24/02/2026
BSU-nun Məktəb-Lisey Kompleksində şəhid Elçin Cavadovun xatirəsi anılıb
Fevralın 23-də Bakı Slavyan Universitetinin(BSU) Məktəb-Lisey Kompleksində(MLK) bu təhsil müəssisəsinin şəhid məzunu Elçin Rasim oğlu Cavadovun anım gününə həsr olunan tədbir keçirilib. Tədbirdə BSU MLK-nın müəllim və şagirdləri, şəhid Elçin Cavadovun ailə üzvləri,yaxınları iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, şəhid Elçin Cavadovun və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Anım mərasimində Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan E.Cavadovun həyat və keçdiyi döyüş yolu barədə geniş məlumat verilib. Qeyd edilib ki,1963-cü il dekabr ayının 3-də Bakı şəhərində anadan olan E.Cavadov BSU MLK-da orta təhsil alıb. Hərbi xidmətdən sonra polis məktəbinə qəbul olunub və həmin məktəbi bitirdikdən sonra polis əməkdaşı kimi fəaliyyət göstərib. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə gedən E. Cavadov Agdərə, Xankəndi uğrunda gedən döyüşlərdə rəşadətlə iştirak edib. O, 1994-cü il fevral ayının 23-də Ağdam rayonunun Xındırıstan kəndində qəhrəmancasına şəhid olub.
BSU MLK-nın direktoru İlahə Carçıyeva çıxış edərək bildirib ki, bütün şəhidlərimiz kimi, E. Cavadovun da xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan tarixi Zəfər,həmçinin lokal xarakterli antiterror əməliyyatları nəticəsində işgala və separatizmə son qoyulması,ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpa edilməsi ilə bütün şəhidlərimizin qisası alındı. Direktor İ.Carçıyeva şagirdlərə həmişə şəhidlərimizin xatirəsini uca tutmağı, doğma Vətənimiz Azərbaycanı ürəkdən sevməyi və qorumağı tövsiyə edib.
Tədbirdə məktəbin şagirdlərinin hazırladıqları ədəbi-bədii hissə təqdim edilib.
Şəhid E.Cavadovun dayısı Qılman Musayev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, həmçinin tədbirin təşkilatçılarına təşəkkür edib.
Qeyd edək ki, həmin gün məktəbin müəllim və şagirdləri şəhid E. Cavadovun Hərbi Memorial Məzarlıqdakı məzarını ziyarət edərək önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.