18/06/2026
17 iyun 2026-cı il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsini 2000-ci ildə bitirmiş məzunların görüşü keçirilib. BDU ilə ilk tanışlıqlarının 30 illiyi münasibətilə toplaşan məzunlar əvvəlcə Fizika fakültəsinin rəhbərliyi və tələbəlik illərində onlara dərs keçmiş müəllimllərlə görüşüblər. Görüşdə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, Optika və molekulyar fizika kafedrasının müdiri Rəna Qasımova və həmin kafedranın laboratoriya müdiri Yaxşıxanım Bədəlova, Maddə quruluşu kafedrasının müdiri Sacidə Əbdülvahabova, Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov, kafedranın professoru Sərhəddin Abdullayev, Bərk cisimlər fizikası kafedrasının müdiri Mehdi Mahmudov, Astrofizika kafedrasının müdiri Kəmalə Alışeva, Fiziki elektronika kafedrasının professoru Tərlan Hüseynov, Fəlsəfə fənnini tədris etmiş Ada Namazova, Riyazi analiz fənnini tədris etmiş Qurban Qurbanov, Psixologiya fənnini tədris etmiş Svetlana Məcidova iştirak ediblər. Sevimli müəllimləri ilə görüşən məzunlar tələbəlik illəri ilə bağlı xatirlərini bölüşüblər. Sonra məzunlar adından müəllimlərə dəyərli hədiyyələr verilib. Məzunlar vaxtilə dərs keçdikləri auditoriya və laboratoriyalarda olublar, Universitetdə yeni yardılmış Tələbə Elmi-texniki Yaradıcılıq Mərkəziinə, Tələbə Məkanına, Ekoməkana, Muzeylərə baş çəkiblər. Onlara Bakı Dövləti Universitetində son illər həyata keçirilmiş işlər barədə məlumat verilib, həmin işlərin nəticəsi olaraq tədris və tədqiqat sahəsində müsbət istiqamətdə önəmli keyfiyyət dəyişikliklərinin baş verdiyi diqqətə çatdırılıb. Universitetin böyük uğurlara imza atdığı, həmin uğurlar arasında BDU-nun bir sıra beynəlxalq reytinq sıralamalarında əhəmiyyətli dərəcədə irəliləyərək yüksək yerlər tutduğu bildirilib.
18/06/2026
🌟 BDU QS reytinqində 565-ci yerə yüksəldi
ℹ️ Bakı Dövlət Universiteti (BDU) “Quacquarelli Symonds” (QS) tərəfindən açıqlanan “QS World University Rankings 2027” siyahısında 565-ci yerdə qərarlaşıb. Universitet ötən illə müqayisədə 123 pillə irəliləyərək Azərbaycanın və Cənubi Qafqazın ən yüksək nəticə göstərən ali təhsil müəssisəsi olub.
🔹 QS reytinqində 106 ölkədən 8808 universitet qiymətləndirilib, 1504 ali təhsil müəssisəsi yekun siyahıya daxil edilib. Qiymətləndirmə akademik nüfuz, işəgötürən reputasiyası, elmi nəşrlərə istinadlar, beynəlxalq əməkdaşlıq və digər göstəricilər əsasında aparılıb.
🔸 BDU son illərdə elmi tədqiqatların gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və əmək bazarına uyğun kadr hazırlığı istiqamətində irəliləyişlər göstərib. Universitet 2026-cı ildə “QS Europe” reytinqində də 58 pillə yüksələrək Avropada 278-ci yerə çıxıb.
🔹 “QS World University Rankings by Subject 2026” nəticələrinə görə, BDU ilk dəfə iki geniş ixtisas kateqoriyasında reytinqə daxil olub. Dar ixtisas sahələrinin sayı 8-ə yüksəlib. Geniş ixtisaslar üzrə BDU Təbiət elmlərində 401–500, Mühəndislik və texnologiyada 501–550 aralığında yer alıb. Dar ixtisaslar üzrə universitet Neft-qaz mühəndisliyi (51–100), Müasir dillər (151–200), Riyaziyyat (251–300), Hüquq (301–350), Kimya mühəndisliyi və Fizika (401–450), Kimya (451–500), Kompüter elmləri (601–650) üzrə təmsil olunub. BDU bu nəticələrlə Azərbaycanın ən çox ixtisas sahəsi üzrə reytinqdə yer alan universiteti olub.
✨ BDU rəhbərliyi əldə olunan nəticələrə görə akademik və inzibati heyəti, tələbələri, tərəfdaş qurumları, eləcə də QS reytinqində yer alan digər Azərbaycan ali təhsil müəssisələrinin kollektivlərini təbrik edir. 👏
▪️ Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ən azı üç ali təhsil müəssisəsinin dünyanın TOP-800 universiteti sırasında yer alması hədəf kimi müəyyən edilib. BDU artıq bu hədəfi təmin edib.
13/06/2026
Bu gün Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının baş müəllimi Lətif Əliyevin doğum günüdür. Fizika fakültəsi ailəsi olaraq Lətif müəllimi doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.
13/06/2026
26 may 2026-cı ildə BDU-nun Fizika fakültəsinin Optika və molekulyar fizika, Maddə quruluşu kafedralarının və BDU-nun Fizika Problemləri ETİ-nun Biofizika şöbəsinin birgə elmi seminarında "Optika və molekulyar fizika" kafedrasının sabiq doktorantı, Nəcəfova Gülyaz Zülfü qızının 2206.01 Molekulyar fizika üzrə fəlsəfə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Amiloid beta-peptid (25-35) molekulunun, onun analoqlarının fəza quruluşları və quruluş-funksiya əlaqələri" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasın sədri Optika və molekulyar fizika kafedrasının müdiri professor Rəna Qasımova iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verdi. Gülyaz Nəcəfova dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər, f.e.d. Larisa İsmayılovanın və akademik Təyyar Cəfərovun dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəyləri, irad və təklifləri səsləndirildi. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Gülyaz Nəcəfovanın fizika üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Nəcəfova Gülyaz Zülfü qızının təqdim etdiyi "Amiloid beta-peptid (25-35) molekulunun, onun analoqlarının fəza quruluşları və quruluş-funksiya əlaqələri" mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə elmləri doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2206.01 – "Molekulyar fizika" ixtisası üzrə fizika üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasına təqdim etmək olar.
13/06/2026
11 iyun 2026-cı il tarixində BDU-nun Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası, Yarımkeçiricilər fizikası, Optika və molekulyar fizika kafedralarının və Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar ETL-in birgə elmi seminarında "Nanomaterialların kimyəvi fizikası" kafedrasının doktorantı Məhəmməd Bağır Əflatun oğlu Bağırovun 2222.01 Nanoquruluşların fizikası və texnologiyası ixtisasından fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "GO-PVS-Ag əsaslı nanokompozitlərin fiziki xassələrinə qamma şüalarının təsiri" mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib. İclasın sədri Yarımkeçiricilər fizikası kafedrasının müdiri professor Vaqif Salmanov iclası açıq elan edərək iddiaçı və dissertasiya işi haqqında qısa məlumat verdi. Məhəmməd Bağır Bağırov dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə etdi. Rəyçilər, f.r.e.d. dos., Fərhad Rüstəmov və f.ü.f.d. Ceyran Sultanova dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Məhəmməd Bağır Bağırovun fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Məhəmməd Bağır Əflatun oğlu Bağırovun təqdim etdiyi " GO-PVS-Ag əsaslı nanokompozitlərin fiziki xassələrinə qamma şüalarının təsiri " mövzusunda dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəlsəfə doktoru dissertasiyalarına qoyduğu tələblərə tam cavab verir və onun müəllifi 2222.01 – "Nanoquruluşların fizikası və texnologiyası" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir.
08/06/2026
05 iyun 2026-cı il tarixində Fizika fakültəsinin Astrofizika kafedrasında növbəti elmi seminar keçirilib. Seminarda kafedranın dosenti Bayram Rüstəmov “Alqol tipli sıx qoşa USge ulduzunun spektral tədqiqi” mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, bircins spektral müşahidə materialı əsasında Algol tipli tutulan-qoşa U Sge ulduzunun spektral xüsusiyyətləri tədqiq edilib. Spektrlər Şamaxı Rəsədxanasının 2 metrlik teleskopunun Kasseqren fokusunda, optik lifli eşele spektroqrafda (ShAFES), R = 28000 spektral ayırdetmə ilə və λ = 3900–7500 Å dalğa uzunluğu diapazonunda 1922–25 ci illərdə alınıb. Tutulan - qoşa U Sge ulduzunun spektrində sistemin orbital periodu ərzində hidrogenin Balmer seriyası (Hα–Hδ), və HeI 5876 Å xətləri , həmçinin rezonans dublet xətləri— Na I D və Ca II K — tədqiq edilib. Müəyyən edilib ki, Hα udulma xətti və K CaII xəttinin ulduzətrafı komponentinin (CS) şüa sürətləri, sistemin orbital periodu ərzində sinxron dəyişkənlik göstərir.
Həmçinin, ölçülmüş şüa sürətləri və ədəbiyyatda dərc olunmuş məlumatlardan istifadə etməklə, U Sagittae sisteminin hər iki komponentinin şüa sürəti əyriləri qurulub.
2022-25 -ci illərdə aparılmış müşahidələrdə USge ulduzunun spektrlərində, CaII xəttinin ulduzətrafı komponenti (CS) və HeI xətləri sistemin isti ulduzu ilə kinematik bağlı olan kompakt akresiya strukturunda və hidrogenin Balmer seriyasının xətləri (H - H) isti ulduzun atmosferində və qismən bu xətlərlə eyni oblastda formalaşdığını göstərir. U Sge qoşa sisteminin orbital hərəkətinin bəzi fazalarında - fazanın təxminən 0.8 qiymətləri ətrafında Hα udulma xəttinin göy qanadında və fazanın təxminən 0.3 qiymətləri ətrafında isə qırmızı qanadında, əlavə udulma detalı müşahidə olunur. Məruzədə bu müşahidə faktının izahı üçün ehtimallı fərziyyələr təqdim olunub.