20/03/2022
Xalqımız özünün milli və tarixi ənənəsinə çevrilən Novruzu həmişə olduğu kimi, bu il də böyük sevinclə qarşılayır. Yazın gəlişi, təbiətin, bütün canlıların oyanışı, gecə ilə gündüzün bərabərləşdiyi bir günlə bağlı olan bu bayram Azərbaycan xalqının milli düşüncəsi və milli ruhunu özündə əks etdirir. Novruz xalqın milli təfəkkür tərzini, onun həyat və məişətini, adət və ənənələrini özündə yaşadan əsl el mərasimidir. Odur ki, xalqımız durduqca Novruz adət-ənənələri, onun yaratdığı mədəni sərvətlər də bizimlə olacaq. Çünki Novruz bayramı dərin milli köklərə, zəngin adət-ənənələrə malik olmaqla xalqımızın ictimai və mənəvi həyatında əhəmiyyətli hadisədir. Novruz həm də xalqımızın milli həmrəyliyinin rəmzidir. Ona görə də Novruzun timsalında ölkəmizdə malik olduğumuz milli mədəniyyət nümunələrinin qorunub saxlanmasının özü belə, bir mədəniyyət və bəşər əhəmiyyətli hadisədir. Dünyanın yaranışını tarixən ilk yaz günü ilə bağlayan xalqımız əsrlər boyu Novruz bayramını əziz tutub.
Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Ulu öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasında Novruzun yenidən xalqımıza qaytarılması kimi milli məsələ də var idi. Çünki məhz ümummilli liderimiz Heydər Əliyevin sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi şəkildə qeyd olunmağa başladı. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz təntənələri xalqımızın həyatına birdəfəlik daxil oldu. Bu gün Prezident İlham Əliyev də mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşır. Novruzun gəlişi ilə bağlı dövlətimizin başçısının hər il xalqa ünvanladığı təbriklər onun milli-mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşdığını göstərir.