06/08/2013
Beynəlxalq səviyyədə bakalavr və magistr hazırlığının həyata keçirilməsində universitet yüksək elmi-pedaqoji potensiala əsaslanır. Belə ki, universitetdə 3 akademik, 16 professor, 1 elmlər doktoru - dosent, 1 elmlər namizədi - dosent, 17 dosent, 44 elmlər namizədi - baş müəllim və 65 müəllim işləyir. O cümlədən respublikanın bir sıra görkəmli şəxsləri, alimləri məsləhətçi və diplom rəhbəri kimi universitetlə yaxından əməkdaşlıq edirlər. Qərb Universitetində müxtəlif proqramlar üzrə 25-dən çox xarici müəllim çalışır. Tədrisin yüksək səviyyədə aparılmasında Universitetin zəngin maddi-texniki bazası əsas rol oynayır. Müasir səviyyədə təchiz edilmiş auditoriyalar, kompüter otaqları, audio-video texnika, on minlərlə Azərbaycan, rus, ingilis, alman, fransız və ispan dillərində zəngin ədəbiyyata malik kitabxana fondu tələbələrin ixtiyarına verilmişdir. Qərb Universitetində ən müasir kompüterlərlə təchiz olunmuş və INTERNET sisteminə qoşulmuş mərkəz fəaliyyət göstərir. Universitetə qəbul olunan hər bir tələbə burada öz elektron ünvanını açmaq imkanı əldə edir.
Universitetdə xüsusi poliqrafiya-nəşriyyat şö`bəsində çap olunan "Təkamül" jurnalı görkəmli elm xadimlərinə və gənc alimlərə öz elmi yaradıcılıqlarını əks etdirməyə imkan verir. Qərb Universitetinin müəllim və tələbələri ABŞ, Böyük Britaniya, Hollandiya, Türkiyə və Almaniya universitetlərinə getmək, ixtisaslarını artırmaq, təhsillərini bu ölkələrin universitetlərində davam etdirmək imkanlarına malikdirlər. Universitetin bütün tələbələri bir və ya iki xarici dilə mükəmməl yiyələnirlər. İngilis dilinə mükəmməl dərəcədə yiyələnmiş tələbələr beynəlxalq konfrans və sərgilərdə tərcüməçi-bələdçi kimi iştirak edirlər. Universiteti bitirən yüzlərlə mə`zunlarımız respublikamızın dövlət və qeyri-dövlət orqanlarında, müxtəlif kütləvi informasiya vasitələrində, xarici ölkələrin Azərbaycanda olan nümayəndəliklərində, beynəlxalq şirkətlərdə və xarici ölkələrdə çalışırlar.
Qərb Universitetinin tələbələri asudə vaxtlarını səmərəli və maraqlı keçirirlər. Burada fəaliyyət göstərən tələbələrdən ibarət xor kollektivi peşəkarlar arasında da özünə ad qazanmışdır. İdmanın müxtəlif növləri üzrə (basketbol, futbol, karate və s.) keçirilən yarışlarda universitet tələbələri bacarıqla çıxış edirlər. Onlar, həmçinin universitetin tələbə qəzetinin nəşrində, şən və hazırcavablar klubunda, tələbə teatrında, breyn – rinq oyunlarında da həvəslə iştirak edirlər.