10/02/2026
Hatice Kübra Tongarın "Bağırmayan Anneler" kitabı haqqında oxucu mövqeyimi bğlüşmək istəyirəm: Uşaq bağırdığı üçün biz bağırmırıq, biz bağırmağa meyilli olduğumuz üçün uşağın hərəkətləri bəhanə olur. Müəllif valideynliyi bir texnikadan çox, bir daxili tərbiyə prosesi kimi qələmə verir.
Kitabda sevdiklərim:
1. Müəllif valideynləri mühakimə etmir, əksinə, onların yorğunluğunu və hisslərini başa düşdüyünü hiss etdirir. Bu da məndə "tək deyiləm" hissi yaratdı.
2. Kitab uşaqdan çox, valideynin öz uşaqlıq travmalarına və daxili dünyasına yönəlir. Səbəbi kənarda deyil, daxildə axtarmağı öyrədir.
3. Kitabda sadəcə nəzəriyyə yox, "o an" nə etmək olar sualına cavab verən kiçik texnikalar və nümunə dialoqlar var.
4. Çətin terminlərlə yüklənməyib, hər kəsin rahatlıqla başa düşəcəyi axıcı bir dili var.
Kitabda sevmədiklərim:
1. Təkrarçılıq çoxdur. Bəzi fəsillərdə eyni fikirlərin fərqli cümlələrlə tez-tez təkrarlandığını hiss edə bilərsiniz. Bu, bəzən məni yorurdu.
2. Həddindən artıq optimizm yüklənib. Kitabdakı bəzi yanaşmalar gündəlik həyatın stresi, iş yükü və sosial çətinliklər fonunda bir qədər "idealist" və ya tətbiqi çətin görünə bilər.
3. Müəllif pedaqoji məsələləri tez-tez mənəvi və dini dəyərlərlə əlaqələndirir. Bu, bəzi oxucular üçün müsbət olsa da, sırf elmi yanaşma axtaranlar üçün bir az subyektiv görünə bilər.
Bu kitab bir sehrli çubuq deyil, amma sizə güzgü tutan bir bələdçidir. Əgər məqsədiniz övladınızla daha sakit və şüurlu bir bağ qurmaqdırsa, bir fincan bol köpüklü qəhvə ilə bu kitabı vərəqləməyə dəyər.
Unutmayaq: Mükəmməl valideyn yoxdur, sadəcə fərqindəliyi yüksək olan valideyn var.
Oxumusunuz?