16/04/2026
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə təhsilverən və təhsilalanlarla maarifləndirici görüş keçirilib.
Görüşdə Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Şuranın katibi Günay Əkbərova, idarə əməkdaşları, direktorlar, direktor müavinləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Fuad Bədəlov regionda tədrisin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr və qarşıda duran prioritetlər barədə məlumat verib.
Çıxış edən Ceyhun Məmmədov tədris prosesində milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq, məktəblərin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını bildirib. O, həmçinin dövlət tərəfindən təhsil sahəsində həyata keçirilən islahatların gənclərin hərtərəfli inkişafına xidmət etdiyini qeyd edib.
Hikmət Əlizadə çıxışında müasir təhsil yanaşmalarının əhəmiyyətinə toxunaraq, ənənəvi təlim modelindən fərqli olaraq şagirdyönümlü və interaktiv metodların tətbiqinin vacibliyini diqqətə çatdırıb. O, müəllimin bilik ötürən deyil, istiqamətləndirici (fasilitator) rolunda çıxış etməsinin müasir təhsil prosesində əsas meyarlardan biri olduğunu bildirib, həmçinin şagirdlərlə motivasiya və düzgün hədəf seçimi mövzularında fikir mübadiləsi aparıb.
Günay Əkbərova isə müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, innovativ tədris metodlarının tətbiqinin əhəmiyyətindən bəhs edib. O, eyni zamanda şagirdlərə xarici dil biliklərinin onların gələcək imkanlarını genişləndirən mühüm vasitə olduğunu izah edərək, effektiv öyrənmə strategiyalarını diqqətə çatdırıb.
Görüş interaktiv müzakirələr şəraitində davam etdirilib, müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib. Eyni zamanda, təhsil sistemində aparılan yeniliklər, imtahan islahatları və şəxsi inkişaf mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.