05/06/2026
Bakı Turizm Peşə Məktəbinin tələbələri müxtəlif müəssisələrdə istehsalat təcrübəsini müvəffəqiyyətlə davam etdirirlər. Təcrübə proqramı tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə, əmək bazarının tələblərinə uyğun peşə vərdişləri qazanmasına və gələcək karyeralarına daha hazırlıqlı şəkildə başlamalarına imkan yaradır.
Hazırda məktəbin tələbələri Turizm təşkilatçısı, Tədbirlərin təşkilatçısı, Mehmanxana inzibatçısı, Turizm sahəsində iaşə üzrə mütəxəssis, Aşpaz, Qənnadçı-şirniyyatçı, Qrafik dizayner, Reklam dizayneri, Əməliyyatçı-mühasib, Bərbər, Bərbər-vizajist və Manikürçü ixtisasları üzrə müxtəlif turizm, xidmət, iaşə, dizayn və sənaye müəssisələrində peşəkar fəaliyyət mühiti ilə yaxından tanış olur, real iş proseslərində iştirak edirlər.
İstehsalat təcrübəsi dövründə tələbələr ixtisaslarına uyğun olaraq müasir iş prinsiplərini mənimsəyir, komanda ilə işləmək, müştəri məmnuniyyətinin təmin edilməsi, peşə etikası və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm təcrübə əldə edirlər.
Bakı Turizm Peşə Məktəbi əmək bazarının ehtiyaclarına uyğun rəqabətqabiliyyətli kadrların hazırlanmasına xüsusi önəm verir. Təhsil müəssisəsinin müəssisələrlə qurduğu əməkdaşlıq tələbələrin peşəkar inkişafına və gələcək məşğulluq imkanlarının artırılmasına mühüm töhfə verir.