23/02/2026
17.02.2026-cı il tarixində İbtidai Təhsil fakültəsinin dekanı, professor Qızxanım Qəhrəmanovanın sədrliyi ilə fakültənin Elmi Şurasının növbəti iclası keçirilmişdir.
İclasda gündəlikdə duran məsələlərə uyğun olaraq 2025/2026-cı tədris ilinin qış imtahan sessiyasının nəticələri geniş şəkildə təhlil edilmişdir. Sessiya dövründə tələbələrin akademik göstəriciləri, fənlər üzrə müvəffəqiyyət səviyyəsi, kəsr göstəriciləri, davamiyyət vəziyyəti və imtahanların təşkili prosesi ətraflı müzakirə olunmuşdur. Eyni zamanda, qiymətləndirmə prosesində şəffaflığın təmin olunması, obyektivliyin qorunması və tədris keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər diqqətə çatdırılmışdır.
Professor Qızxanım Qəhrəmanova çıxışında əldə olunan nəticələrin fakültənin ümumi inkişaf dinamikasını əks etdirdiyini vurğulamış, qarşıda duran əsas hədəflər və prioritet istiqamətlər barədə məlumat vermişdir. Xüsusilə yaz semestrində tədris prosesinin daha səmərəli təşkili, innovativ təlim texnologiyalarının tətbiqinin genişləndirilməsi, tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, pedaqoji təcrübənin keyfiyyətinin artırılması və akademik intizamın gücləndirilməsi məsələləri ön plana çəkilmişdir.
Bununla yanaşı, fakültədə metodiki işin təkmilləşdirilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, elmi seminar və konfransların təşkili, həmçinin təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılması ilə bağlı təkliflər səsləndirilmişdir.
Müzakirələr zamanı Elmi Şura üzvləri İbtidai Təhsilin Pedaqogikası kafedrasının müdiri Fərrux Rüstəmov, Riyaziyyatın Ibtidai Kursunun Tədrisi Texnologiyası Kafedrasının müdiri Əbülfət Pələngov, dekan müavini p.ü.f.d Aynur Hüseynova, Riyaziyyatın Ibtidai Kursunun Tədrisi Texnologiyası Kafedrasının müəllimi Mübariz Məmmədov çıxış etmiş və çıxışçılar tərəfindən irəli sürülən təklif və tövsiyələr dinlənilmiş, qeyd olunan məsələlərlə bağlı müvafiq qərarların icrası istiqamətində konkret tapşırıqlar verilmişdir.
Həmçinin, fakültənin yeni Tht və Tgt sədrləri təqdim olunmuşdur.