13/06/2026
Bakı şəhəri Qamət Abbasov adına 284 nömrəli tam orta ümumtəhsil məktəbində “Son zəng” tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin, həmçinin Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xalid Alıhüseynov məzunları təbrik edərək bildirib ki, onlar bu gün yalnız məktəblə deyil, həm də doğma Vətənlə daha möhkəm bağ quraraq həyatlarının yeni mərhələsinə qədəm qoyurlar. Direktor çıxışında məktəbin son illərdə əldə etdiyi uğurlardan bəhs edib, məzunların əvvəlki illərlə müqayisədə daha yüksək nəticələr göstərdiklərini vurğulayıb. Həmçinin qonaqlar, müəllimlər və valideynlər məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
Tədbirin bədii hissəsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq təlimatlarına uyğun olaraq milli-mənəvi dəyərlərimiz əsasında təşkil olunub. Məzun sinifləri hazırladıqları bədii kompozisiyalar, musiqi nömrələri və çıxışlarla məktəb illərinə dair xatirələrini, müəllimlərinə və valideynlərinə minnətdarlıqlarını ifadə ediblər.
Bu “Son zəng” yalnız bir təhsil mərhələsinin sonu deyil, həm də qalib və müstəqil Azərbaycanın gələcəyinə doğru atılan yeni addımların, böyük hədəflərin və uğurlu sabahların başlanğıcı oldu.