14/06/2026
Məktəbimizdə "Son Zəng" tədbiri keçirilib
13.06.2026-cı il tarixində məktəb həyətində 2025-2026-cı tədris ili üzrə "Son Zəng" tədbiri təntənəli şəkildə qeyd olunub. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elyar Babayev, valideynlər, birinci sinif şagirdləri və günün qəhrəmanları olan məzunlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra məktəbin şəhidi, leytenant Samir Əliyevin timsalında Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən məktəbin direktoru Yaqut Kərimli təhsil ocağının il ərzində qazandığı uğurlardan bəhs edərək məzunlara müstəqil həyatda müvəffəqiyyətlər arzulayıb. Tədbirdə qonaq qismində iştirak edən Xətai RİH-nin nümayəndəsi Elyar Babayev məzunları bu əlamətdar gün münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. Valideynlər adından çıxış edən Tahir Hüseynov isə müəllim kollektivinə fədakar əməyinə görə təşəkkürünü bildirərək, övladlarına parlaq gələcək arzu edib.
Məzunlar Əhmədli Nigar və Məcidzadə Fatimənin aparıcılığı ilə davam edən tədbirin bədii hissəsi olduqca rəngarəng və yaddaqalan anlarla zəngin olub. Məktəbin birinci sinif şagirdləri hazırladıqları şeirlərlə məzun doğmalarını təbrik ediblər. Daha sonra səhnəyə çıxan məzunlar öz istedadlarını nümayiş etdirərək hazırladıqları milli və xarici rəqslərdən ibarət geniş proqramla çıxış ediblər. Məzun Qurbanlı Ülkərin sazda ifa etdiyi "Ruhani" havası isə tədbirə xüsusi bir rəng və milli ruh qatıb.
Məktəbin ənənəsinə sadiq qalaraq, tədbirdə simvolik açarın ötürülməsi mərasimi keçirilib. Məzun Surxayeva Nübar məktəbin simvolik açarını gələcək estafet nümayəndələrinə, 10 "A" sinif şagirdi İsmayılzadə Şəmsə təqdim edib.
Tədbirin ən həyəcanlı və duyğulu anında məzun Əfəndiyev Əli və 1 "C" sinif şagirdi Yolçiyeva Zəhra birlikdə məktəb illərinin bitdiyini və yeni həyatın başladığını müjdələyən son zəngi çalıblar. 2025-2026-cı tədris ilinin "Son Zəng" tədbiri bütün iştirakçıların, müəllim və şagirdlərin böyük coşqu ilə qatıldığı "Yallı" rəqsi ilə yekunlaşıb.
Məktəb kollektivi olaraq bütün məzunlarımıza müstəqil həyat yolunda uğurlar, qarşıdan gələn imtahanlarda yüksək nailiyyətlər arzulayırıq! Yolunuz açıq olsun, əziz məzunlar!