03/08/2026
- Azərbaycan dili gününün təsis edilməsi.
Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir;
Hər il 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın milli-mənəvi dəyərlərinin, milli kimliyinin və dövlətçilik ənənələrinin əsas sütunlarından biri olan ana dilimizin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu, ulu öndərin Ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi oldu. Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azəraycan əlifbasının bərpasını zəruri etdi. Həmin vaxtdan müstəqil Azərbaycan Respublikasında tədricən latın qrafikalı milli əlifbamıza keçid mərhələsi başlandı.Bu tarixi proses Ümummili liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşdi. Prezident Heydər Əliyev latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. O vaxtdan hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.Azərbaycan əlifbası kimi, Azərbaycan adilinin də hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.Ana dilimizin inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir.
Azərbaycan dilinin dövlət dili olması müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biridir.
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin geniş yayılması və xarici dillərin təsiri Azərbaycan dilinin qarşısında yeni çağırışlar yaradır. Bəzən dilimizdə qarşılığı olan sözlərin əvəzinə lazımsız xarici ifadələrin işlədilməsi, ədəbi dil normalarına əməl edilməməsi ana dilimizin saflığına mənfi təsir göstərir. Buna görə də Azərbaycan dilini qorumaq yalnız dilçi alimlərin deyil, müəllimlərin, jurnalistlərin, ziyalıların və bütün vətəndaşların ümumi vəzifəsidir.
Ana dilinə sevgi ilk növbədə ailədə formalaşır. Məktəb bu sevgini bilik və mədəniyyətlə zənginləşdirir, cəmiyyət isə onu gündəlik həyatda yaşadır. Gənclərin klassik və müasir Azərbaycan ədəbiyyatını mütaliə etməsi, düzgün danışıq və yazı qaydalarına riayət etməsi dilimizin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan dili əsrlərin sınağından keçmiş, zəngin söz ehtiyatına və yüksək ifadə imkanlarına malik olan bir dildir. Onu qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə saf şəkildə çatdırmaq hər birimizin mənəvi borcudur. Çünki dilini qoruyan xalq öz tarixini, milli kimliyini və dövlətçiliyini də qorumuş olur. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü hər birimizə ana dilimizin dəyərini bir daha xatırladır və onu sevərək yaşatmağın vacibliyini ön plana çıxarır.