TƏLƏBƏ HƏMKARLAR İTTİFAQI KOMİTƏSİ
Tələbələr həmişə gənclərin ən aktiv hissəsi olaraq tanınıblar. Təbii ki, bu enerjini tənzimləyən, onu doğru istiqamətə aparan və ona kömək edən strukturlara böyük ehtiyac duyulmaqdadır. Tələbə həmkarlar komitələri yuxarı təşkilatların dəstəyi ilə tələbələrin təhsilalma şəraitlərinin yaxşılaşdırılması, çətin həyat durumlarına maddi dəstək verilməsi, işlə təmin ol
unmasına yardım göstərirlər. Sovet dönəmində ali təhsil məktəblərində tələbələrin problemləri ilə bir neçə təşkilat məşğul olurdu: partiya, komsomol və həmkarlar təşkilatları. Yeni formalaşmış müasir sistemdə isə həmkarlar təşkilatlarının rolu daha da artmışdır. Azərbaycanda Politexnik İnistutu müstəqil ali məktəb kimi fəaliyyətə başladığı ildən 1974-cü ilin sonunadək tələbə həmkarlar təşkilatı inistitutun Birləşmiş Həmkarlar İttifaqının tərkibində idi. 1975-ci ildən etibarən bu təşkilat müstəqil tələbə həmkarlar ittifaqı kimi fəaliyyət göstərməyə başlamışdı.
9 mindən artıq bakalavr, magistr və aspirant kollektivini özündə birləşdirən, dövlət qeydiyyatından keçmiş yeganə ictimai tələbə təşkilatı olan THİK universitetin idarə olunmasında da yaxından iştirak edir. Belə ki, təşkilatın fakültə nümayəndəsi Fakültə Elmi Şurasının, Komitənin sədri isə Universitetin Böyük Elmi Şurasının tamhüquqlu üzvüdür. Azərbaycan Texniki Universitetində tələbələrlə bağlı qəbul olunan bütün qərarlarda bu qurumun rəyi nəzərə alınır. Komitə rektorluqla birlikdə universitet daxilində bütün rəsmi dövlət tədbirlərinin, milli bayramların keçirilməsində fəal iştirak edir. Universitetimizdə hər il tələbələrin iştirakı ilə “20 Yanvar”, “Xocalı soyqırımı” və digər tarixi hadisələrlə bağlı tədbirlər, yığıncaqlar keçirilir. Komitə tərəfindən ayrılmış bütün vəsaitlər “Yeni il” , “Novruz bayramı” , “Ramazan bayramı” və digər tədbir və şənliklərə, eləcə də teatr, konsert proqlamlarının təşkilinə xərclənir. Hər ilin iyun ayının sonunda universitetin rektorluğu ilə birlikdə “Məzun” və 15 sentyabrda “Bilik günü” tədbirləri keçirilir. Tədbirə universitetin məzunları ilə bərabər, qonaqlar, tanınmış ziyalılar və elm xadimləri də dəvət olunur. Qabaqcıl mədəniyyət və incəsənət xadimləri ilə mütəmadi olaraq görüşlər keçirilir. Komitə daxilində “Tələbələrin vətənpərvərlik klubu” yaradılmışdır. Komitə universitetdə və respublika səviyyəsində keçirilən bütün tədbirlərdə əlaçı, ictimai işlərdə fəal olan tələbələrin iştirakını təmin edir, “Bədən tərbiyəsi və idman” kafedrası ilə birlikdə müxtəlif kütləvi-idman tədbirləri təşkil edir, idmanın bir neçə növü üzrə ali məktəblər arasında respublika səviyyəli spartakiadalar keçirir.