Azərbaycan Dövlət Pedaqoji Universitetində 1922-ci ilin sentyabrında tarix-ictimaiyyət şöbəsi yaradıldı. Şöbənin nəzdində "Tarix və etnoqrafiya" muzeyi təşkil edildi. 1926-1927-ci dərs ilində institutu bitirən tələbələrin 16 nəfəri tarix-ictimaiyyət şöbəsinin məzunları idi. Tarixi
Respublikada elmi-pedaqoji kadrların hazırlanmasında yaranmış maliyyə çətinliklərilə əlaqədar 1926-1927-ci illərdə APİ
pedaqoji fakültə şəklində ADU ilə birləşdirildi. 1930-cu ildə Pedaqoji İnstitut müstəqil ali məktəb kimi yenidən fəaliyyətə başlayanda tarix-ədəbiyyat şöbəsi də yenidən təşkil edildi. Həmin vaxtlar fakültədə işləyən gənc tarixçilər Həsi Abdullayev, Məhəmməd Bayramov, Həmzə Qasımzadə sonrakı illərdə tarix elminin inkişafında və tarixçi kadrların hazırlanmasında böyük xidmət göstərdilər.
1930/31-ci dərs ilində yeni təşkil edilmiş tarix-filologiya fakültəsinin Azərbaycan bölməsini tarix ixtisası üzrə 71 nəfər bitirmişdi. Onların arasında gələcəyin görkəmli tarixçi və filosof alimlərdən akad. Mehdixan Vəkilov, prof. Muxtar Qasımov, prof. Novruz Hüseynov, dosentlərdən - Həmid Əfəndiyev, Səlimə Əfəndiyeva, Mürsəl Hacıyev və başqaları vardı.
1931-ci ildə tarix profilli 5 kafedra – SSRİ tarixi (müdiri prof. B.N.Tixomirov), Yaxın Şərq tarixi (müdir prof. Əziz Ubaydullin), Azərbaycan tarixi (müdiri prof. V.M.Xuluflu), ÜİK(b)P tarixi (müdiri dos. M.Məmmədov), Qərb tarixi (müdiri prof. P.P.Fridolin) təşkil edilmişdi. 1930-37-ci illərdə fakültəyə professor B.N.Tixomirov rəhbərlik etmişdir. Həmin illərdə gənc tarixiçi kadrlar Mehdi Yerevanlı, Süleyman Rəhimov, Həsən Abdullayev, Ə.Salamzadə, Şamil Əliyev, Sədi İmanov, Rüstəm Səfərəliyev İnstitutda yenicə təşkil olunan aspiranturaya qəbul edildilər.
1930-37-ci illərdə institutda direktor olmuş Pənah Qasımov, Məmməd Bayramov, Bərşad Bünyadov ixtisasca tarixçi idilər. Bunlar sonralar 1937-38-ci illərin kütləvi repressiyalarının qurbanı oldular. 30-40-cı illərdə tarix fakültəsində tələbə və müəllim heyətinin tərkibində azərbaycanlı gənclərin sayı artdı. İsmayıl Hüseynov, Zülfəli İbrahimov, Əlisöhbət Sumbatzadə, Cəfər İbrahimov, Həsi Abdullayev müəllim kimi fəaliyyətə başladılar. Müharibə ərəfəsində fakültədə dekan vəzifəsində S.Ş.Əfəndiyeva çalışmışdır.
1946-cı ildə ümumi tarix kafedrasının müdiri dos. Ə.S.Sumbatzadə, 1947-ci ildə Azərbaycan tarixi kafedrasının müdiri İsmayıl Hüseynov, 1948-ci ildə Zülfəli İbrahimov Moskva Dövlət Universitetinin Elmi Şurasında doktorluq dissertasiyası müdafiə etdilər.
50-ci illərdə tarix fakültəsini 373 azərbaycanlı, 32 nəfər rus, 87 nəfər müxtəlif xalqlardan olan tələbə bitirmişdi.
1957-ci ildə 5 illik təhsil sisteminə keçməklə əlaqədar olaraq tarix və filologiya fakültələri birləşdirildi. Birləşmiş fakültənin dekanı dos. Azər Hüseynov olmuşdur. Az sonra fakültəyə rəhbərlik dos. Ş.Sadıqova tapşırıldı. Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin 1968-ci il 4 dekabr tarixli əmri ilə tarix-filologiya fakültəsi tarix və filologiya fakültəsinə ayrıldı. Bundan sonra tarix fakültəsinə dos. H.Qasımzadə, prof .Ə.Ş.Şahmirov (1974-1980), prof. Y.B.Yusifov (1981), prof.D.N.Qüdrətov (1981-1995), dos. R.İ.Əliyev (1995-2006) rəhbərlik etmişlər. Fakültənin kafedraları
Hazırda fakültəyə üç ixtisas kafedrası:
Azərbaycan tarixi (müdiri, prof.S.A.Məmmədov);
Türk və Şərqi Avropa xalqları tarixi (müdiri prof. O.B.Sultanov);
Ümumi tarix (müdiri prof. V.H.Əliyev);
üç ümumuniversitet kafedrası:
ümumi pedaqogika (müdiri prof. H.M.Əhmədov);
(fəlsəfə) (müdiri prof. H.Baliyev);
iqtisadi və sosial fənlər (müdiri dos. Ə.Q.Allahverdiyev) fəaliyyət göstərir.