14/06/2026
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecdə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Tədbirin davamında tələbələr tərəfindən Milli Qurtuluş Gününə həsr olunmuş şeirlər səsləndirilmiş, bu əlamətdar günün tarixi əhəmiyyəti barədə geniş məlumat verilmişdir.
Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, eləcə də Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü mühüm işləri əks etdirən videoçarx nümayiş olunmuşdur.
Daha sonra kollecin istehsalat təcrübə rəhbəri Natiq Musayev çıxış edərək 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, 1993-cü ilin iyun hadisələri zamanı ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə aradan qaldırılmış, dövlət müstəqilliyi qorunmuş və sabitliyin təmin olunmasına nail olunmuşdur. Vurğulanmışdır ki, Milli Qurtuluş Günü Azərbaycanın inkişaf və tərəqqi yolunun başlanğıcı kimi tariximizdə xüsusi əhəmiyyət kəsb etmişdir.
Tədbirin sonunda kollecin direktoru, professor Mübariz Hacıbəyov çıxış edərək Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və müasir müstəqil dövlətin formalaşmasında müstəsna rol oynadığını vurğulamış və qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs ölkəmizin hərtərəfli inkişafına, beynəlxalq nüfuzunun artmasına və milli maraqların qorunmasına möhkəm zəmin yaratmışdır. O, bu siyasi xəttin bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. Mübariz Hacıbəyov həmçinin gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və yüksək biliklərə malik vətəndaşlar kimi yetişdirilməsinin vacibliyini qeyd etmiş, bu istiqamətdə təhsil müəssisələrinin üzərinə düşən məsuliyyətdən bəhs etmişdir.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilmişdir.