06/05/2025
Sems Rzazade
Böyük amerikan ixtiraçısı, dahi B.Henridən jurnalistlər müsahibə alarkən, belə bir sual verirlər:
- Sizin uğurlarınızda nəyin rolu daha böyükdür: təhsilinizin yoxsa özünüzü sonradan inkişaf etdirməyinizin?
O, isə belə cavab verir:
- Anamın. İcazə verin sizə bir hadisəmizi danışım. Təxminən 3-4 yaşlarım olanda bir dəfə soyuducudan süd butulkasını götürmək istəyirdim. Butulkanı tuta bilmədim və əlimdən düşdü qırıldı. Bu vaxt səsə anam mətbəxə gəldi. Mənə baxıb gülümsəyərək dedi, "Bax, Henri, gör süddən necə möhtəşəm göl yaratmısan. Elə deyilmi? İstərsənmi bərabər bu göldə oynayaq?" Mən başımla təsdiqlədim. Anamla yerə əyildik və iri şüşə qırıntılarından götürüb bir neçə dəqiqə "süd gölünün" içində qayıq kimi üzdürdük. Sonra anam dedi, "Henri, hər insan öz dağıtdığını toplamalıdır elə deyilmi? Yəqin sən məndən buranı təmizləmək üçün parça istəyərsən." Mən təsdiqlədim və anam südün içindən təhlükəli şüşə qırıntılarını toplayıb qalanını təmizləmək üçün mənim öhdəmə buraxdı. Bir müddət sonra anam məni yanına çağırıb dedi: "Henri, istəyirsənmi sənə süd butulkasını soyuducudan necə çıxartmağı öyrədim?" Anam soyuducunu açdı, bir əli ilə butulkanın altından, digəri ilə üstündən tutaraq südü çıxardı və biz bərabər südü necə stəkana tökməyi öyrəndik. Və mən xətalarımdan yeni biliklər çıxarmağı, bezmədən, yorulmadan, əl çəkmədən təcrübə etməyi südü tökdüyüm gün öyrəndim...
Siz də istərdinizmi bir gün övladınız öz uğurlarında sizə təşəkkür etsin? Elə isə vuran, azarlayan yox, öyrədən valideyn olun. Hər hadisə uşaq üçün kəşf meydanıdır. Sadəcə dünyaya uşaqların gözü ilə baxmaq lazımdır. Unutmayın ki, bir müsibət min nəsihətdən təsirlidir. Uşaqlar yıxılıb-qalxaraq öyrənir.