24/08/2026
İşğaldan Cənnətə: Laçının Strateji İnkişaf Modeli
1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsinə Laçın adlandırılıb və şəhər statusu almış, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi statusunu əldə etmişdir.
1930-cu il avqustun 8-də təşkil edilmiş Laçın rayonunun mərkəzi Laçın şəhəri müəyyən olunmuşdur.
Rayonun coğrafi sərhədləri şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları ilə, qərbdən isə Ermənistanla həmsərhəddir.
İnzibati strukturuna 1 şəhər, 1 qəsəbə və 125 kənd daxil olan Laçın rayonunun ümumi sahəsi 1835 kvadrat kilometr təşkil edir.
Rayon təbii ehtiyatlar baxımından zəngin olmaqla 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.
İşğal dönəmi, vurulan zərər və məkrli siyasi proseslər
strateji baxımdan böyük əhəmiyyət daşıyan Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmışdır.
İşğal prosesi zamanı yerli əhali etnik təmizləməyə məruz qalmış, 300-dən çox hərbi və mülki şəxs həlak olmuş və ya itkin düşmüşdür.
Düşmən tərəfindən 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə obyekti, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif istehsalat obyektləri talan edilərək dağıdılmışdır.
Rayon ərazisində olan 54 dərəcəli dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi-mədəni abidə vandalizmə məruz qalmışdır.
Laçının düşmənə təhvil verilməsinin arxasında hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün çirkin və məkrli siyasi niyyətləri dayanmışdı.
Hakimiyyəti hər vəchlə ələ keçirmək istəyən bu qüvvələrin fəaliyyəti nəticəsində Şuşa və Laçın demək olar ki, düşmənə təhvil verilmişdir.
Hər bir yaşayış məntəqəsinin itkisi böyük faciə olsa da, Laçının işğalı Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradır və sonrakı ərazi itkilərimizin əsasını qoyurdu.
Ermənistanın beynəlxalq hüquq pozuntuları
Ermənistan işğalçı tərəf kimi Cenevrə konvensiyalarının tələblərini kobudcasına pozmuşdur.
Rəsmi İrəvan Laçında coğrafi adları dəyişdirmiş, təbii resursları talayaraq qazanc mənbəyinə çevirmişdir.
Suriyadan və digər yerlərdən olan ermənilərin rayona köçürülməsi ilə qanunsuz məskunlaşma həyata keçirilmiş və bölgənin demoqrafik tərkibi məqsədyönlü şəkildə dəyişdirilmişdir.
Zəfər, azadlıq və "Laçının azad olunmasına görə" medalı
Vətən müharibəsindəki qələbə və imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilmişdir.
2022-ci il avqustun 26-da servesiz olaraq Laçın şəhəri, Zabux və Sus kəndləri tam Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin sərəncamları ilə rayonun azad edilməsində şücaət göstərmiş 8418 hərbi qulluqçu "Laçının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Yeni inkişaf dönəmi və "Laçın Şəhəri Günü"
Cənab Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevriləcəyini, Laçının təbiəti, əzəmətli dağları və zövqlə tikilən evləri ilə Azərbaycanın uğurlarına yaraşan müasir simaya qovuşduğunu bəyan etmişdir.
Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 26 Avqust "Laçın şəhəri günü" kimi təsbit olunmuşdur.
Enerji potensialı və "Yaşıl Enerji" layihələri
Laçın rayonunda ümumi gücü 65,5 MVt, illik istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası (SES) fəaliyyət göstərəcəkdir.
2021-ci ildə işə salınan 8 MVt gücündə "Güləbird" SES təxminən 7000 nəfər əhalini, Xanlıq kəndini, Laçının cənubunu və digər infrastruktur obyektlərini elektrik enerjisi ilə təmin edir.
Hoçaz çayı üzərində dağıdılmış "Ağbulaq" (14,25 MVt), "Mişni" (8,25 MVt) və "Alxaslı" (6 MVt) stansiyaları tam yenidən qurulmuşdur; "Mişni" və "Alxaslı" KSES-ləri 2023-cü il avqustun 25-də işə salınmışdır.
2024-cü il mayın 10-da "Zabux" və "Qarıqışlaq" KSES-ləri istifadəyə verilmişdir.
2025-ci il mayın 27-də Zabux çayı üzərində inşa olunan 3,1 MVt-lıq "Aşağı Malıbəyli" və 3,5 MVt-lıq "Mirik" SES-lərinin açılışı olmuşdur.
Bu stansiyalar mərkəzləşdirilmiş SCADA sisteminə qoşularaq il ərzində 20 milyon kilovat-saat yaşıl enerji istehsal edəcək, 4,3 milyon kubmetr qaza qənaət edəcək və 8 min ton karbon qazının havaya atılmasının qarşısını alacaqdır.
2026-cı il iyulun 11-də Hoçaz çayı üzərində "Ağbulaq-1" (14,7 MVt), "Ağbulaq-2" (14,25 MVt) və "Şeylanlı" (4 MVt) SES-ləri açılmışdır.
Rayonun mövcud 8-10 MVt-lıq elektrik tələbatı tam olaraq yaşıl enerji ilə ödənilir və artıq qalan hissə ölkənin enerji sisteminə ötürülür.
Hazırda tikintisi davam edən 10,7 MVt gücündə 3 yeni SES ilin sonunadək istismara veriləcəkdir.
2040-cı ildə elektrik tələbatının 80 MVt olacağı gözlənilir və planlaşdırılan SES-lər vasitəsilə Laçın 15 il sonra da tam yaşıl enerji ilə təmin ediləcəkdir.
Yol-nəqliyyat infrastrukturu
Prezidentin sərəncamı ilə tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 km-dir (əvvəlkindən 32,2 km qısa).
Yol I və II texniki dərəcəli olmaqla 2, 3 və 4 zolaqdan ibarət olacaqdır; üzərində ümumi uzunluğu 13,3 km olan 16 tunel (ümumi 17 tuneldən) və 4163 metr uzunluğunda 23 körpü inşa olunur.
Laçın Beynəlxalq Hava Limanı
2021-ci ildə təməli qoyulan və 28 may 2025-ci ildə istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı dəniz səviyyəsindən 1700 m hündürlükdə (Qorçu kəndi) yerləşir və 130 hektardan çox ərazini əhatə edir.
Azərbaycanın dəniz səviyyəsindən ən yüksəkdə yerləşən bu hava limanı 3000x60 metr ölçülərində uçuş-enmə zolağına və saatda 200 sərnişinə xidmət edə bilən 5000 kv.m terminal binasına malikdir.
Hava limanı Laçın şəhərindən 30 km, Şuşadan 70 km, Kəlbəcərdən 60 km məsafədə yerləşir.
Şəhərsalma və "15 dəqiqəlik şəhər" konsepsiyası
Nazirlər Kabinetinin 13 iyun 2025-ci il tarixli Qərarı ilə “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilmişdir.
Plan çərçivəsində xəstəxana, Memorial Park (İşğal və Zəfər muzeyləri), təhsil müəssisələri və peşə məktəbi yaradılacaqdır.
"15 dəqiqəlik şəhər" prinsipi yaşayış məhəllələri və gündəlik obyektlərin piyada/qısa məsafədə olmasını təmin edir.
Şəhərdə 1000-dən çox ev bərpa edilib və ya tikilib; 626 fərdi ev, 138 çoxmənzilli ev və 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib.
Hazırda 89 fərdi ev, 28 çoxmənzilli bina və 26 qeyri-yaşayış sahəsinin tikintisi sürür, daha 237 fərdi ev və 29 binanın (436 mənzil) tikintisi planlaşdırılır.
510 şagirdlik 2 nömrəli tam orta məktəb (4550 kv.m) ən müasir sinif və laboratoriyalarla təmin olunub. 2023-cü ildə Zabux kəndində 176 şagirdlik məktəb istifadəyə verilib.
57 min 470 kv.m sahədə 19 binadan (340 mənzil) ibarət yeni yaşayış məhəlləsi salınacaqdır (1, 2, 3, 4 və 5-otaqlı mənzillər).
Turizm, mədəniyyət və sənaye obyektləri
Zerti kəndində 2025-ci ildə açılan 11,2 hektarlıq "Laçın" İstirahət Kompleksi 120 otaq, 8 kottec (324 qonaq) və 500 nəfərlik tədbir zalları ilə təmin olunub (174 nəfər işlə təmin edilib).
2023-cü il avqustun 25-də açılan “Hoçazfilm” yaradıcılıq studiyası regionun audiovizual salnaməsini yaradan mərkəz kimi fəaliyyət göstərir.
Sənaye zonasında yaradılan Mebel fabriki (illik 3 min cu.m, 54 işçi) və Prefabrik modul evlər müəssisəsi (illik 200 ev, 100 işçi) fəaliyyət göstərir. İllik 17 min baş heyvan kəsimi məntəqəsi 30 nəfəri işlə təmin edəcək.
"Laçın Aqro-Sənaye Parkı"nda 46 müəssisə fəaliyyət göstərəcək; bura "PIRSHAGHI" ayaqqabı fabriki (ayda 1500 cüt, 15 işçi) və "LATIFA" tikiş fabriki (günə 2 min məhsul, 30 işçi) daxildir.
Kənd təsərrüfatı, asudə vaxt və su infrastrukturu
2023-cü il avqustun 25-də açılan “Həkəri Balıq Təsərrüfatı”nda il ərzində 35 ton nərə, 1,5 ton çökə və 5 ton forel yetişdirilir (gələcək hədəf: 70 ton nərə, 3 ton kürü, 10 ton forel).
Həkəri çayında bulvar, göl, asma körpü, çimərlik və kotteclər salınmışdır.
Təməli 2025-ci ildə qoyulan Laçın kanat yolu 1720 metr uzunluğunda (300 m hündürlük, 17 kabinə) olacaq və saatda 800 sərnişin daşıyacaqdır.
2026-cı il iyulun 11-də təməli qoyulan "Həkəriçay" su anbarı (100 mln cu.m) 172 km-lik boru kəməri ilə 7 rayonda 700 min nəfəri içməli su ilə təmin edəcək və üzərində 10.81 MVt gücündə 3 SES tikiləcəkdir.
Böyük Qayıdış və Kəndlərin Bərpası
2023-cü il mayın 28-dən başlayan qayıdış çərçivəsində 2026-cı ilin iyul ayına qədər Laçın şəhərinə 614 ailə (2264 nəfər), Zabuxa 217 ailə (823 nəfər), Susa 59 ailə (215 nəfər) və Bəylik kəndinə 89 ailə (363 nəfər) köçürülmüşdür.
Zabux kəndi: 81 hektarlıq kənddə 223 ailə köçürüləcək, 50 yerlik bağça, tibb məntəqəsi və yaşıl enerji işıqlandırması var.
Sus kəndi: 25 hektarlıq kənddə 59 fərdi ev, 132 yerlik məktəb, 50 yerlik bağça və park istifadəyə verilib.
Bəylik kəndi: 29,6 hektarda 91 fərdi ev, dərnəkləri olan klub-icma mərkəzi tikilib, damında günəş panelləri quraşdırılıb və bütün kommunikasiyalar çəkilib.
Beynəlxalq status və Prezidentin səfərlər xronologiyası
Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuş və rəsmi açılışı 2025-ci il iyunun 3-də keçirilmişdir.
14.02.2021: Güləbirdə Bayrağın ucaldılması və SES-in açılışı.
16.08.2021: Laçın Hava Limanının təməlqoyma mərasimi.
26.06.2022: Kəlbəcər-Laçın yolu, "Qorçu" yarımstansiyası və Hava limanında tikinti ilə tanışlıq.
21.09.2022: Tunellə tanışlıq, Şəhər mərkəzində Bayrağın ucaldılması, yarımstansiyanın təməli.
28.05.2023: Baş planın təqdimatı və sakinlərlə ilk görüş.
25-26.08.2023: "Mişni" və "Alxaslı" SES-ləri, "Hoçazfilm", məktəb, mebel fabriki, balıq təsərrüfatının açılışı, Zabuxda sakinlərlə görüş və "Şəhər Günü" bayramı.
10.05.2024: Sus kəndində sakinlərlə görüş, "Zabux" və "Qarıqışlaq" SES-lərinin açılışı.
27.05.2025: LATIFA və PIRSHAGHI fabriklərinin, Bəylik kəndinin, İstirahət Kompleksinin, Hava Limanının açılışları; Kanat yolunun təməlqoyması; Pakistanın Baş naziri və Türkiyə Prezidenti ilə Zirvə görüşləri və Müstəqillik Günü konserti.
11.07.2026: "Həkəriçay" su anbarının təməlqoyması və Hoçaz çayı üzərindəki yeni SES-lərin onlayn açılışı.