03/06/2025
Xətai rayonu 25 saylı tam orta məktəbin 8 “B” sinfinin Qarabağa təşkil olunmuş ilk səfəri şagirdlərin həyatında unudulmaz bir səhifəyə çevrildi. Bu səfər çərçivəsində onlar Ağdam, Xocalı, Əsgəran, Xankəndi, Şuşa və İsa bulağını ziyarət etdilər. Səfərin kulminasiya nöqtəsi isə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Şuşada qeyd etmələri oldu.
Ağdamda dağıdılmış şəhər mənzərəsi, Xocalıda şəhidlərin xatirəsinə ucaldılmış abidələr və Əsgəranla Xankəndidə aparılan quruculuq işləri şagirdlərə Qarabağın tarixi və bu gün baş verən bərpa prosesi haqqında dərin təəssürat bağışladı. Onlar bu torpaqların azadlığı və inkişafı uğrunda aparılan mübarizənin canlı şahidinə çevrildilər.
Şuşada keçirilən 1 İyun tədbiri isə şagirdlər üçün xüsusi önəm daşıyırdı. Bu müqəddəs şəhərdə, azad edilən torpaqlarımızda Uşaqlar Bayramını qeyd etmək onların qəlbində vətənə sevgi və qürur hissini daha da gücləndirdi. Bayram şənliyi musiqili çıxışlar, rəqslər və maraqlı oyunlarla müşayiət olundu. Şagirdlər həm əyləndilər, həm də bu torpaqlarda keçirilən hər tədbirin necə böyük mənəvi dəyər daşıdığını dərk etdilər.
Sonda İsa bulağında su içərək səfəri başa vuran şagirdlər, Qarabağın həm qəhrəmanlıq, həm də dirçəliş simvolu olduğunu anlayaraq Bakıya qayıtdılar.
Bu səfər onlara tarix, vətən və azadlıq anlayışlarını daha dərindən anlamaq imkanı verdi və qəlblərində silinməz iz buraxdı.