyat müəllimi, Şəhid Həsənağa Şirvaninin sinif rəhbəri olmuş Musa Alıyev və şəhidlərin ailə üzvləri tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər. Filmin nümayişi oldu və şagirdlərin söylədikləri şeirlər dinlənildi. Tədbirin sonunda xatirə şəkli çəkdirildi.
20/02/2023
“REPRODUKTİV SAĞLAMLIĞIN TƏDRİSİ” HAQQINDA GÖRÜŞ KEÇİRİLİB.
13 fevral 2023-cü il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılova və tibb bacısı Vəfa Heydərova “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində VII sinif şagirdləri ilə görüş keçiriblər. Görüşün məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, zərərli vərdişlərin reproduktiv sağlamlığa mənfi təsiri, habelə yeniyetmələrin gələcəkdə sağlam ailə qurmaları üçün maarifləndirmə işləri aparmaqdır. Görüşdə şagirdlərə reproduktiv sağlamlıq, sanitar-gigiyenik qaydaları, eləcə də zərərli vərdişlərin fəsadları barədə ətraflı məlumat verilib. Görüş zamanı yüz şagird iştirak etdi.
20/02/2023
MİLLİ TELEVİZİYANIN YARANMASI GÜNÜ QEYD OLUNDU.
"Diqqət-diqqət, göstərir Bakı” - 1956-cı il fevralın 14-də Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib. Məktəb üzrə Kiçik Akademiyanın Prezidenti Elza Cəfərovanın təşkilatçılığı ilə Azərbaycan Televiziyasının yarandığı gün münasibəti ilə sinifdaxili tədbir keçirilib. Tədbir başlamamışdan öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir zamanı şagirdlər hazırladıqları təqdimatları nümayiş etdiriblər. Qrup işi zamanı Şövkət Ələkbərovanın mahnısı səsləndirilib. Şagirdlər səhnəcik ilə çıxış ediblər. Qruplar fəaliyyət göstərən televiziya kanalları və radiolarına aid şeirlər səsləndiriblər. Bununla da kanalların həmrəyliyi nümayiş olunub. Həmçinin Vətən müharibəsində şəhid olan jurnalistlərin əziz xatirəsi yad edilib.
20/02/2023
ŞAGİRDİMİZİN UĞURU - "SABAHIN ALİMLƏRİ" XII RESPUBLİKA MÜSABİQƏSİ.
IX-XI sinif şagirdləri arasında keçirilən "Sabahın alimləri" XII Respublika Müsabiqəsində Kompüter Elmləri nominasiyası üzrə məktəbimizin 10-cu sinif şagirdi Emin Həziyev iştirak etmiş və III yerə layiq görülmüşdür. Bu uğuru münasibətilə şagirdimizi təbrik edir, ona gələcək müsabiqələrdə uğurlar arzulayırıq.
20/02/2023
"ŞAGİRD DAVRANIŞ QAYDALARI" İLƏ ƏLAQƏDAR GÖRÜŞLƏR KEÇİRİLDİ.
15 fevral 2023-cü il tarixində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Qasımlı təhsil müəssisələrində təhsilalanların davranış qaydaları və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi məqsədilə məktəbin V ç, k, q və VI d, ğ sinif şagirdləri ilə “Məktəbdə əxlaq və davranış qaydaları”, “Sinifdə özümüzü necə aparmalıyıq?”, “Həmişə ədəbli olaq”, “Təmizkar şagirdlərin təmiz məktəbi olur”, “Məsuliyyətimizi bilirikmi?”, “Xarakterimizi necə gözəlləşdirək?”, və ümumi qaydalar haqqında görüşlər keçirmişdir. “Şagird davranış qaydaları” ilə əlaqədar olaraq ümumilikdə 176 şagird iştirak etdi.
16/06/2022
2 noyabr 2021-ci il tarixində məktəbimizdə Zəfər Günü ilə əlaqədar VI siniflər arasında Riyaziyyat fənni üzrə bilik yarışı keçirilmişdir. Vl siniflər arasında VI e sinfi I yer, VI d sinfi II yer, VI a sinfi isə III yer qazanmışdır. Bütün şagirdlərimizi təbrik edirik.
16/06/2022
1 noyabr 2021-ci il tarixində məktəbimizdə Zəfər Günü ilə əlaqədar V siniflər arasında Azərbaycan dili fənnindən bilik yarışı keçirilmişdir. V siniflər üzrə V d sinfi I yer, V a sinfi II yer, V b sinfi isə III yer qazanmışdır. Bütün şagirdlərimizi təbrik edirik.
16/06/2022
1 noyabr 2021-ci il tarixində məktəbin ibtidai sinif müəllimi İlham Yəhyayev və rəhbərlik etdiyi II a sinif şagirdləri Bakı Zooloji Parkına ekskursiya təşkil edildi. Gəzinti şagirdlərdə böyük maraq oyatdı. Canlılarla yaxın təmasda olmaq, parkın möhtəşəm görünüşündən zövq almaq onlara yaddaqalan anlar yaşatdı.
16/06/2022
21.11.2021-ci il tarixində məktəbin UBR-i Tural Cəmilov və psixoloq Gülnarə Cəbrayılova VI b sinfində bulinq haqqında təlim keçirmişdir. Təlimin keçirilməsində əsas məqsəd məktəb şagirdlərini bulinq davranışları ilə tanış etmək və onun qarşısını almaqda şagirdlərə dəstək olmaqdan ibarət olmuşdur.Təlim zamanı məktəbdə şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumat verilmişdir.
16/06/2022
03.11.2021-ci il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılova “44 günlük Vətən müharibəsinin sevinci və kədəri” başlığı altında VIII sinif şagirdləri ilə söhbət aparmışdır. Söhbətdə şagirdlər müharibənin bizə yaşatdığı sevinc və kədər barədə öz təəssüratlarını bölüşmüşdürlər. Məktəbin şəhid məzunları və qaziləri barədə şagirdlərə ətraflı məlumat verilmişdir.
16/06/2022
03.11.2021-ci il tarixində “QARABAĞ AZƏRBAYCANDIR!” adlı rəsm müsabiqəsi iştirakçılarının əl işlərindən ibarət sərgi təşkil olunmuşdur. Sərgi 44 günlük Vətən müharibəsində qazandığımız haqlı qələbəmizi, Azərbaycanın suverenliyi uğrunda döyüşmüş və canlarından keçmiş vətən oğullarının qəhrəmanlıqlarını tərənnüm etmək məqsədilə təşkil olunmuşdur. “Zəfər sənindir Azərbaycan əsgəri” devizi altında nümayiş etdirilən sərgidə vətənpərvərlik mövzusunda çoxlu sayda rəsm əsəri sərgilənmişdir.