ADPU Könüllüləri Təşkilatı

ADPU Könüllüləri Təşkilatı

Share

Əsas məqsədimiz tələbələrə ictimai faydalı məqsədləri həyata keçirmək üçün müxt?

09/09/2024

Azərbaycanla İtaliya arasında münasibətlər strateji xarakter daşıyır və iki ölkə arasında əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə davamlı inkişaf edir

Dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınan Azərbaycan səmərəli ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə üstünlük verir. Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqı, həmçinin quruma üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir, yeni istiqamətlər müəyyənləşdirilir.
Azərbaycanın Avropada ən qədim dövrlərdən diplomatik əlaqələr saxladığı, müstəqilliyini tanıyan ölkələrdən biri də İtaliyadır. Bu əlaqələr tarixi köklərə, qarşılıqlı etimada əsaslanan münasibətlərə, ortaq maraqlara, strateji tərəfdaşlığa və dostluğa söykənir.
İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımış, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılmışdır. 1997-ci ilin mart ayında İtaliya hökuməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis etmişdir. 2003-cü ilin dekabr ayında Azərbaycan Respublikasının İtaliyada səfirliyi açılmışdır. 1997-ci ilin 25-28 sentyabr tarixlərində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin İtaliyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına təkan vermişdir.
Azərbaycanla İtaliya arasında münasibətlər strateji xarakter daşıyır və iki ölkə arasında əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə davamlı inkişaf edir. Beynəlxalq müstəvidə daim bir-birini dəstəkləyən iki ölkə arasında böyük etimad formalaşıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya ilə çox səmərəli münasibətlər qurub və indiyə qədər dövlətlər arasında tərəfdaşlıq böyük inkişaf yolu keçib. Ölkələrimiz arasında əlaqələr hər zaman yüksək səviyyəsi, çoxşaxəliliyi və nümunəvi dinamikası ilə seçilib. Hazırda İtaliya Avropa İttifaqına üzv ölkələr arasında Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
İtaliya ilə son 10 ildə ticarət dövriyyəsinin dəyəri 2 dəfə artaraq 17 milyard dollara çatıb. Keçən il ölkələr arasında ticarət dövriyyəsinin həcmi 15 milyard 685 milyon ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycandan İtaliyaya 15 milyard 208 milyon dollar dəyərində məhsul göndərilib. Enerji sahəsində əməkdaşlığın vacibliyi, neft şirkətləri arasında bağlanan müqavilələrin davamlı olması hər iki ölkə üçün faydalıdır. Bu gün TAP layihəsi həm İtaliyanın, həm də Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm əhəmiyyətə malikdir və Avropanın 10 ölkəsinin enerji təchizatında mühüm rol oynayır. 2021-ci ildə Azərbaycan TAP qaz kəməri ilə İtaliyaya 7 milyard kubmetrə yaxın qaz nəql edib və İtaliyanın qaz bazarında üçüncü tərəfdaş olub. Ötən il isə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub və Azərbaycanla Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə ən azı 20 milyard kubmetrə çatmalıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 6 sentyabr tarixində İtaliyaya ikigünlük işgüzar səfəri çərçivəsində İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və "The European House - Ambrosetti" beyin mərkəzinin dəvəti ilə Çernobbio şəhərində keçirilən beynəlxalq forumda əsas qonaq qismində iştirakı, həmçinin dövlətimizin başçısının forumun plenar iclasında "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxış etməsi ölkəmizə və onun liderinə olan böyük hörmətin nümunəsidir.
Ölkə Prezidenti cənab İlham Əliyevin İtaliyaya dövlət səfəri ikitərəfli əlaqələr və əməkdaşlıq münasibətləri baxımından keyfiyyətcə yeni bir mərhələnin əsasını qoymuş oldu. Bu səfər həm regional, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb edir, yüksək siyasi dialoq hazırkı dövrlə yanaşı, gələcək illərdə də əlaqələrin şaxələnməsinə, beynəlxalq əhəmiyyətli məsələlərdə səmimi tərəfdaşlığa xidmət edir.

Günay MƏHƏRRƏMOVA,
ADPU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri

09/07/2024

Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə əməkdaşlığı getdikcə daha geniş vüsət alır

Bu il ilk dəfə olaraq TDT-yə üzv dövlətlərin başçıları qeyri-rəsmi Zirvə görüşündə bir araya gəlirlər. Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı qərar ötən ilin noyabrında Astanada TDT-nin “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilib. Bu, bir daha ölkəmizin Türk dövlətləri ilə münasibətlərə necə böyük əhəmiyyət verdiyini göstərir. Artıq yalnız rəsmi deyil, eyni zamanda, qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirilməlidir. Zirvə toplantısının həsr edildiyi nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzular sözügedən sahələr üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bir daha vurğulayır. Tədbir Türk Dövlətləri Təşkilatının gündəliyində duran məsələlərin dövlət və hökumət başçıları səviyyəsində müzakirəsi və reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
“Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir”. - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il fevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi bu fikirlər Türk dünyasının birliyinin möhkəmləndirilməsinə və inkişafına ölkəmizin verdiyi önəmi nümayiş etdirir.
Ölkəmizin Türk dünyası ilə əlaqələrini nümayiş etdirən amillərdən biri də intensiv qarşılıqlı səfərlərdir. Bir neçə gün əvvəl dövlətimizin başçısı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə qeyd etdiyi kimi, o, son iki ildə Qazaxıstana dörd dəfə, Qazaxıstan Prezidenti isə həmin müddətdə Azərbaycana üç dəfə səfər edib. Bundan əlavə, Türkiyə, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr prezidentləri, həmçinin Macarıstanın Baş naziri ötən iki ildə Azərbaycana səfərlər ediblər. Prezident İlham Əliyev də sözügedən ölkələrdə səfərdə olub. Bütün bunlar ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
Ötən il Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 23,7 faiz çoxdur. Ümumilikdə, ötən il təşkilata üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 16 faizinə bərabər olub. Rəqəmlərdən də görünür ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə əməkdaşlığı getdikcə daha geniş vüsət alır.
Azərbaycanın Türk dünyası ölkələrinin birliyinə daha bir töhfəsi isə Orta Dəhliz layihəsidir. Orta Dəhlizi dəyər zənciri də adlandırmaq mümkündür. Lakin bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula malik Türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə əsas verir. Bu gün Azərbaycan Orta Dəhliz layihəsinin əsas həlqələrindən biri hesab edilir. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Azərbaycan, eyni zamanda, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Ölkəmiz hazırda dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Buradan da görünür ki, ölkəmiz Şərqdən Qərbə, yəni, Mərkəzi Asiyadan Avropaya uzanan marşrutun səmərəliliyinin artırılması üzərində ciddi işləyir ki, bu da TDT-yə üzv dövlətlərin əksəriyyətinin yerləşdiyi coğrafiyadan onların mallarının Qərb istiqamətində daha qısa zamanda və daha ucuz çatdırılmasını təmin edir.
Əminliklə deyə bilərik ki, Şuşa Zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi üçün mühüm platforma olacaq.

Cavid HÜSEYNOV,
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, mətbuat katibi

06/07/2024

ŞƏT plyus” formatında keçirilmiş görüş dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyətə malikdir

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə möhkəmlənir, dünya ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişlənir. Bölgədə və dünyada söz sahibi olan Azərbaycanın bugünkü inkişafı siyasi, iqtisadi, hərbi, mədəni və sair sahələrdə qazandığı uğurlarla özünü büruzə verir. Beynəlxalq müstəvidə etibarlı tərəfdaşlığın məntiqi nəticəsi olaraq ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir və beynəlxalq təşkilatlarda uğurla təmsil olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 iyul 2024-cü il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə çıxışı ölkəmizin dünya dövlətləri ilə mövcud olan etibarlı əməkdaşlıq əlaqələrini bir daha təsdiqi etdi.
Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Qazaxıstan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir. Azərbaycan ikinci dəfədir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət olunub.
Ümumiyyətlə, “ŞƏT plyus” formatında keçirilmiş görüş dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyətə malikdir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Qeyd edək ki, ŞƏT-ə üzv dövlətlərlə görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edilir, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətinin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək ölkələr arasında münasibətlərin gələcək inkişaf yolları müzakirə olunur. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verir.
Ölkə başçısı cənab İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı həmçinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etməsindən və Ermənistanın otuzillik işğalına son qoymasından bəhs edərək, bütün bunların beynəlxalq hüquq və tarixi ədalətin bərpası kimi qiymətləndirilməli olduğunu və Azərbaycanın Ermənistanın otuzillik işğalına son qoymaqla BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsini icra etdiyini diqqətə çatdırmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyev çıxışında Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti də vurğulayaraq qeyd etmişdir: "Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq".
Bütün bunlar Azərbaycanın xarici siyasətinin, uğurlu çoxtərəfli və ikitərəfli diplomatiyasının təzahürüdür. Azərbaycanın COP29-a sədrliyi ölkənin qlobal səviyyədə siyasət yürüdən ölkə olduğunu, qlobal aktor olduğunu və dünyanın aparıcı ölkələrinin Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduqlarını göstərir. Astana görüşü Azərbaycanın bu təşkilatla uzunmüddətli planda əməkdaşlığı üçün yeni perspektivlər müəyyən edə bilər. Hazırda Azərbaycan qlobal səviyyədə söz sahibi olan ölkələrdən birinə çevrilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi bunu bir daha sübut edir.

Ümid Mehdiyev - ADPU-nun rektor müşaviri

25/06/2024

Silahlı Qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Hər bir dövlətin və xalqın müstəqilliyinin və onun təhlükəsizliyinin təmin olunmasında ordu amili müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Ordusunun formalaşması, Silahlı Qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Müstəqilliyin ilk illərində Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi.
Ulu Öndər Heydər Əliyev hələ 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesini başlatmışdı. Məhz elə buna görə də deyə bilərik ki, silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.
Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.
Eyni zamanda, bu illər ərzində güclü iqdisadiyyatımız formalaşmışdı. Ölkədə vətəndaş həmrəyliyi hökm sürürdü. Səfərbər olmuş cəmiyyət formalaşmışdı və xalq öz prezidentinin ətrafında birlik nümayiş etdirirdi.
Bu reallıqlar fonunda yenilməz ordumuz möhtəşəm tarix yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi.
2023-cü ilin sentyabrında isə birgünlük antiterror tədbirləri nəticəsində Qarabağda erməni separatizmi tamamilə məhv edildi və dövlətimizin suverenliyi tam təmin olundu. Ümumiyyətlə, Azərbaycan Ordusu həm 44 günlük müharibə, həm də antiterror tədbirləri zamanı beynəlxalq humanitar tələblərə uyğun davranaraq mülki əhaliyə zərər vermədi, əksinə, dinc insanların qorunması üçün zəruri addımlar atdı. Bu baxımdan, Azərbaycan Ordusu bütün dünya üçün nümunə yaratmış oldu. Bütün bunlar açıq şəkildə təsdiq edir ki, Azərbaycan Ordusu paradlar ordusu deyil, güclü, peşəkar, müharibədə, real döyüş əməliyyatlarında öz sözünü demiş, özünü təsdiq etmiş ordudur.

Axundov Asif Əbülfəz oğlu. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent. ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı

24/06/2024

Ölkəmizin ev sahibliyi etdiyi Humanitar Forumlar dünya üçün yeni maarifçilik dalğası yaradıb


Hazırda bəşəriyyəti ciddi şəkildə dekarbonlaşma, onun tempi və miqyası düşündürür. Bu baxımdan son dövrlər ölkəmizdə keçirilən möhtəşəm tədbirlərin fəlsəfəsini yaşıl enerjiyə keçid təşkil edir.
Ölkəmizin ev sahibliyi etdiyi Humanitar Forumlar dünya üçün yeni maarifçilik dalğası yaratmışdır. Cari ildə keçiriləcək COP29 tədbiri humanizm və gələcəyə optimist baxışların formalaşması nöqteyi - nəzərindən daha böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin iyunun 21-də “Euronews”a verdiyi və Azərbaycanın yaşıl gündəliyini ehtiva edən müsahibəsi bu istiqamətdə bütövlükdə regionun perspektiv enerji xəritəsini müəyyənləşdirmək üçün mühüm əhəmiyyətə malikdir. Xüsusən Azərbaycanın COP29-a ev sahibliyi etməsi fonunda dünyanın təmiz enerjiyə transformasiya nəbzinin Azərbaycanda döyündüyünü nəzərə alsaq, dövlətimizin başçısının verdiyi bəyanatların həlledici əhəmiyyəti, təbii ki, mübahisə doğurmur.
Dövlət başçısı müsahibə zamanı Azərbaycanın “yaşıl gündəliyi”ni nümayiş etdirdiyini, habelə respublikamızın nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən, bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici olduğunu diqqətə çatdıraraq bildirmişdir: “Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır”.
Azərbaycanın özünün ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəltməsi bu sahədə ölkəmizə olan inamı daha da möhkəmləndirir. Bu isə əlavə addımları zərurətə çevirir ki, Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, biz, ilk növbədə, milli enerji şəbəkəmizi gücləndirməli, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalı, ötürülmə xətləri ilə bağlı qonşularla fəal çalışmalıyıq.
Ölkə başçısı cənab İlham Əliyev verdiyi müsahibədə bərpaedilən enerji sahəsində strateji tərəfdaşlarının olmasının önəmini vurğulayaraq qeyd etmişdir: ““Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır. Həmçinin “ACWA Power” və BP sərmayədarlarımız sırasındadır. Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var”.
Dövlət başçısının diqqətə çatdırdığı bu məsələlərin həlli istiqamətində qısa müddətdə ciddi layihələr gerçəkləşdirilib. Məhz bunun nəticəsidir ki, respublikamızda enerji keçidi üzrə reallaşdırılan layihələr çərçivəsində indiyədək, ümumilikdə, 1,5 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb və bu sərmayə qoyuluşunun gəcəkdə də davam etdiriləcəyi nəzərdə tutulub.
Qeyd edək ki, yerli və xarici ekspertlər tərəfindən ölkəmizdə 20-25 il müddətinə hesablanan “yaşıl enerji” layihələri Azərbaycanın gələcəyinə, dövlət siyasətinə olan inamın göstəricisi kimi dəyərləndirilir.
Göründüyü kimi, həyata keçirilən bu uğurlu siyasət, eyni zamanda, elmi-texniki potensiala əsaslanmaqla, iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payının artırılması ilə müşahidə olunur və eyni zamanda, iqlim dəyişikliklərinə təsir edən amil kimi çıxış edir.

Reyhan Ağayeva - Kimya və biologiya fakültəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru, dosent

05/06/2024

Bakı Enerji Həftəsi təkcə enerji təhlükəsizliyi sahəsində deyil, eyni zamanda, siyasi cəhətdən də Azərbaycan üçün önəmli bir platformadır

İyunun 4-də Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında çıxış edərkən Azərbaycanın bu sektorda qət etdiyi yol, əldə etdiyi nailiyyətlərlə yanaşı, həm də gələcək inkişaf üçün yol xəritəsini aydın şəkildə göstərdi.
Bu tədbir 30 ildir ki, neft, qaz və enerji sektorunda mühüm əməkdaşlıq platformasına çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin əvvəlki illərdə olduğu kimi 2024-cü ildə də Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunun göstəricisidir. Uzun illər uğurla təşkil edilən sərgiyə ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin birinci şəxsləri öz təbrik məktublarını göndərirlər. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. 37 ölkədən 300-dək şirkətin iştirak etdiyi Bakı Enerji Həftəsinə İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir qatılırlar. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən iştirakçılardır.
Bakı Enerji Həftəsi təkcə enerji təhlükəsizliyi sahəsində deyil, eyni zamanda, siyasi cəhətdən də Azərbaycan üçün önəmli bir platformadır. Tədbirin bir çox dünya ölkələrindən olan şirkətləri, yüksək səviyyəli qonaqları, dövlət xadimlərini və beynəlxalq enerji ekspertlərini Bakıya toplaması təsadüfi deyil. Azərbaycan paytaxtı artıq bir müddətdir ki, nüfuzlu tədbirlərin təşkil edildiyi və mühüm qərarların və əməkdaşlıqların müzakirə edildiyi məkana çevrilib.
Tədbir zamanı iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq birliyi dəstəkləmək üçün 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin təqdir olunması, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın nüfuzu, tədbir iştirakçılarının ölkəmizin uğurlarını yüksək dəyərləndirməsi, dinamik inkişafı ilə fərqlənən Bakı şəhəri haqqında müsbət fikirləri əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla realizə olunduğundan xəbər verir.
Bu il Bakı Enerji Həftəsinin Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasının 30 illiyinə təsadüf etdiyini nəzərə alaraq sazişin ötən dövrdə ölkəmizə qazandırdığı uğurların təhlili bir zərurət kimi qarşıda dayanır: “Əsrin müqaviləsi” ilə iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirərək ölkəmiz böyük investisiyalar məkanına çevrildi. Bu müqavilə Azərbaycana yeni dostlar və tərəfdaşlar qazandırdı, ölkəmiz etibarlı və arzulanan tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Müqavilənin imzalanmasından hasilata qədər cəmi üç il vaxt ötdü və sonra Qara dəniz limanlarına gedən iki boru xətti istismara verildi.
Azərbaycanın enerji sahəsində həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz artıq enerji sektorunda öz sözünü demişdir. Bu gün Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.


Arzu Daşdəmirov - ADPU-nun Fizika fakültəsinin dekanı, dosent, əməkdar müəllim

26/05/2024

COP29 tədbirinin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini, rolunu və nüfuzunu göstərəcəkdir


Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 21 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub. Xüsusi olaraq vurğulamaq lazımdır ki, üç il əvvələ qədər Azərbaycan dünyada Cənubi Qafqazın iqtisadi və hərbi gücü, nəhəng enerji və nəqliyyat infrastrukturlarının müəllifi, regionda söz sahibi olan aparıcı dövlət kimi tanınırdı. 2020-ci ilin Vətən müharibəsində isə bunların sırasına biri də əlavə olundu: Cənubi Qafqazın qalib dövləti.
44 günlük Vətən müharibəsi və antiterror zamanı işğal olunan ərazilərimiz tamamən işğalçılardan azad edildi və Qarabağ problemi kökündən həll olundu. Hal-hazırda Azərbaycanı dünyanın ən sabit ölkələrindən biri hesab etmək olar. Bu göstəricinin nəticəsidir ki, ölkəmizə davamlı şəkildə xarici dövlət rəhbərlərinin, şirkət nümayəndələrinin səfərləri olur, müqavilələr imzalanır və gələcəyə hesablanan böyük layihələrin təməli qoyulur. Azərbaycan eyni zamanda daha böyük tədbirlərə ev sahibliyi etməyə hazırlaşır və onlardan biri də yaxın gələcəkdə baş tutması nəzərdə tutulan COP29 tədbiridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibəsində qarşıda bizi gözləyən tədbir barədə suallara aydınlıq gətirərək təminatlı təhlükəsizlik barəsində danışaraq bildirmişdir: “Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik”.
Ölkə başçısı müsahibə zamanı COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın qlobal tədbirə hazırlığın fəal mərhələsində olduğunu diqqətə çatdıraraq bu tədbirin ölkəmizdə keçirilməsinin beynəlxalq ictimaiyyətin ölkəmizə, o cümlədən yaşıl enerji sahəsindəki görülən işlərə hörmətinin əlaməti olduğunu və bu tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacağını diqqətə çatdırmışdır. “Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar”.
Göründüyü kimi, COP29 tədbirinin ölkəmizdə keçirilməsi Azərbaycanı bütün dünyanın diqqət mərkəzinə çevirəcək və bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini, rolunu və nüfuzunu göstərəcəkdir.

Axundov Asif Əbülfəz oğlu. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent. ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı

21/05/2024

Bölgənin sabitliyi üçün İran-Azərbaycan münasibətləri həlledici amillərdən biri kimi çıxış edir

Bu gün Azərbaycan regionda tranzit enerji təminatçısı və etibarlı iqtisadi tərəfdaş olan dövlət kimi böyük potensiala, eyni zamanda siyasi nüfuza malik olan qüdrətli ölkədir. Bütün bu uğur və nailiyyətlərin əsasını isə Ölkə Prezidenti cənab İlham Əliyevin düşünülmüş xarici siyasət strategiyası təşkil edir. Ölkə başçısının rəhbərliyi ilə bütün sahələrin inkişafına hədəflənmiş və öz müsbət nəticələrini vermiş islahatlar enerji sahəsində də uğurla davam etdirilir.
Məlum olduğu kimi, cari ilin mayın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.
Açılış mərasimində dövlətimizin başçısı iki ölkə arasındakı münasibətlərdən bəhs edərək qeyd etmişdir: “Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür”.
Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycanla İran arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi vardır. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır. İki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda, ortaq tarixə malik olması dövlətlərarası əlaqələrin inkişafına müsbət dinamika verir.
Açılış mərasimi zamanı hər iki ölkə lideri tərəfindən səslənən fikrlər, verilən bəyanatlar bir daha onu göstərir ki, İran və Azərbaycan hər zaman qonşuluq prinsiplərinə əməl etməkdə, qarşılıqlı əlaqələrin daha da möhkəmləndirləsi və dərinləşməsində hər zaman maraqlı olublar. Azərbaycanın 44 günlük Şanlı Zəfərindən sonra regionda yaratdığı reallıqlar isə iki ölkə arasındaki münasibətlərə yeni təkan vermiş oldu.
Bu gün iki dost ölkə istər beynəlxalq, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı bir çox ortaq baxışlara malikdirlər. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan münasibətləri həlledici amillərdən biri kimi çıxış edir. Məhz bu münasibətlərin səmimi dostluq üzərində formalaşması sayəsində İran və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və bundan sonra da bu dəstəyi göstərməkdə qərarlıdırlar.
Bir sözlə, İran-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri də çox müsbətdir və genişdir. İran-Azərbaycan birliyini, dostluğunu heç bir kənar qüvvə poza bilməz.

S.ü.f.d Fərmayılov Anar Hümbət oğlu
incəsənət və fiziki tərbiyə fakültəsinin dekanı

13/05/2024

Mədəniyyətimizin paytaxtı olan Şuşa şəhəri öz şərəfli inkişaf dövrünü yaşayır


Dörd il əvvəl - 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Rəşadərli Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövlətini qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Ölkə başçısının rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi qələbənin təmin edilməsində mühüm rol oynadı.
Keçdiyimiz dörd ilə yaxın müddətdə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz tərəfindən aparılan yenidənqurma, abadlaşdırma işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf mərkəzinə çevirməkdədir.
Cari ilin 10-11 may 2024-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə növbəti səfərləri bu torpaqlarda yenidənqurma, tikinti işlərinin diqqət mərkəzində olduğunun, həmçinin Azərbaycanın regionda sülhün, əmin-amanlığın təmin olunmasında ortaya qoyduğu qətiyyətinin göstəricisidir.
Səfər zamanı inşası davam edən yeni infrastruktur layihələri ilə tanışlıq, xüsusilə Şuşa şəhərinin abadlaşdırılmasının sürətlə davam etdirilməsi, artıq 32 ildir ki, didərgin düşmüş sakinlərin doğma şəhərlərinə qayıdışı Qarabağın nəinki Azərbaycanın, eyni zamanda dünyanın ən gözəl guşələrindən birinə çevrilməsi istiqamətində atılmış növbəti addım idi.
Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşü zamanı Ölkə başçısı cənab İlham Əliyev Şuşada aparılan genişmiqyaslı quruculuq işlərində bəhs edərkən qeyd etmişdir: “Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir”.
Beləliklə, mədəniyyətimizin paytaxtı olan Şuşa şəhəri öz şərəfli inkişaf dövrünü yaşayır. Bu inkişaf, eyni zamanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları ilə yanaşı, bütövlükdə Azərbaycanın davamlı inkişafının təmin olunmasına, Cənubi Qafqazda sülhün əbədi olaraq qalmasına öz faydasını verəcəkdir.

İbtidai təhsil fakültəsinin dekanı - prof. Qızxanım Nizaməddin qızı Qəhrəmanova

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address


Üzeyir Hacıbəyli Küçəsi, 68
Baku