15/05/2026
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən kiçik qrant müsabiqəsinin qalibi olan Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi tərəfindən həyata keçirilən “Evimiz – Dəyərlərimiz” layihəsinin ilk tədbiri 15 aprel 2026-cı il tarixində 206 nömrəli tam orta ümumtəhsil məktəbində uğurla təşkil olunmuşdur.
Tədbirin əsas məqsədi şagirdlərə və iştirakçılara milli-mənəvi dəyərlərimizin, ailə institutunun, vətənpərvərlik ruhunun və cəmiyyətimizin təməl prinsiplərinin əhəmiyyətini aşılamaq, bu dəyərlərin qorunaraq gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırmaq olmuşdur.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Cavid Cəfərzadə açıq elan etmişdir. O, çıxışında ailənin cəmiyyətin əsas sütunu olduğunu, milli-mənəvi dəyərlərin formalaşmasında ailə mühitinin müstəsna rol oynadığını vurğulamışdır. Direktor qeyd etmişdir ki, gənc nəslin sağlam düşüncəli, vətəninə və xalqına bağlı şəxsiyyət kimi yetişməsində ailə tərbiyəsi və milli dəyərlərə sədaqət mühüm əhəmiyyət kəsb edir.
Daha sonra Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Cəfərov çıxış edərək “Evimiz – Dəyərlərimiz” layihəsinin məqsəd və vəzifələri barədə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, layihə çərçivəsində müxtəlif təhsil müəssisələrində görüşlərin, maarifləndirici söhbətlərin və müzakirələrin təşkili nəzərdə tutulur. Layihənin əsas ideyası ailə dəyərlərinin, milli adət-ənənələrimizin, mənəvi irsimizin və ictimai həmrəyliyin təbliği və təşviqidir.
Çıxışlarda vurğulanmışdır ki, qloballaşan dünyada milli kimliyin, ailə bağlarının və mənəvi dəyərlərin qorunması hər bir vətəndaşın mühüm vəzifəsidir. Bu baxımdan belə layihələrin keçirilməsi gənclərin maarifləndirilməsi, onların milli ruhda formalaşdırılması və sağlam sosial dəyərlərə bağlı yetişməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, layihənin mövzusu ətrafında faydalı fikir mübadiləsi aparılmışdır. Şagirdlər ailə, milli-mənəvi dəyərlər və cəmiyyət qarşısında məsuliyyət mövzularında onları maraqlandıran suallar vermiş, ətraflı cavablar almışlar.