14/06/2026
Ulu Öndərin ən böyük arzusu və ata vəsiyyətinin icrası: Azad edilmiş Qarabağda dalğalanan Üçrəngli Bayrağımız
Azərbaycanın müasir tarixinə nəzər saldıqda, xalqımızın qəlbində daim bir ağrı və eyni zamanda sarsılmaz bir inamın yaşadığını görürük: Qarabağın işğaldan azad edilməsi arzusu. Bu, sadəcə bir torpaq uğrunda mübarizə deyil, Azərbaycanın bütövlüyü, milli ləyaqəti və tarixi ədalətin bərpası idi.
Ulu Öndər Heydər Əliyev bütün şüurlu həyatını Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünün qorunmasına həsr etmişdi. Onun dövlət rəhbərliyi dövründə ən böyük arzusu və vəsiyyəti məhz Qarabağın, o cümlədən mədəniyyət beşiyimiz olan Şuşanın azadlığını görmək idi.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra, ilk növbədə, xaosun qarşısını aldı, dövlətçiliyi xilas etdi və nizami ordu quruculuğuna başladı. O, yaxşı bilirdi ki, Qarabağın azadlığı üçün güclü iqtisadiyyat, beynəlxalq arenada etibarlı tərəfdaşlıq və ən əsası, qüdrətli bir ordu lazımdır. Heydər Əliyev məcburi köçkünlərlə hər görüşündə onlara təsəlli verərək deyirdi: "Gedəcəyik, inanın ki, gedəcəyik Şuşaya!". Bu sözlər sadəcə təsəlli deyildi, bu, bir millətin qələbəyə olan inamının, strateji hədəfinin və tarixi vəzifəsinin proqramı idi. Ulu Öndər öz çıxışlarında Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu dünyaya bəyan edir və diplomatik müstəvidə torpaqlarımızın azadlığı üçün zəmin hazırlayırdı.
Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun layiqli davamçısı, Prezident İlham Əliyev atası tərəfindən müəyyən edilmiş bu ali missiyanı şərəflə yerinə yetirdi. 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi, iqtisadi və siyasi gücünün nümayişi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 illik işğala son qoydu. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi tariximizin ən parlaq səhifəsi kimi qızıl hərflərlə yazıldı.Prezident İlham Əliyevin Şuşada, azad edilmiş torpaqlarımızda verdiyi müjdə – "Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!" sözləri bütün Azərbaycan xalqının qəlbini fərəhlə doldurdu. Bu Zəfər, Ulu Öndərin illərlə formalaşdırdığı dövlətçilik konsepsiyasının və xalq-iqtidar birliyinin ən böyük təntənəsi idi.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Azad olunmuş torpaqlarımızda aparılan nəhəng infrastruktur layihələri, "Böyük Qayıdış" proqramı çərçivəsində inşa edilən müasir qəsəbələr, beynəlxalq hava limanları Azərbaycanın gücünü dünyaya göstərir. Şuşada, Xankəndidə Novruz tonqalının qalanması, mədəniyyət tədbirlərinin keçirilməsi Qarabağın artıq tamamilə öz doğma sahibinə qayıtdığının göstəricisidir. Üçrəngli bayrağımız bu gün təkcə qələbənin rəmzi deyil, həm də azad edilmiş torpaqlarımızın abadlaşmasının, orada həyatın yenidən canlanmasının və dövlətimizin suverenliyinin təntənəsidir.
Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu olan Qarabağın azadlığı, bu gün onun siyasi varisi İlham Əliyev tərəfindən reallaşdırılaraq Azərbaycan tarixinin ən şanlı dövrünə çevrilmişdir. Azad edilmiş Qarabağda dalğalanan üçrəngli bayrağımız, xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və Ulu Öndərin bizə miras qoyduğu müstəqil, güclü Azərbaycanın rəmzidir. Biz bu Zəfərlə həm də öz ləyaqətimizi bərpa etdik və sübut etdik ki, nə qədər çətin olsa da, tarixi vəsiyyətlər icra olunur, arzular isə gerçəyə çevrilir. Qarabağ Azərbaycandır!
Yasin Quliyev
Suraxanı rayonu 316 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru