03/11/2023
Karandaş sındığı zaman kimisi onu atıb yenisini alar, kimisi də sındığı yerdən qədləyib yenidən istifadə edər. Həyat da karandaşa bənzəyir. Ya sınan zaman onu kənara atıb məyus olarsan, ya da qədləyib yenidən yoluna davam edərsən.
Heç bir uğursuzluq səni qorxutmasın. Bugün alınmadısa, sabah yenidən cəhd et, sabah alınmasa, sabahlar tükənməzdir. Sən yetər ki hər sonun bir başlanğıc, hər məğlubiyyətin bir zəfər olduğuna inan.
Çöküş və zirvə eyni yerdir əslində. Dibə vurmazsan zirvəyə qalxa bilməzsən. Top misalı. Çökərkən yaşadıqların, kəşf etdiklərin səni zirvəyə aparar. Hər zəfərin altında neçə məğlubiyyətin imzası vardır.
Uğursuzluqlarına, üzüntülərinə, səni yoran neqativlərə ilişib qalma. Yalnız irəli, sabaha baxasan deyə Tanrı gözlərini öndə yaradıb. Olanlar olmalıydı. Yaşandı və bitdi. Üzüntülərindən dərs çıxar. Heç nəyə təəssüflənmə. Hər ağrı, hər kədər bugünki səni yaratdı. Səni yoran hər şeyə təşəkkür et və azad et. Ətəyindəki daşları tək tək boşalt və yenidən pozitivə köklən. Unutma, nə qədər ki həyat var, bir o qədər ümid var.
Uğur elə gizli aşikardır ki səsindən qulaq tutulur. Burax, uğurların hayqırsın, uğursuzluqların səni ayaqüstə alqışlayın. Arxana yaslanıb bir yorğunluq qəhvəsi içərkən "bunu da bacardım" deyəcəyin günlər bir addımındadır. Yetər ki, o addımı at!