22/03/2023
🔍 Minimalizm necə yarandı?
XIX əsrdə ilk növbədə sənət sahələrində özünü göstərən minimalizm, daha sonralar həyat tərzinə çevrilməyə başlamışdır. Bu fəlsəfi baxışın əsas ideyaları “Az çoxdur” şüarına əsaslanır.
❓ Minimalizm nədir?
Minimalizm fəlsəfəsinin tərəfdarları sadəliyi tərənnüm edirlər. Ancaq bu sadəlik bəsitlik kimi başa düşülməməlidir. Əksinə, maddi asılılıqlardan imtina etmənin gətirdiyi mənəvi rahatlıq və ucalıq kimi anlaşılmalıdır.
Müasir dövrdə texnlogiyanın inkişafı, məhsul çeşidliliyi və s. kimi imkanlar insanları çoxsaylı seçimlərə vadar edir. Bu seçimlər istər əxlaqi, istərsə də vaxtın dəyərləndirilməsi baxımından çox vaxt faydasız olur.
Maddiyyatçı düşüncəyə sahib insanlar ömür boyu işləyir, yaşamaq əvəzinə işləməyə qurban etdikləri həmin saatların əvəzində aldıqları pulları isə müvəqqəti olanlara xərcləyirlər.
🧩 Bu fəlsəfi baxış həyatınızdakı hər şeydən imtina etməyi deyil, sadəcə həqiqətən ehtiyacınız olan şeyləri istifadə etməyi ifadə edir. Bu fəlsəfəni öz həyat tərzinə çevirən insanlar adətən, yalnız ehtiyacları olan şeylər üçün pul ödəyirlər. Ancaq, ucuzluq naminə keyfiyyətsiz məhsullardan istifadə heç də düzgün deyil. Belə ki, onlar gələcək vaxtlarda sizin üçün daha böyük xərc və problemlərə səbəb ola bilər. Minimalist həyat tərzi sizə hər mənada keyfiyyətli və mənalı bir həyat təklif edir.
Minimalizm fəlsəfəsini həyatınızın istənilən sahəsində tətbiq edə bilərsiniz. Evinizdə, işinizdə, nitqinizdə, düşüncə tərzinizdə və s.
💡 Bəs bu fəlsəfi baxışı necə vərdişə çevirə bilərik? Bu fəlsəfə sadəliyin fəlsəfəsidir. Buna görə də, onu mənimsəmək və həyat tərzinə çevirmək üçün maddiliyə olan asılılığımızı aradan qaldırmalıyıq. Həddindən artıq paltara, əşyaya sahib olmamalı, danışığımızda və düşüncələrimizdə sadə olmalıyıq. Vaxtımızı mənasız yerə xərcləyən fəaliyyətlərdən uzaq dayanmalı, yeyib-içməyə, pul xərcləməyə aludə olmamalı, pul yığmaq əvəzinə dost yığmalı, şəxsi inkişafımız üçün zaman ayırmalıyıq.
Bəs siz minimalizm haqqında nə düşünürsünüz?