28/02/2026
Aysel Novruzova
Zarafatla sevdirən, qayğı ilə böyüdən müəllimim…
Bəzən bir müəllim yalnız dərs öyrətmir… bir ömür boyu unudulmayan iz qoyur.
Əhəd müəllim…
1998–2001-ci illərdə 9–11-ci siniflərdə bizə fizikanı fərdi şəkildə sevdirən, liseyin 3-cü mərtəbəsindəki o məşhur fizika kabinetlərini yaddaşımıza həkk edən, zarafatı ilə sərtliyini, qayğısı ilə tələbkarlığını elə ustalıqla birləşdirən bir müəllim…
Onun zarafatları məktəbin dilində əzbər idi. Bəzən özü eşitməyəndə belə bir-birimizə həmin sözləri deyib gülümsəyərdik. Ailə qurmamışdı, bəlkə də elə buna görə hər birimizə bir az daha doğma, bir az daha ata kimi yanaşardı…
Dərsə başlayanda ilk işi jurnalı yoxlayıb cavab verəcək şagirdlərin adlarını çəkmək idi. Sinfimiz iki otaqlı idi, içəridə kiçik laboratoriya otağı da var idi. Qapı arxa tərəfdə, mən isə üçüncü sıranın sonunda, qapıya daha yaxın yerdə tək otururdum.
Bir gün jurnalı yoxlayarkən mən asqırdım. O isə başını qaldırmadan zarafatla dedi: “öz başıvı ye”. Sinifdə gülüş qopdu. Mən də güldüm. Əhəd müəllim jurnaldan başın qaldırmadan eynəyin ucundan mənə baxdı və gülümsədi, mən də gülümsədim. Amma elə bu anda tavandan aşağı enən borunun küncündə bir siçan gördüm…
Əhəd müəllimin üzü bizə tərəf idi, o görmürdü. Mən “aaa… siçan!” astaca dedim. Sanki hamı bunu gözləyirmiş kimi bir anda sinif qarışdı. Qızlar partanın üstünə çıxdı, oğlanlar daha ucadan qışqırdı, dərs pozuldu. Elə bil həyatımızda ilk dəfə idi siçan görürdük…
Səs-küy yan siniflərə, dəhlizə yayıldı. Hamımızı toplayıb o vaxtkı direktor Vaqif müəllimin otağına apardılar. Liseydə qəribə, amma çox mədəni bir nizam vardı — heç kim səsini qaldırmazdı. Vaqif müəllim bizi sakitcə dinlədi, bir bir aşağı dikilmiş üzümüzə baxdı, bir neçə kəlmə dedi. O qədər utanmışdıq ki, yerə girmək istəyirdik…
Məktəbin müavini Əli müəllim bizi müşayiət edərkən sərt danladı. Amma ən ağır olan bu deyildi…
Ən ağırı — Əhəd müəllimi p*s vəziyyətdə qoyduğumuzu hiss etmək idi. O qədər peşiman idim ki, siçanı görməyimə hələ də yadıma düşəndə vicdan əzabı çəkirəm.
Səhəri gün dərsdə üzr istəsək də, heç nə demədi və bir müddət bizə bir az soyuq davrandı. Bu isə bütün danlaqlardan daha ağır idi.
Mən liseyin nümunəvi şagirdlərindən idim. Şəklim şərəf lövhəsində asılı idi. Müəllimlərim də məni çox sevirdi… mən də onları.
Artıq tələbə idim, bir gün metroda qatarda dayanmışdım. Arxadan kimsə qolumu dartdı. Arxaya dönəndə Əhəd müəllimi gördüm.
“Aysel qızım…” – deyə səsləndi və məni qucaqladı, yerini verməyə çalışdı.
“Yox müəllim, siz oturun… Ay qız!!! dərsdən gəlirsən, yorğun olarsan…” dedi və yenə də öz qayğısı, o tanış mehribanlığı ilə israr edirdi. Bir xeyli söhbət etdik, hal-əhval tutduq, sonra sağollaşdıq…
Bu, onu xatırladığım son səhnə idi…
İllər keçdi… amma o dərslər, o zarafatlar, o qayğı dolu baxışlar, o “öz başıvı ye” deyib gülümsəməsi hələ də yaddaşımızdadır.
Ruhun şad olsun, əziz müəllimimiz…
Bizi bağışlamısan yəqin.
Haqqını halal et…
Allah qalan müəllimlərimizə can sağlığı versin… 🤲🌿
05/07/2025
09/05/2020
03/05/2017
24/09/2015
24/09/2015
15/08/2015
01/08/2015