23/04/2026
Bakı Dövlət Universitetinin Hüquq fakültəsi və Azərbaycan Dövlət Dəniz Akademiyasının birgə təşkilatçılığı ilə 23 aprel 2026-cı il tarixində “Süni intellektin gəmiçilik sahəsinə inteqrasiyası və hüquqi məsuliyyət problemləri” mövzusunda dairəvi masa formatında debat və geniş fikir mübadiləsi keçirilmişdir.
Tədbirin əsas məqsədi süni intellekt texnologiyalarının dəniz nəqliyyatında tətbiqinin üstünlüklərini, potensial risklərini, eləcə də bu sahədə yaranan hüquqi məsuliyyət məsələlərini elmi müstəvidə təhlil etmək olmuşdur.
Tədbiri açan Akademiyanın kafedra müdiri Yusif Həsənov çıxışında mövzunun aktuallığını vurğulamış, süni intellektin müasir nəqliyyat sistemlərində, xüsusilə gəmiçilik sahəsində artan rolunu qeyd etmiş və bu texnologiyaların tətbiqi ilə bağlı hüquqi çərçivələrin formalaşdırılmasının zəruriliyini önə çəkmişdir.
Daha sonra Akademiyanın Tələbə Elmi Cəmiyyətinin sədri Ruslan Fərəcov iştirakçıları salamlayaraq bu cür tədbirlərin tələbələr arasında bilik mübadiləsini gücləndirdiyini, tənqidi düşüncəni inkişaf etdirdiyini və gələcək peşə fəaliyyətləri üçün mühüm təcrübə qazandırdığını bildirmişdir. Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Vaqif Xəlil çıxış edərək tələbə təşkilatlarının bu tip elmi tədbirlərin təşkilindəki rolunu vurğulamış, gənclərin innovativ sahələrə marağının artırılmasının və onların fəal iştirakının əhəmiyyətini qeyd etmişdir. Dairəvi masa çərçivəsində mövzu ətrafında geniş müzakirələr aparılmış, tərəflər arasında qarşılıqlı fikir mübadiləsi həyata keçirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Tədbir yüksək fəallıq və mövzuya göstərilən dərin maraq ilə yadda qalmışdır.