25/08/2026
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.
Dövlətimizin başçısı çıxış edərək bildirib ki:
- Nəqliyyat-tranzit sahəsində artıq müəyyən nəticələrimiz var... Özbəkistandan Azərbaycan ərazisindən yüklərin həcmi artır. Özbəkistan üçün bərə tikintisini də sürətləndirmək zəruridir... Hazırda gəmiqayırma zavodumuzda, eyni zamanda, təxminən on müxtəlif modifikasiyalı - bərə, tanker və quru yük gəmiləri inşa edilir.
Nəqliyyat sektorundakı layihələrə toxunan dövlət başçısı Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini bildirib. Azərbaycanın əsas hissəsində bu layihənin gələn il başa çatacağını vurğulayan Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında da müvafiq işlərə başlanıldığını diqqətə çatdırıb. Konseptual yanaşmanın Naxçıvan dəmir yolunu Azərbaycan dəmir yollarının tərkib hissəsi kimi görməkdən ibarət olduğunu qeyd edən dövlət başçısı bu marşrut üzrə investisiya yatırmaq, mənfəət əldə etmək və daşıma həcmlərini təmin etmək istəyən maraqlı şirkətlər və ölkələrin iştirakı ilə beynəlxalq konsorsiumun yaradılmasının planlaşdırıldığını vurğulayıb.
Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Bakıdan Ermənistan sərhədinə qədər təxminən 400 kilometr məsafədə olan mövcud dəmir yolu xəttinin bir hissəsini sıfırdan yenidən qurur və modernləşdirir. Xəttin Naxçıvan hissəsi isə təxminən 200 kilometrdir. Bu, Orta Dəhlizin əhəmiyyətli bir qolu olacaq.