13/06/2026
“Son zəng” tədbiri keçirilib
İyunun 13-də respublikanın bütün ümumtəhsil müəssisələrində olduğu kimi, 261 nömrəli məktəb-liseydə də “Son zəng” tədbiri keçirilib.
Tədbirdə məktəb-liseyin rəhbərliyi, Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, məktəbin adını daşıdığı şəhid İlham Məmmədovun bacısı Mehriban Məmmədova, müəllimlər, məzunlar və valideynlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəb-liseyin direktoru Könül Məmmədli çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Ardınca qonaqlara, məzunların ilk müəllimlərinə, sinif rəhbərlərinə və valideynlərə söz verilib.
Tədbir məzunların hazırladıqları bədii kompozisiyalar və musiqili çıxışlarla davam edib. Sonda təhsil aldıqları müddətdə fərqlənən məzunlar məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif olunublar.
Qeyd edək ki, 2025–2026-cı tədris ilində məktəb-liseyin XI sinfini 77 şagird bitirir.