16/05/2026
08.05.2026-cı il tarixində təşkil olunan elmi seminarda kafedranın dosenti Jalə Hüseynova "Xalid Əlimirzəyev ədəbiyyatşünas alim kimi" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, Xalid Əlimirzəyevin elmi fəaliyyəti əsasən Azərbaycan ədəbiyyatının tarixi inkişaf mərhələlərinin araşdırılması, ədəbi prosesin qanunauyğunluqlarının müəyyənləşdirilməsi və klassik irsin elmi-nəzəri təhlili istiqamətində formalaşmışdır. Alim tədqiqatlarında ədəbiyyatın ictimai-mədəni mühitlə əlaqəsini sistemli şəkildə izləyərək bədii fikrin ideya-estetik istiqamətlərini elmi əsaslarla qiymətləndirmişdir.
Xalid Əlimirzəyev xüsusilə klassik Azərbaycan ədəbiyyatının sənətkarlıq məsələlərinə, poetik dilin və obrazlar sisteminin araşdırılmasına diqqət yetirmiş, ədəbi irsin müasir elmi baxışla yenidən şərhini verməyə çalışmışdır. Onun elmi yanaşmasında tarixi müqayisəli metod, mətnşünaslıq təhlili və ədəbi-estetik qiymətləndirmə əsas yer tutur. Alim müxtəlif dövrlərə aid ədəbi nümunələri araşdırarkən yalnız faktoloji yanaşma ilə kifayətlənməmiş, eyni zamanda həmin nümunələrin ideoloji və bədii dəyərini də müəyyənləşdirmişdir.
X.Əlimirzəyevin tədqiqatlarında milli ədəbi düşüncənin formalaşması, klassik ənənə ilə yeni ədəbi mərhələlərin əlaqəsi, eləcə də Azərbaycan ədəbiyyatının ümumtürk və ümumdünya ədəbi kontekstində yeri kimi məsələlər ön plana çıxır. Onun elmi fəaliyyəti həm nəzəri ədəbiyyatşünaslıq, həm də ədəbi tarixin aktual problemlərinə həsr olunmuş araşdırmalarla seçilir. Bu baxımdan, Xalid Əlimirzəyev elmi irsi Azərbaycan ədəbiyyatşünaslığında mühüm mənbə və metodoloji istiqamət kimi dəyərləndirilə bilər.
Elmi seminarda kafedranın, "Dədə Qorqud" və "Mühacirət ədəbiyyatı və bədii tərcümə" ETL-in əməkdaşları iştirak ediblər.
Məruzədən sonra mövzu ətrafında müzakirə aparılıb və Jalə Hüseynova iştirakçıların suallarını cavablandırıb.
Jalə xanıma maraqlı məruzəyə görə təşəkkür edir və elmi fəaliyyətində uğurlar arzu edirik.