15/03/2018
ZAMANA NƏZƏR YETİRMƏK
“Mən gəlmədim davı üçün, mənim işim sevi üçün,
Dostun evi könüllərdir, könüllər almağa gəldim”
Yunus ƏMRƏ
Yunus Əmrənin yaşadığı dövr XIII əsrin sonları və XIV əsrin ilk rübünə təsadüf edir. Bu illər Anadolu Səlcuqlu dövlətinin son dövrləri ilə bəyliklər və Osmanlı dövlətinin yaranma illərinə təsadüf edir. Bu müddət ərzində Anadolu üç əhəmiyyətli hadisəylə üzləşir. Bunlar, “Səlib yürüşləri, Monqol hücumları və Babailər üsyanı”dır.
Bu üç hadisə Anadoluda çox böyük miqyasda sosial, siyasi və dini qarışıqlığa səbəb oldu. Bu cür mənfi hadisələrin qarşısında sovrulub getməmək, əsrlik çinarlar kimi güclü köklərlə torpağa bağlanıb ayaq üstə qalmaq, bunun üçün isə sağlam düşüncəyə söykənmək lazım idi.
Yunus Əmrə də belə etdi. Ortaya yeni bir fəlsəfə qoymadı. Yeni bir ideyanı, sosial və siyasi hərəkatı başlatmadı. Mütləq həqiqəti əsas götürdü. Sadəcə ona inanıb bağlandı və yenidən insanları ona çağırdı. Bir "davı"nın deyil, adına "sevi" dediyi bir dəyərin insanı olaraq hərəkət etdi. Unudulan bir həqiqəti yenidən, lakin yeni bir dillə xatırlatdı. Yəni bu mənada onu mütləq düşüncənin "yeniləyicisi", "yeni bir şərhçisi" kimi görmək lazımdır. Onun əhəmiyyəti, böyüklüyü də məhz buradan qaynaqlanır.
Belə zamanlarda ortaya qoyulan hər iddia mənimsənilə bilməsi üçün qarışıqlığı, dava və mübarizəni də özü ilə birlikdə gətirir. Belə ki, səlibçilər türklərin Anadoluya gəlişini özləri üçün bir fəlakət hesab edərək bir iddianın, yəni Yunusun ifadəsi ilə "davı"nın tərəfdarı oldular. Hər iddianın nəticəsi kimi bu iddia da özü ilə birgə müharibələri, dağıntıları gətirdi. Səlibçilər hərbi mənada Anadoluda böyük bir uğur əldə edə bilmədilər, amma təəssüf ki, buranı fəlakət bölgəsinə çevirməyə nail oldular.
İkinci böyük iddianın (davının) sahibi isə monqollar idi. Onlar da əvvəlcə olduqları bölgələrdə bir zülm imperatorluğu yaratdılar. Elə bir fəlakət buluduna çevrildilər ki, bu buludlar çox keçmədən Anadolunu da əhatə etdi. İslam inancını bir gül kimi Anadoluda cücərdən, bu çöllük ərazini hər cür abadlıq işləri ilə mədəniyyət məkanına çevirən Anadolu Səlcuqlu dövləti monqol hücumları nəticəsində tarix səhnəsindən silindi. Yəni iddia (davı) yenə də qarışıqlıq, ölüm və zülm gətirdi.
Monqol hücumları qarşısında Anadolunu zəif vəziyyətə salaraq bu hücumlara müəyyən mənada zəmin yaradan başqa bir fəlakət də Babailər qiyamı oldu. Bu hərəkat da həm dini, həm də siyasi xarakterli bir iddia (davı) idi. "Dinin zahirini dəyərsizləşdirən, imanı zədələyən və din bağını zəiflədən" bu mənfi anlayış da digər iki fəlakət buludu kimi Anadolu səmalarını bürüdü. Qəlblərdə və şüurlarda sağalmaz yaralar açdı. Siyasi, fikir və əqidə xaosuna zəmin hazırladı.
Bax,Yunus Əmrə məhz belə bir zamanda yaşadı. Süqut əsrində dirçəlişin səsi oldu. Məncə, bu çərçivə daxilində onun missiyasının və bu gün niyə hələ də sevildiyinin ən cəlbedici yumoru yuxarıda göstərdiyimiz bəndində gizlənib. Burada açar kəlmələr "davı" və "sevi" kəlmələridir. Onun "davı" sözü ilə izah etmək istədiyi vəziyyət, əlbəttə ki, o sözün "bir şeyi iddia etmə" formasındakı ilkin mənası ilə məhdudlaşmır. Bu söz eyni zamanda "məsələ, problem" mənasında götürülür.
Belə demək mümkünsə, Yunusun yaşadığı dönəmdə “iddia”-larla yanaşı “problemlər” də var idi. Bu problemlərin həlli isə “sevgi”dəydi. Beləliklə, Yunus burada da "Mən gəlmədim davı üçün, mənim işim sevi üçün" - deyərək "səhli-mümtəni" ustalığını göstərib təkcə bir beytlə öz vəziyyətini, dövrünün şərtlərini bir mütəfəkkirin kəskin zəkası və bir şairin güclü hissiyatı ilə qısa formada çatdırır.
Bütün bu hadisələrə nəzər yetirdikdə, Yunus Əmrənin bu dünyada mövcud olmağın məqsədini nə üçün "sevi" kəlməsi ilə açıqladığı və "davı" kəlməsini niyə neqativləşdirdiyi daha aydın başa düşüləcəkdir. Çünki müharibənin zərdabı sülh, kinin zərdabı isə sevgidir. Buna görə də Yunus məhz beytin davamında açıq-ladığı kimi, "sevi" kəlməsi ilə əsl məqsədinin "könüllər qurmaq" olduğunu bildirir. Yəni Yunusun bir "davı"sı yoxdur, amma bir "məqsədi" vardır. Bu məqsəd çərçivəsində Anadolunu digər könül dostları ilə birlikdə dava deyil, sevgi və sülh yurdu etmək istəmiş, bu uğurda çalışmış və buna da nail olmuşdur.
Lakin bu mənalı vəziyyət, əlbəttə, "mücərrəd bir insanlıq sevgisi" ilə izah oluna bilməz. Yəni onu bağlı olduğu inanc və düşüncə müstəvisindən ayıraraq bir "Anadolu humanisti" kimi görmək bu məsələni izah etməyə kifayət etməyəcək. Yunus Əmrə özündən sonra ortaya çıxan bu cür spekulyasiyaların qarşısını hələ o vaxtdan almış, “sevgi”ni ilahi məzmunlu bir anlayış olaraq əsas götürmüş, “eşq”i ümumbəşəri bir prinsip olaraq görmüş və "dost evi" olduqları üçün könülləri qazanmağa çalışdığını bildirmişdir. Yəni o, "yaradılanı Yaradandan ötrü" sevən eşq qəhrəmanı kimi missiyasının belə bir müqəddəs hədəfə çatmaq olduğunu bəyan etmişdir. Bu baxımdan, onun mübarizəsini, sevgi mövzusundakı mövqeyini bir fəlsəfi anlayış olaraq nə panteizmlə, nə də humanizmlə izah edə bilmərik.
Deməli, onun mübarizəsini fərdi bir qurtuluş mübarizəsi şəklində görmək əvəzinə, onunla bərabər ictimai bir qurtuluş mübarizəsi kimi başa düşmək lazımdır. Məhməd Qaplanın bu mövzuda yazdığı aşağıdakı sətirləri bizim çatdırmaq istədiyimiz fikirlərin qısa icmalı kimi xeyli maraqlıdır: "Davı və sevi, bir-birinə zidd olan iki kəlmə. Birincisi müharibə, ikincisi isə sülhü də əsas alan eşqdir. Yunus müharibəyə, davaya qarşıdır. Dost¬luqdakı aliliyi düşünür. Dost hər zaman könüldə yaşadılır. Ona görə könüllər qazanır. Könül də, xüsusilə könüllər şəklində götürülür və birdən-birə onun miqyasının genişləndiyini görürük.”
Təbii ki, o dövrdə Yunus Əmrə bu missiyası və mübarizəsində tək deyildi. Səlcuqluların hakim olduğu ərazilər Yunusdan əvvəl Muhyiddin Ərəbi və Mövlanə həqiqətlərilə də qarşılaşmışdı. Fikir və əqidə planına ilk əvvəl onlar işıq tuturlar. Amma bu işıq Yu-nusun özünəxas dili və üslubu ilə daha geniş kütlələrə çatdırılır.
Bu səs vəhdəti-vücudun sadəcə fəlsəfi mənada "varlıqda birlik" fikrindən ibarət olmur, eyni zamanda "ictimai birlik" səsinə, hətta bununla da kifayətlənməyərək "ümumbəşəri birlik" səsinə çevrilir. Çünki bu səs eşqin səsidir. Eşq Yaradandan ilahi bir nəfəs olaraq gəlmiş və əksini könüllərdə tapmışdır. Sevgi ilahi bir cövhər olduğu üçün əsla bir "iddia" olmur və ayrılığın yox, "bir"də birləşməyin müqəddəs duyğusu olur. Beləliklə, Yunus Əmrə "yalnız öz dövründəki Anadolu türklüyünün yox, bütün bəşəriyyətin problemlərinə, qorxu və qayğılarına çarə tapmağa çalışmış, iztirablı kütlələrə ümid aşılayıb onları sevgiyə, qardaş¬lığa, birliyə çağıran" aparıcı şəxsiyyət olmuşdur. Bu səbəbdən, onu təkcə bir şair olaraq deyil, eyni zamanda bir təfəkkür insanı, öz dövrünün işıqlı və intellektual bir şəxsi, yol göstərəni olaraq da görürük.
Yunusu başa düşmək və o dövrdəki yaşamına bir məna vermək üçün bütün bu hadisələrə tarixçi gözü ilə yanaşı, bir də "könül gözü" ilə baxmaq lazımdır. Mustafa Qaranın da qeyd etdi¬yi kimi, məsələyə bu gözlə baxdıqda səlib, monqol hücum¬larının və Anadolu birliyi üçün ciddi təhdid yaradan Babailər hadisənin "cəlali" bir təcəlli, İbn Ərəbi, Mövlana və Yunusun isə "cəmali" bir təcəlli kimi meydana çıxdığı görünəcəkdir. Ona görə də bu üç böyük hadisənin mahiyyətini bilmədən, o dövrün zülmətini işıqlandıran İbn Ərəbi, Mövlanə və Yunus kimi münəvvər insanların nə üçün var olduğunu, niyə bu əsrdə ortaya çıxdıqlarını anlamaq mümkün deyil.