30/04/2023
2017-ci ildən bəri Azərbaycanda keçirilən Formula-1 avtomobil yarışı hər il olduğu kimi, bu il də Bakının mərkəzi küçələrində təşkil olunur. Bu dolama yollar hər nə qədər yarış üçün ideal görünsə də, şəhər sakinləri üçün bu vəziyyət heç də ürək açan deyil. Ötən illərin təcrübəsinə əsaslanaraq demək olar ki, yarış üçün mərkəzi küçələrə gedən yolların bağlanması sakinlərin günlük gediş-gəlişinə kifayət qədər maneçilik törədir. Yarışa hazırlıq məqsədilə bir-iki ay ərzində gediş-gəliş yollarının bağlanması isə arzuolunmaz vəziyyətə - saatlarla bitməyən tıxaclara səbəb olur.
Formula 1 üzrə Qrand Prinin Azərbaycanda təşkil olunması ölkənin dünyada tanınması və turizm sahəsini inkişaf etdirmək məqsədi daşısa da, insanların hərəkət azadlığını məhdudlaşdıran, eyni zamanda gündəlik gediş-gəlişi iflic vəziyyətə qoyan belə bir yarışın keçirilməsi qanunvericiliklə hansı dərəcədə tənzimlənir?
İlk olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndinə görə “Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.”
Hazırki məsələ isə daha spesifik olduğundan sualımıza cavab tapmaq üçün yalnız Konstitusiyaya deyil, bu sahədə qəbul olunmuş digər qanunvericilik aktlarına da nəzər yetirmək lazımdır.
Belə ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində qeyd olunur: “Avtomobil yollarında idman yarışları (qaçış, avto-velo və digər yarışlar) yol təsərrüfatı orqanlarının razılığı ilə verilən icazə əsasında təşkil olunur və xüsusi qaydalara müvafiq aparılır. Bu tədbirlərin keçirilməsi mümkün dolama yolların köməyi ilə yol şəbəkəsinin fasiləsiz fəaliyyətini təmin etməklə həll edilməlidir.”
Eyni zamanda “Yol hərəkəti haqqında” Qanunun 11-ci maddəsinin 5.9-cu bəndinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan avtomobil yollarında və nəzarət edilən zonalarda yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsi (krosslar, avtomotoyarışlar, digər kütləvi tədbirlər) qadağan edilmişdir.
Həmin Qanunun 12-ci maddəsinin tələblərinə görə yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi zəruri olarsa, müvafiq orqanlar tərəfindən yol hərəkətinin məhdudlaşdırılmasının və ya qadağan edilməsinin yeri, səbəbi, vaxtı və şərtləri və digər zəruri məlumatlar göstərilməklə qərar qəbul edilməli və dolayı yol ilə yol hərəkətinin təşkil edilməsinə dair tədbirlər həyata keçirilməlidir.
Aydındır ki, qanunverici avtoyarışlar keçirildiyi təqdirdə yolların müvəqqəti məhdudlaşdırılmasına yol verir. Lakin belə bir vəziyyətin sakinlərin gündəlik vəziyyətini ağırlaşdırmaması üçün eyni zamanda alternativ yolların köməyi ilə yol şəbəkəsinin fasiləsiz fəaliyyətinin təmin olunmasını aidiyyatı dövlət qurumları qarşısında tələb kimi qoyur.
Qanunvericilikdə belə bir tələbin olmasına baxmayaraq, günümüzdə yol şəbəkəsinin fasiləsiz fəaliyyəti hansı səviyyədə təmin olunur?