19/07/2025
Qabiliyyət imtahanı verəcək olan subbakalavrların nəzərinə!
2025/2026-cı tədris ili üçün qabiliyyət imtahanlarında iştirak etmək üçün ali təhsil müəssisələrinin V ixtisas qrupuna aid ixtisaslar üzrə 29197, tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün 4600, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə 3981 olmaqla, ümumillikdə 36778 nəfər qeydiyyatdan keçib.
İmtahanlara iyunun 20-dən start verilib və avqust ayının ortalarına qədər davam edəcək.
İdman istiqamətinə aid imtahanlarda iştirak etmək üçün 20925 nəfər qeydiyyatdan keçib. İdman istiqaməti üzrə üzrə 61 (Məşqçilik), 62 (Ümumi fiziki hazırlıq, Adaptiv bədən tərbiyəsi, Kütləvi-sağlamlaşdırıcı idman) və 63-cü (Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi) komissiyalar mövcudur. Ümumi və tam orta təhsil bazalarından orta ixtisas təhsil müəssisələrinə qəbul üçün isə müvafiq olaraq 152 (Fiziki tərbiyə müəllimliyi) və 6401-ci (Fiziki tərbiyə müəllimliyi) komissiyaları var. 62, 63, 6401 və 152-ci komissiyalar üzrə imtahanlar ümumi fiziki hazırlıqdan təşkil olunur, nəticələr məqbul və qeyri-məqbulla, 61-ci komissiya üzrə isə balla qiymətləndirilir. 61-ci komissiyada həmçinin bəzi idman növləri üzrə imtahanlar 2 mərhələli olur – birinci ümumi fiziki hazırlıqdan ikinci isə ixtisasdan aparılır.
Təsviri sənət istiqamətinə aid ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün ümumilikdə 11444 nəfər qeydiyyatdan keçib. Bu istiqamət üzrə 12 komissiya mövcuddur. İmtahanların iyunun 20-dən etibarən 14-cü (Dizayn) komissiya üzrə Bakı şəhəri 286 nömrəli tam orta məktəbdə keçirilməsinə başlanılıb. İmtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə, Şəki, Lənkəran və Naxçıvanda keçiriləcək.
Musiqi sənəti istiqaməti üzrə imtahanlara iyulun 1-dən start veriləcək. Bu istiqamətdə 36 komissiya üzrə 3060 nəfərin imtahan verməsi nəzərdə tutulur. İmtahanlar Bakı, Gəncə, Şəki, Lənkəran, Bərdə və Naxçıvanda keçiriləcək.
Teatr kino və xoreoqrafiya istiqaməti üzrə imtahanlara iyunun 23-də start verilib. Bu istiqamətə aid 18 komissiya üzrə 1649 nəfərin imtahan verməsi nəzərdə tutulur. İmtahanlar Bakı şəhərində 189-190 nömrəli tam orta məktəbdə və Naxçıvanda keçirilir.
Abituriyentlər Dövlət İmtahan Mərkəzinin saytında qabiliyyət imtahanlarının tarixlərini öyrənə bilərlər. İmtahan tarixləri müəyyən olunduqca siyahı yenilənərək saytdakı qrafikə əlavə olunur.
Abituriyentlər imtahandan 5 gün əvvəl qeydiyyatdan keçdikləri səhifədən “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.