28/02/2018
Məmməd Arazın "Əsgər məktubu" şeirini keçərkən böyük Səmədin bu şeirini də çüqayisə üçün səsləndirmək olar.
MƏNƏ BELƏ SÖYLƏYİRLƏR...Səməd Vurğun
Görüb tanış olmadığım,
Qayğısına qalmadığım
Şeir dostu bir insandan ;
Bir xatirə söylədilər.
“Bizim elli bir qəhrəman -
Bir yaralı qızıl əsgər
Son nəfəsdə səni andı,
Dəniz kimi dalğalandı...
Dedi: “Doktor! Aman, doktor!
Sağlığıma güman yoxdur...
Bıçağını saxla bir dəm,
Bilirəm ki, öləcəyəm...
Gözüm yolda, könlüm səsdə,
Dinlə məni son nəfəsdə.
Qoy Vurğunun sözlərindən
Bir bənd deyim son dəfə mən;
Sən də eşit bu nəğməni,
Qoy dolaşsın o, aləmi:
“El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən,
Ayrılarmı könül candan?
Azərbaycan! Azərbaycan!”
Deyib bu son sözlərini,
Yumdu qara gözlərini...”
Daha bəsdir, dayan bir az!
Yaman xəbər uzun olmaz...
Yaxşı bilir bunu aləm
Mən ağ günlər şairiyəm.
Ancaq yaman bir xəbərdən
Dəniz kimi bulannam mən...
Açılmayır qaş-qabağım
Ağır aylar, illər kimi;
Çiçək açmaz könül bağım
Susuz qalan çöllər kimi.
Aylar keçir bu söhbətdən,
Canımda bir külək əsir...
Düşündükcə, duyduqca mən
Bütün aləm qulaq asır...
Hara getsəm, nəyə baxsam,
Yerə baxsam, göyə baxsam,
Görmədiyim o qəhrəman
Gözlərimə baxır hər an...
O mənimlə qoşa gedir,
Nəsə məndən tələb edir...
***
Gözəl dost, dinləsin qoy məni aləm!
Bu şeir qəlbimdən qopan bir səsdir,
Sənin eşqin kimi bu müqəddəsdir.
Bəzən yaşa dönür gözlərimdə qəm...
Sən ki son nəfəsdə Vətəni andın,
Çayların axını dayandı bir an.
Sən ki, eşq oduna mərdanə yandın,
Simanı görürəm mən alovlardan...
Görürəm daima qartal sinəni,
Bir də o mehriban, o saf üzünü.
Qoynunda gəzdirsin ulduzlar səni,
Yazsın asimana ayaq izini...
Yox, yox! Ulduzlar da yerdən uzaqdır,
Adını göylərə yazmayacaqdır...
Yenə də insana yaraşır ilqar,
O məsum heykəlin qarşımızdadır.
Bizdən ayırdısa səni ruzigar,
Yenə hünər tacın başımızdadır!
Qardaşım! Görürəm dağlardan keçən
Yaşıl dolaylarda ayaq izini.
Görürəm eşqinlə gözü yol çəkən
Dağlar gözəlini, dağlar qızını.
Budur, dünya görmüş o qarıya bax,
Mənalı gözləri intizardadır.
Ağarmış saçları həsrətdən dümağ
Ömrü xəzəl kimi son bahardadır...
Lakin sinəsində döyünür ürək,
Hər şey öz suyunu ürəkdən içər..
Ana intizarla pəncələşərək,
Deyir: “Güləcəkdir üzümə səhər”.
Ümid! Mehribandır o gözəl pəri,
O bizə dar günün kömək əlidir.
O insan qəlbində yanandan bəri,
Qaranliq yolların bir məşəlidir!
Bu gün cəbhələrdən qayıdıb gələn
Bir vətən oğlunun sıxdım əlini.
Onun gözlərində seyr elədim mən
Sənin o müqəddəs, pak əməlini...
Bəzən axşam üstü gəlirəm evə,
Yalnız buraxmayır xəyalm məni.
Öpdükcə oğlumu mən sevə-sevə,
Onun gözlərində görürəm səni...
İllər gəlib keçir, dövran xoş gəlir,
Ağ günə qovuşur yenə də Vətən.
Səadət eşqinə məclis düzəlir,
İnsanlar dil açıb danışır səndən.
Budur, gözlərimdə gülür gələcək,
Qarşımda möhtəşəm bir heykəl durur...
Ətrafı bağçadır, yeri gül-çiçək,
Yanımda göylərə fəvvarə vurur,
Baxır dəstə-dəstə insanlar ona.
O kimdir? O adsız bir qəhrəmandır.
Onun ana qəlbi - indi zamandır!
Alqış zamanının əsil oğluna!
Sən öldün ömrünün gənclik yaşında,
Adın səadətə yazıldı sirdaş.
İndi heykəlinin mərmər daşında
Sənin son sözlərin yazılmış, qardaş:
“El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən,
Ayrılarmı könül candan?
Azərbaycan! Azərbaycan!”
1943