09/09/2024
📌 BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrası: “Sentyabrın 11-dək geomaqnit qasırğası gözlənilir”
☀️ Günəşdə bir neçə oblastda baş verən M sinif və digər alışmalar səbəbindən Günəş aktivliyinin səviyyəsi artıb. Kosmik aparatlar Yerə yönələn tac kütlə atılmaları müşahidə edib.
ℹ️ Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, 10-11 sentyabr tarixlərində Günəş aktivliyi M (R1-R2 - mülayim orta) və müəyyən ehtimalla X (R3 - güclü) səviyyədə olacaq.
🔹 Hazırda geomaqnit qasırğası orta səviyyədədir.
🔹 Sentyabrın 10-u saat 17:00 radələrindən başlayaraq geomaqnit qasırğa G1 (mülayim) səviyyəsinə yüksələcək, sentyabrın 10-u gecə və 11-i səhər saat 06:00 radələrində G2 (orta) səviyyədə olacaq. Sentyabrın 11-i saat 13:00 radələrindən başlayaraq geomaqnit sahə normal fon səviyyəsinə düşəcək.
🔹 Geomaqnit qasırğa daha çox yüksək coğrafi enliklərdə müşahidə olunacaq. Orta coğrafi enliklərdə isə mülayim olaraq hiss ediləcək.
14/09/2022
Bakı Dövlət Universitetində (BDU) 2022-2023-cü tədris ilinin payız semestri ənənəvi formada təşkil olunacaq.
Bu barədə BDU Elmi Şurasının iclasında qərar qəbul olunub.
Bununla yanaşı, fakültə və kafedralarla məsləhətləşməklə ümumi fənn blokuna daxil olan bəzi fənlərin onlayn keçirilməsinə imkan yaradıla bilər.
🇦🇿
03/08/2022
FAKÜLTƏNİN ƏMƏKDAŞI PORTUQALİYADA BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB.
Fizika fakültəsinin əməkdaşı Şirxan Hümbətov Beynəlxalq Maye Kristal Cəmiyyəti tərəfindən 24-29 iyul 2022-ci il tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində təşkil olunmuş 28-ci Beynəlxalq Maye Kristal Konfransında iştirak edib. Qeyd vedək ki, Şirxan Hümbətov 2015-ci ildən Beynəlxalq Maye Kristal Cəmiyyətinin üzvüdür və bu cəmiyyət tərəfindən əvvəllər təşkil edilmiş 2 konfransda iştirak etmişdir. Beynəlxalq Maye Kristal cəmiyyəti hər iki ildən bir dünyanın müxtəlif elm mərkəzlərində konfranslar təşkil edilir. Sayca 28-ci olan konfransda dünyanın müxtəlif elm, təhsil və sənaye mərkəzlərindən 500 nəfərdən çox alim və mühəndis qatılmışdır iştirak ediblər. Şirxan Hümbətov konfransda “BaTiO3 nanohissəciklərinin smektik A fazalı maye kristalın dielektrik və faza keçidi xassələrinə təsiri" adlı məruzə ilə iştirak etmişdir. Konfransın materiyalları Maye Kristal jurnalında (3.074 Impact factor, Q1, Scopus) çap ediləcək.
Photos | (ilcc2022.org)
19/07/2022
Məzunlar 30 ildən sonra universitetdə görüşdülər.
02.07.2022-ci il tarixində Bakı Dövlət Universitetində məzunların universiteti bitirməklərinin 30 illiyi ilə bağlı görüşü keçirilib. Belə ki, Fizika fakultəsinin 260-cı qrupun 1992-ci il məzunları 30 ildən sonra doğma universitetin audiroriyaların ayaq basıblar. Görüşdə müəllimlər və BDU-nun rektoru Elçin Babayev iştirak edib. Fizika fakültəsinin 437 saylı auditoriyasında keçirilən görüşdə həm Bakıda , həm də Azərbaycanın müxtəlif bölgələrinin orta məktəblərində fizikanı tədris edən müəllimlər, həmçinin digər sahələrdə çalışan məzunlar iştirak edib. Əyani iştirak edə bilməyən digər məzunlar , o cümlədən xaricdə yaşayan məzunlar görüşə online formatda qoşulublar.Vaxtilə onlara Elektron hesablama maşınları və proqramlaşdırma fənnini tədris edən dosent Qurban Qasımov bu dərsin təkamülü, müasir tədrisi haqqında məzunlarla müzakirə etdi. Məzunlar 30 il əvvəlki xatirələrini bölüşdülər. Sonda məzunlar, Qurban müəllim və rektor Elçin Babayev ilə xatirə şəkli çəkdirdilər.
22/06/2022
Bakalavrların diplom işlərinin müdafiəsi başlayıb.
Fizika fakültəsində Yekun Dövlət Attestasiyasına buraxılan IV kurs tələbələrinin diplom işlərinin müdafiəsi başlayıb. 21 iyun 2022-ci il tarixində “Fizik” ixtisası üzrə 18 tələbə diplom işlərini Yekun Dövlət Attestasiyası üzrə komissiyaya təqdim edib. Tələbələr apardıqları tədqiqatlar və nəticələri barədə ətraflı məlumat veriblər, diplom işinin mövzusu üzrə dolğun bilik nümayiş etdiriblər və komissiya üzvlərinin suallarını cavablandırıblr. Komissiya tərəfindən təqdim olunan işlər və tələbələrin bilikləri yüksək qiymətləndirilib. Tələbələrin diplom işlərinin müdafiəsi davam edir.
01/06/2022
Fakültənin kollektivi “Texnofest-Azərbaycan” Festivalında iştirak edib.
28 may 2022-ci il tarixində Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev və dekan müavini Vüsal Məmmədovun rəhbərliyi ilə fakültənin bir qrup tələbəsi “Texnofest- Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştirak edib. Onlar festivalda nümayiş olunan eksponatlarla, təqdim olunan startap layihələri ilə tanış olub, Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən qaliblərin mükafatlandırılması prosesini izləyiblər. Sonra müxtəlif şoulara tamaşa ediblər və xatirə şəkilləri çəkdiriblər.
01/06/2022
31 may 2022-ci il tarixində Bərk cisimlər fizikası kafedrasının növbəti elmi seminarı eçirilib. Seminarda kafedranın keçmiş dissertantı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşı Hüseynağa Hüseynov “Aşağıölçülü elektron sistemlərdə anizotrop kinetik hadisələr” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi çıxışında təqdim olunmuş işin aktuallığı, qarşıya qoyulan prioritet məsələlər, aparılmış hesablamalar, əldə olunmuş elmi nəticələr, tədqiqatın üstünlükləri və tədqiqatla bağlı problemlər haqda məlumat verdi. O bildirdi ki, tədqiqat işində kosinusoidal dispersiya qanununa tabe olan ifratqəfəs və laylı sistemlərdə elektrikkeçiriciliyi, istilikkeçiriciliyin elektron hissəsi, qalvano- və termomaqnit əmsalların anizotropluğunun nəzəri tədqiqi, enerji spektri, səpilmə mexanizminin anizotropluğunun, həmçinin aşağıölçülü elektron qazının parametrlərinin və xarici sahənin təsiri ilə kinetik hadisələrdə yaranan xüsusiyyətlər müəyyən edilib. Göstərilib ki, Holl əmsalı ifratqəfəslərdə maqnit sahəsinin istiqamətindən asılı olaraq işarəsini dəyişir. İşarə dəyişkənliyi minizonada mənfi effektiv kütləli sahələrin olması ilə şərtlənir. Ifratqəfəslərdə Holl əmsalının anizotropluğu elektron qazının ölçüsündən asılıdır: kvaziüçölçülüdən kvaziikiölçülü hala keçdikdə anizotropıuq azalır. GaAs/AlGaAs ifratqəfəsi üçün aparılan ədədi hesablama göstərdi ki, eninə maqnit müqaviməti uzununa maqnit sahəsində, eninə sahədən fərqli olaraq, ekranlaşma radiusunun ifratqəfəsin perioduna nisbətindən qeyri-monoton asılıdır və bu nisbətin müəyyən qiymətində fərdi xüsusiyyətə malikdir: maqnit müqaviməti ekranlaşma radiusundan asılı olaraq işarədəyişən formada ossilyasiya edir. Tapılmışdır ki, güclü ekranlaşmış aşqar ionlarından səpilmədə maqnit müqaviməti müsbətdir və güclü maqnit sahəsində ekranlaşma radiusundan asılı deyil, bu isə onu göstərir ki, baxılan halda tsiklotron orbiti aşqar ionunun ekranlaşma sahəsini örtür. Bundan başqa tapılmışdır ki, maqnit sahəsinin aralıq qiymətlərində eninə maqnit müqaviməti öz işarəsini ifratqəfəsdə Fermi səviyyəsi mini-zonanın ortasında olduqda dəyişir. Fermi səthi nahamar silindr olduqda minizonada mənfi effektiv kütləli sahələr yaranır. Eninə maqnit müqavimətin işarə dəyişməsi mini-zonada mənfi effektiv kütləli sahələrin olması səbəbindən tsiklotron orbit üzrə fırlanmaları fərqli olan iki cür elektron qrupunun müxtəlif səpilmə mexanizminə malik olmaları ilə bağlı olduğu seminar iştirakçılarının nəzərinə çatdırılıb.
Seminar iştirakçıları tərərfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında müzakirələr aparılıb və verilən suallar məruzəçi tərəfindən cavablandırılıb.
25/05/2022
Ümumi fizika və FTM kafedrasında seminar keçirilib
25 may 2022-ci il tarixində Fizika fakültəsi Ümumi fizika və FTM kafedrasının elmi seminarında dosent Eldar Ələkbərov “Фазовые переходы и кинетика кристаллизации в тонких пленках твердых растворов TlGa1-xGexSe2” mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, tipli nanoqalınlıqlı təbəqələrin struktur xassələrinin öyrənilməsi müasir cihazqayırmada aktuallığını saxlayır. Bu mürəkkəb yarımkeçirici birləşmələr əsasən anizotrop olurlar və müasir optoelektronika üçün maraq kəsb edirlər. TlGaSe2 birləşməsi, kristall qəfəsin özünəməxsus quruluşuna malik olan tipli natamam valentli yarımkeçirici birləşmələrin səciyyəvi nümünəsidir. Göstərilən qrupun əksər birləşmələrində kation düyünlərin bir hissəsi vakantdır. Bu da onları kimyəvi rabitənin təbiətinə və qiymətinə görə digər yarımkeçirici materiallardan əhəmiyyətli dərəcədə fərqləndirir. Bu nöqteyi-nəzərdən, dördüncü qrup elementlərinin yuxarıda göstərilən birləşmələr üçün qarışıq kimi istifadəsi maraq kəsb edir. Eldar Ələkbərovun məruzəsi ətrafına müzakirələr aparılıb, məruzəçi iştirakçıların suallarını cavablandırıb.
24/05/2022
Fizika fakültəsinin əməkdaşları Şamaxı rayonuna səfər ediblər
22 may 2022-ci il tarixində Fizika fakültəsinin əməkdaşları Şamaxı rayonuna səfər edib, rayonun bir sıra görməli yerlərini gəziblər. Səfər çərçivəsində onlar AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında olublar. Fizika fakültəsinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov Rəsədxananın fəaliyyəti barədə əməkdaşlara əməkdaşlara məlumat verib. O, Rəsədxananın inkişaf tarixindən, burada quraşdırılmış 2 metrlik teleskopun iş prinsipindən, son illər baş vermiş dəyişikliklərdən danışıb, gələcək inkişafın astrofizika elmi iləsıx bağlı olduğunu vurğulayıb. Xıdır Mikayılov həmçinin Fizika fakültəsinin IV kurs tələbələrindən bir qrupunun yaxın vaxtda Rəsədxanada təcrübə keçdiklərini diqqətə çatdırıb. Sonra Fizika fakültəsinin əməkdaşları rayonun Dəmirçilər kəndinə baş çəkib,orada yerli sənətkarların işləri ilə tanış olublar. Onlar həmçinin burada yerləşən Şamaxı Arxeologiya Muzeyində toplanmış eksponatlarla tanış olub, bu yerlərin tarixi barədə dəyərli məlumatlar əldə ediblər.
21/05/2022
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin təşkilatçılığı ilə keçirilən "Fizika və Astronomiya problemləri" mövzusunda XXIl Respublika elmi konfransının Biofizika və molekulyar fizika bölməsindən
21/05/2022
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin təşkilatçılığı ilə keçirilən "Fizika və Astronomiya problemləri" mövzusunda XXIl Respublika elmi konfransının Fiziki elektronika bölməsindən
21/05/2022
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin təşkilatçılığı ilə keçirilən "Fizika və Astronomiya problemləri" mövzusunda XXIl Respublika elmi konfransının Nanoquruluşların fizikası və texnologiyası bölməsindən