17/10/2013
"MBA" PROQRAMI
"MBA" proqramının direktoru dos. Quliyev Rövşən Ağakişi oğlu
Universitetimizdə fəaliyyət göstərən MBA (Master of Bussines of Administration) proqramı, universitetimizin Moskva Dövlət İqtisad, Statistika və İnformatika Universiteti ilə «Biznesin təşkili və idarə edilməsi üzrə magistrlərin hazırlanması, professor-müəllim heyətinin və inzibati işçilərin təkmilləşdirilməsi» sahəsində bağlanmış müqavilə əsasında 2001-ci ilin dekabrında yaradılmışdır. Proqram rəqabət şəraitində işləyən müəssisələri effektiv idarə etmək iqtidarında olan, müasir idarəetmə texnologiyasını mükəmməl mənimsəyən və biznesin bütün vacib sahələrini gözəl bilən ixtisaslı kadrların hazırlanmasını həyata keçirir. Hazırda Rusiya, Çin, Türkiyə, Sudan, İran, Suriya və Səudiyyə Ərəbistanı kimi ölkələrdən olan vətəndaşların da təhsil aldığı "MBA" proqramında magistrantların ümumi sayı 700-dən çoxdur.
MBA Proqramına qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aşağıdakı ixtisaslaşmalar üzrə ildə iki dəfə aparılır:
- Maliyyə
- Biznesin təşkili və idarə olunması
- Beynəlxalq biznes
- Menecment
- Marketinq
Bu ixtisaslaşmalar üzrə müsabiqədə bakalavr pilləsində aldıqları ixtisaslarından asılı olmayaraq bütün ali məktəblərin məzunları iştirak edə bilərlər. Tədris azərbaycan, rus və ingilis dillərində apanlır. Tədris müddəti 2 ildir.
MBA proqramının tədris planları Kaliforniya Universiteti və Çikaqo Biznes Məktəbində olan tədris planlarına çox yaxındır. Mühazirələri əsasən Universitetimizin xarici ölkələrdə iş təcrübəsi olan müəllimləri, digər universitetlərin tanınmış professorları, eləcə də xarici ölkələrdən dəvət olunmuş professorlar aparır.