04/07/2025
BİR PEDAQOQUN İŞIQLI HƏYAT YOLU
Svetlana Səttar qızı Mollayeva
Bəşər övladı yarandığı gündən bugünədək cəmiyyətlər öz inkişaf dövrlərində müəyyən mərhələlərdən keçmiş, tikmiş, qurmuş, yaratmışlar. Məhz Müqəddəs kitabımız “Qurani – Kərim”in də hərfi mənası “quran”, “tikən”, “yaradan” anlamına gəlir və bu proseslərin həyata keçməsində “Müəllimlik” peşəsi başlıca rol oynayır. Xalq arasında belə bir fikir də mövcuddur ki, müəllim dəyişəndə cəmiyyət də dəyişir. Bu, onunla bağlıdır ki, insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müəllim müstəsna rol oynamaqla bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə malikdir: Əlbəttə, tanınmış insanların, böyük alim və mütəfəkkirlərin belə deyimləri kifayət qədərdir. Müxtəlif dövrlərdə yaşamış müdriklərin müəllim haqqında deyimləri göstərir ki, dövründən asılı olmayaraq, həmişə əsl Müəllim milli sərvət kimi qəbul edilmişdir. Cəmiyyətin gələcək inkişaf mərhələlərində hansı dəyərlərin əsas kimi qəbul ediləcəyini, hansı yeni dəyərlərin yaranacağını indidən demək çətindir. Lakin bir şey aydındır ki, müəllim və tələbələr həmişə olub və qətiyyətlə demək olar ki, yeganə dəyərdir ki, zamandan asılı olmayaraq, daim olacaqdır. Çünki insan bilik və təcrübənin yeni nəsillərə ötürülməsi ilə sivilizasiyanın yüksək zirvəsinə çata bilər. Həmin təcrübəni nəsillərə ötürmək missiyası isə müəllimin üzərinə düşür, müəllim gələcəyə yol açır. Müəllim peşəsini digərlərindən fərqləndirən daha bir cəhət ondan ibarətdir ki, bütün insanlar müəllimdən öyrənir. Elə bir insan tapılmaz ki, onun müəllimi olmasın. Dünyanı dəyişən, idarə edən, tarixi yaradan dahi şəxsiyyətləri də müəllim yetişdirib. Müəllimlik yeganə peşədir ki, həyatda onun heç bir alternativi yoxdur. On illər, yüz illər ötəcək, cəmiyyət və həyat daha yüksək inkişaf mərhələsinə çatacaq, lakin müəllim peşəsi yenə də bütün peşələrin zirvəsində dayanacaqdır. Təsadüfi deyildir ki, əsl müəllimlər üçün başqa peşə olmur, onlar heç bir zaman öz peşələrini dəyişə bilmirlər.
Əzizimiz Svetlana xanım da öz həyatını pedaqogikaya həsr etmiş şəxsiyyətlərdəndir. Svetlana Səttar qızı Mollayeva 1946-cı ildə iyulun 5-də anadan olmuşdur. 1964-cü ildə 150 saylı ixtisaslaşdırılmış məktəbi qurucu-çertyojçu ixtisasını bitirərək Azərbaycan Politexniki İnstitutunun “Hidrotexniki qurğular” ixtisasına qəbul olunmuşdur. Həmin İnstitututu 1969-cu ildə bitirdikdən sonra gənc mütəxəssis kimi kafedrada “baş laborant” vəzifəsində fəaliyyətə başlamışdır. 1970-ci ildən etibarən “Hidrotexniki qurğular” kafedrasında tədris fəaliyyətinə başlamış, Leninqrad şəhərində stajkeçmədən sonra aspirantlarla işləmişdir. 1974-cü ildə aspiranturaya qəbul olub, aspiranturanı fərqlənmə dilpomu ilə bitirmişdir. 1975-ci ildə assistent vəzifəsində fəaliyyətinə davam etmişdir. 1989-cu ildən baş müəllim vəzifəsində çalışır. Fəaliyyəti dövründə xarici tələbələrə kuratorluq etmiş, Həmkarlar təşkilatının və Fakültə Elmi Şurasının üzvü olmuşdur. 8 dərs vəsaitinin və 40-dan çox elmi məqalələrin müəllifidir. Ailəlidir, üç qız övladı və 7 nəvəsi vardır.
Bugün "Meliorasiya və su təsərrüfatı tikintisi" kafedrasında Svetlana xanımın pedaqoji fəaliyyətinin son tədris ili münasibətilə görüş keçirilmişdir. Svetlana xanımın həmkarları ona ürək sözlərini və arzularını çatdırmış, ən xoş arzularını bildirmişlər. Biz də fakültə dekanlığı adından Svetlana xanıma müvəffəqiyyətlər arzulayır, ona həyatın ən şirin neməti olan can sağlığını arzulayırıq!