30/04/2026
15-18 aprel 2026-cı il tarixləri aralığında Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə XVII Beynəlxalq İnformatika Turniri təşkil edildi. Hibrid formada təşkil olunan bu Turnirdə şagirdimiz, hal-hazırda IXb sinfində təhsil alan Paşayev Tuncay Anar oğlu gümüş medala layiq görülüb.
Tuncayı təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq!
30/04/2026
19-27 aprel 2026-cı il tarixində Özbəkistanın Namanqan şəhərində təşkil edilən İbn Sina adına 2-ci Beynəlxalq Biologiya Olimpiadasında 11a sinif şagirdimiz Həsənova Zivər Şamxal qızı bürünc medal qazanıb.
Zivəri təbrik edir, ona daha böyük uğurlar arzulayırıq!
24/04/2026
24 aprel 2026-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşları liseyə qonaq gəlmişdilər. Qonaqların gəlişinin əsas məqsədi liseyin yuxarı sinif şagirdləri ilə görüşmək, Universitet barədə onları məlumatlandırmaq idi. Universitet əməkdaşları görüş müddətində şagirdlərə Universitetin tədris mühiti, laboratoriyaları, beynəlxalq əlaqələri və s. haqqında geniş məlumat verdilər.
Görüşdə şagirdləri maraqlandıran suallar Universitetin əməkdaşları tərəfindən cavablandırıldı.
23/04/2026
DİM tərəfindən 15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb. Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 2 şagirdi maksimum nəticə göstəriblər. Belə ki, liseyin 11a sinif şagirdi Vəlizadə Rafiq Ramil oğlu və 11c sinif şagirdi Həsənli Bəxtiyar Vüqar oğlu 300 bal toplayıblar.
Şagirdlərimizi, onlar üçün əziyyət çəkən hər kəsi təbrik edirik!
Əziz Bəxtiyar və Rafiq, sizinlə qürur duyuruq!
22/04/2026
Liseyin texnologiya müəllimləri Pəlilova Söylü və Sükürlü Xuraman tərəfindən liseyin dəhlizində “Yaradıcı bacarıqlar” adlı sərgi təşkil edilmişdir. Sərgidə VII, VIII və IX sinif şagirdlərinin müxtəlif əl işləri dəhlizdə səliqə ilə düzülərək nümayiş olunur.
Nümayiş olunan əl işləri şagirdlərin yüksək yaradıcılıq qabiliyyətini, zövqünü və bacarıqlarını aydın şəkildə əks etdirir. Xüsusilə milli-mənəvi dəyərləri əks etdirən əl işlərinin çoxluğu diqqəti cəlb edir. Şagirdlər tərəfindən hazırlanmış naxışlı dekorativ nümunələr, milli ornamentlərlə bəzədilmiş kompozisiyalar və müxtəlif tətbiqi sənət işləri böyük maraq doğurur.
Sərgi həm şagirdlərin istedadlarının üzə çıxarılmasına, həm də milli irsimizin qorunub yaşadılmasına töhfə verir.
20/04/2026
17 aprel 2026-cı il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 10b sinif şagirdləri sinif rəhbəri Rita Cabbarova ilə birlikdə ADA Universitetində ekskursiyada oldular. ADA Universitetinin əməkdaşları şagirdləri ali məktəbin laboratoriyaları ilə tanış etdilər və onların suallarına cavab verdilər.
15/04/2026
15 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşları liseyin şagirdləri ilə görüş keçirdilər. Görüş “Sənaye təhlükəsizliyi və əməyin mühafizəsi” mövzusuna həsr olunmuşdur.
Tədbirdə SOCAR mühəndisi Nəbiyev Elçin, Məzunlarla iş və karyera mərkəzinin rəhbəri Şamil Əhmədov, Təhsilalanlarla iş və tədbirlərin təşkili üzrə məsul şəxs Rəna Cəbrayılova, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin baş mütəxəssisi Elnur Hadıyev və mütəxəssis Aysel Abdullayeva iştirak etdilər. Şagirdlərə ixtisas seçimi, karyera imkanları və tələbə həyatı barədə məlumat verildi, onların sualları cavablandırıldı.
Tədbirdə fəal iştirak edən şagirdlərə sonda hədiyyələr təqdim olundu.
15/04/2026
12 – 14 aprel 2026-cı il tarixləri aralığında Fransanın Bordo şəhərində keçirilən XV Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO 2026) ölkəmizi təmsil edən komandanın tərkibində yer alan Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin iki şagirdi: Əlizadə Gülay Elsevər qızı (9ç sinfi) və Umudlu Zeynəb Baxış qızı (10c sinfi) bürünc medal qazanıblar.
Şagirdlərimizi təbrik edir, onlar üçün əziyyət çəkən hər kəsə təşəkkürümüzü bildiririk.
Əziz Zeynəb və Gülay, sizinlə qürur duyuruq!
10/04/2026
Liseyimizi 2022-2023-cü tədris ilində bitirmiş və hal-hazırda “QS World University Rankings” reytinq sistemində 8-ci sirada qərar tutan “National University of Singapore”da Dövlət Proqramı çərçivəsində kompüter elmləri ixtisası üzrə bakalavriat pilləsində təhsil alan məzunumuz Cəlil Hüseynov Hüseyn oğlu yüksək akademik göstəriciləri ilə tələbələr arasında fərqlənib. Belə ki, o, akademik nəticələrinə əsasən fakültə üzrə ən yüksək göstəriciyə malik tələbələrin ilk 5%-i sırasına daxil olaraq, “Dekanın siyahısı” təltifini qazanıb.
Cəlili təbrik edir, ona daha böyük uğurlar arzulayırıq!
09/04/2026
09 aprel 2026-cı il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində təhsil alan IX sinif şagirdləri ilə məktəb rəhbərliyinin görüşü təşkil edildi. Məqsəd şagirdlərə buraxılış imtahanı qabağı mənəvi-psixoloji dəstək göstərmək idi. Görüşdə liseyin direktoru Elçin Məmmədov imtahan qabağı və imtahan prosesində əməl etməli olduqları məsələlər barədə şagirdlərə məlumat verdi, onlara uğurlar arzuladı.