11/11/2017
Qriqori Mənkyunun iqtisadiyyatı izah edən 10 prinsipindən 1-cisi:
>>>İnsan seçim edir.
İqtisadiyyatın birinci prinsipi insanın seçim etməsi ilə bağlıdır. Əvvəldən də bildiyimiz kimi bizim istifadə edə biləcəyimiz ehtiyatlar limitlidir, məhduddur. Misal olaraq ailə gəlirinin bölüşdürülməsini nəzərdən keçirək: Valideynlər pulu yemək, paltar almağa, istirahətə getməyə, təhsil haqqına sərf edə bilər və ya "qara gün" üçün ehtiyata yönləndirə bilərlər. Qərar vermək üçün bunları qarşı-qarşıya qoyub müqayisə etmək lazımdır.
Cəmiyyətin qəbul etməli vacib məsələlərdən biri də SƏMƏRƏLİLİK və BƏRABƏRLİK arasında seçimdir. Bunların hər ikisinə eyni anda çatmaq mümkün deyil. Səmərəlilik - iqtisadiyyatın məhsul və xidmətlər elə istehsal etmə bacarığıdır ki, məhdud resursların hesabına maksimum mümkün nemətlər istehsal olunsun. Nə qədər çox məhsul istehsal olunsa, cəmiyyət bir o qədər çox səmərə əldə etmiş olur. Bərabərlik isə istehsal olunmuş bütün məhsul və xidmətlərin cəmiyyət üzvləri arasında bölüşdürülməsidir. Misal üçün çox gəlir əldə edən təbəqədən az gəlir əldə edən təbəqəyə nisbətən çox vergi tutulması və bu vəsaitin aşağı gəlirli əhaliyə yardım məqsədilə istifadə olunması. Qısacası Səmərəlilik "tort"un ölçüsü, bərabərlik isə onun hissələrə bölünməsidir.