13/12/2021
Bu gün ayın 13-üdür, de, gülüm: "nanay, ay naninay"...
Yuxarıdakı cümlənin azərbaycan dilinin qrammatik qaydalarına uyğun yazılıb-yazılmadığı barədə mənim heç bir fikrim yoxdur. Orta məktəbdə 10 il rus dilində təhsil almışam, buna görə indiyənə kimi azərbaycan dilində yazanda müxtəlif səhvlər buraxmağım çox normaldır. Əmma... İllərin təcrübəsi də, Azərbaycanın azərbaycandilli əhalisinin 80%-nın məndən də bisavad yazdığını göstərir.. Hərçənd, onlar orta məktəbdə 11 il azərbaycan dilində təhsil almışdır.
İndilərdə 2019-cu ildə orta məktəblərin 12 illik sistemə keçidi ilə əlaqədar alınan sərəncam yenidən gündəmə gəldi. Avropa təhsilinə uyğunlaşmaq üçünmüş.. Mış-miş-muş-müş..
Məktəbin 12 il davam etməsi təhsilimizin bütün dərdlərini həll edəcəkmi? İnanmıram. Nəzərə alsaq ki, hal hazırki təhsil müddətinin son 1-2 ilində şagird valideynləri övladların universitetə hazırlaşa bilməsi üçün məktəbə getməmələri üçün fəqrli yollara baş vuraraq müxtəlif həllərini tapır və nəticədə son sinif şagirdlərinin bir hissəsi məktəbə getmir ki, repetitorun yanında, kursda, lazım olan dərslərdən hazırlaşaraq, qəbul imtahanında daha yaxşı ball toplaya bilsin. Toplayır da. 2020-nin karantin təcrübəsi onu açıq şəkildə göstərdi ki, məktəbə getməkdən azad yarım il qəbul balların əhəmiyyətli dərəcədə artmasına səbəb olub: məktəbə getmə məcburiyyəti olmayan abituriyentlər evində oturub imtahana rahat hazırlaşa biliblər.
Tədrisimizin 12 illik olması nə deməkdir, bilirsinizmi? Bütün fənn proqramları, bütün kurrikulumlar, bütün dərsliklər v.s. yenidən yazılmalı. 4-cü 5-ci nəşrində hələ də içərisindəki səhvlərdən canını qurtara bilməyən dərsliklər. Bu illər aparacaq və yenə də olduqça müzakirəli nəticələrə çıxaracaq bir prosesdir. Və bütün bu məsələnin ən canalıcı nöqtəsinin nə olduğu bilirsinizmi? Tədrisin zamana uyğunsuzluğu! "Bizim vaxtımızda bunu bizə öyrədirdilər, buna görə bizim övladlarımız da bunu mütləq bilməlidir" düşüncəsi. Eyni zamanda, "Günümüzün tələbi budur, buna görə övladlarımız bunu da mütləq şəkildə bilməlidir". Beləliklə, məktəb proqramı iki qat şişir və, nəticədə, şagirdlərin "bilməli" olduğu şeylərin tam həcminin mənimsənməsi üçün 20 il belə bəs etməz.
Amma, heç kim bu sualı qoymur ki, nəyə görə bilməli, nəyi bilməli? Bir insan bir sözün tələffüzünün yazılışını niyə bilməli? Xlorellanın xlomidamanadadan fərqini niyə bilməli? Aldehidin alındığı Kuçerovun "gümüş ayna" - asetilen hidratlaşma reaksiyasının niyə əzbərləməli? Törəmə və inteqralların üzərində niyə orta məktəbdə başını sındırmalı? E.ə. Böyük Çin sülalələrini niyə öyrənməlidir? Kompüter şəbəkələrində OSI modelinin laylarını bilsə nə olar, bilməsə nə olar? Yuxarıda sadaladıqlarımdan siz, böyüklər, nəyisə xatırlayır və ya həyatınızda bircə dəfə istifadə etmisinizmi? YOX. Bunlar normal bir insanın həyatında TAMAMİLƏ LAZIMSIZ VƏ FAYDASIZ biliklərdir. Kiminsə professional həyatında bunlar lazımsa - Ali məktəb səviyyəsində, universitetdə öyrənsin.
Bunun əvəzində uşaqlara məktəbdə xurma ilə korolyokun, əvəliklə turşəngin fərqini başa salınsa, şəxsən mən, daha məmnun olaram. Məktəb daha maraqlı olmalı, daha faydalı olmalı, adına layiq funksiyaları daşımalıdır. Qədim Romadan qalmış fundamental biliklərdən günümüzün ən son yeniliklərin HAMISINI əhatə etməməlidir. Nəzərə alınmalıdır ki, qabaqlara nəzərən hal hazırda informasiya resursları çox daha ƏLÇATANdır. Uşaqlara ƏZBƏRLƏMƏYİ yox axtarıb TAPMAĞI öyrətmək lazımdır.
Buna görə, təhsil reformu, 12 ilə yayılmaq əvəzinə, sadələşmək və müasirləşmək istiqamətlərdə olmalıdır. Məncə. Bu mənim şəxsi fikrimdir. Mən olsam, dərs proqramlarını gözdən keçirib, hal hazırda normal insan həyatında lazım olmayan bütün məlumatları yığışdırıb, lazım olanların həqiqətən də MƏNİMLƏNİLMƏSİ istiqamətində sadə, başa düşülən, faydalı dərsliklər və yeni dərs proqramları hazırlatdıraram ki, gələcək nəsil oxuduğu dildə bir cümlə yazanda, yazı xətaları mənimkindən az olsun.