03/02/2015
"Respublika Məktəblərarası Debat Forumu 2014: Sağlam Həyat Kuboku"-nun qalibi və Bakı Avropa Liseyi Debat Klubunun sədri Aysu Məcidli ilə olan müsahibəmiz.
"Respublika Məktəblərarası Debat Forumu 2014: Sağlam Həyat Kuboku"-nun qalibi və Bakı Avropa Liseyi Debat Klubunun sədri Aysu Məcidli ilə olan müsahibəmiz:
-Salam.Özünüzü təqdim edin.
-Salam. Məcidli Aysu. BAL DK sədri.
-Debatla bağlı ən yadda qalan hadisə hansı olub?
-Əslində sualın cavabı çox genişdir,mənim üçün. Hər dəqiqəsi yadda qalan olur,məncə,debatın. Həm öyrəndiyimiz hər şey yadımızda qalır, həm dediyimiz cümlələr təkrar-təkrar ağlımızdan keçir oyunlardan sonra. Amma bu illər mənim üçün həmişə unudulmaz olacaq,bundan əminəm.
-Debatla ilk tanışlığınız necə olub?
-Debatla tanışlığımızın səbəbi İradə Səmədova (ingilis dili müəlliməsi) olmuşdur. Məktəbimizin məzunu Məhəmməd Səmədov ilə Ayşə Osmanlının keçdikləri təlimlərdə debatla tanış oldum. Məktəbimizdə onlar bu potensialı gördü və klub yaratmaq məqsədilə bu işə başladılar.Əslində məqsəd əvəllər o qədər də debatla bağlı deyildi.İlk təlimimizi xatırlayıram.Sonra klub, sədrlik, turnir söhbəti açıldı. İkinci spikerimiz Ümid ilə mərcə girdik. Sonra başımız tamamən debata qarışdı və özümüzü daxili turnirimizdə tapdıq.Daha sonra klub yaradıldı, DVC tərəfindən rəsmiləşdirildi və Respublika çempionu oldu.
-Gələcəkdə özünüzü hansı sahədə görürsünüz?
-Gələcəkdə hansı sahədə olsam da,debatla əlaqəmi kəsməyəcəyimdən əminəm. Ən azından bir məşğuliyyət kimi.
-Debat sizə nə qazandırdı?
-Debat mənə bir çox şey qazandırıb. ADNA DK debatçıları kimi dostlar, Məhəmməd Səmədov kimi məşqçi, fərqli fikir, özümdən əminlik, həyat tərzimdə bir çox dəyişiklik bağışladı. Təbii ki,çempionluğun üstündən keçmək olmaz. Bizim üçün böyük uğurdur, amma bu uğurdan əvvəl mən böyük qayğı gördüm. Bu uğurdan əvvəl mən sözün əsl mənasında yaxşı insanlar tanıdım, bir yolda onlarla insanla eyni anda addım atmağı öyrəndim və yaşadım. Gözəl anlar bağışladı mənə debat.
-Həyatınızda nə kimi uğurlar olub?
-Hal-hazırda UNESCO-nun LFF lahiyəsi çərçivəsində BAL-da yaradılmış ICT MASTERS ORGANIZATION-un üzvüyəm.”Advanced” dərəcəsi almağım,distantlara, tələbələrə,müəllimlərə təlim keçməyim mənim üçün uğurdur. Kiçik Elmlər Akademiyasının IX elmi-praktik konfransında psixologiya bölməsi üzrə "Sözün gücü" adlı elmi iş müdafiə etdim və birinciliyə layiq görüldüm. Heydər Əliyevin 91-ci illiyinə həsr olunmuş tələbə-şagird elmi konfransında "Bölmənin ən yaxşı məruzəçisi". 2014-cü ildə "Liseyin ulduzu" adı. Special Gənclər klubundan sertifikat və s. Əslində kağızların,dəmir parçalarının əhəmiyyəti yoxdur. Uğur deyəndə mənim üçün bütün bu işlərin içində mənəvi cəhətdən qazandıqlarım nəzərdə tutulur. Xoş münasibətlər məndə motivasiya yaradıb həmişə.
-Neçənçi spiker olmusunuz?
-Əvvəl 1-ci spiker olaraq özümü sınadım. Sonra 3-cü spikerlik daha yaxşı alındı və 3-cü spiker olaraq çıxış etdim.
-Niyə məhz 3?
- 3-cü spikerin əsas məqsədi komandanın son sözünü deməkdir. Bütün oyunu gormək, dinləyə bilmək, daha yaxşı alınırdı.
-Sizə çətinlik yaradan opponent kim olmuşdur?
-Mənə və eyni zamanda komanda yoldaşlarıma,əminəm ki,çətinlik yaradan opponentlərdən biri forumdakı ilk opponentimiz oldu. Yenə elə öz məktəbimizin ikinci komandası. Keyslər məlum olduğu üçün oynamaq çətin idi. Öz aramızda gözümdə həmişə güclü olan spiker Ümid Mahmudov olub. Ən yaxşı spikerin komanda yoldaşı olduğum üçün fəxr edirəm.
-Son olaraq məktəblilərimizə nə demək istərdiniz?
-Məktəblilərə sözüm,onlar da debatla maraqlanmalıdırlar. Biz maraqlandıq,məqsəd qoyduq, və məqsədimizdən daha çox şeyə nail olduq. Debat heç bir zaman vaxt itkisi olmayıb. Mənəvi, intellektual qazancdır debat. Hər kəsə uğurlar!
-Müsahibə üçün təşəkkür edirik.
Müsahibəni götürdü: Gülnar Vəliyeva .