16/11/2014
Bir şah var idi, ova getməyi sevərdi. Bir gün ən yaxın dostu ilə
yenə ova gedirlər. Dostunun ən sevdiyi ifadə "Bunda da bir
xeyir var" imiş, nə baş versə ilk cümləsi bu olarmış "Bunda da
bir xeyir var." Həmin gün ov zamanı onların qarşısına bir şir
çıxır, şaha hücum edir, dostu şiri güllə ilə vurana qədər heyvan
şahın bir barmağını dişləyib qoparır. Şah ağrı içində qıvrıldığı vaxt dostu onu sakitləşdirməyə çalışır "Narahat olma, bunda da
bir xeyir var." Şah hirslənir, saraya gəlib əmr edir ki, onun ağrı
içində olduğu zaman bunda da bir xeyir olduğunu deyən
dostunu zindana atsınlar. Dostunu zindana aparırlar. Üstündən illər keçir. Şah bir gün vəziri ilə ova gedir. Ov zamanı
adamyeyənlər onlara hücum edirlər, onları tutub yeməyə
aparırlar. Birdən adamyeyənin biri şahın bir barmağının
olmadığını görür. Məlum olur ki, onlar bədən xəsarəti olan
insanları yemirlər. Odur ki, şahı buraxırlar getsin. Şah göz
yaşları içində saraya qayıdır. Barmağının kəsilməyində də xeyir olduğunu anlayır, zindandakı dostunun yanına gedir, olanları
ona danışıb ondan üzr istəyir, onu illərlə zindanda saxladığı
üçün bağışlamasını xahiş edir. Dostu isə gülümsəyərək deyir,
"Narahat olma, bunda da bir xeyir var imiş." Şah bu dəfə
hövsələdən çıxır: "Necə yəni bunda da bir xeyir var? İllərdir
zindanda yatırsan, bunda nə xeyir olacaq?" Dostu cavab verir: "Sən məni o vaxt zindana atmasaydın bu gün səninlə ova
gedən adam mən olacaqdım və o adamyeyənlər də məni
yeyəcəkdilər. Görürsənmi, bunda da bir xeyir var."