16/07/2026
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda çıxışı ilə bağlı
- Forum artıq beynəlxalq xarakter daşıyır, iştirakçıların sayı ildən-ilə artır
Bu gün Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak edir. Son dörd il ərzində Forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirmişdir;
- Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir.
Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. Əminəm ki, vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər. Onlar ilk dəfə gəldikləri zaman, bəlkə də yalnız dağıntıları gördülər, lakin indi şəhərləri görürlər. Onlar yeni mənzillərdə və evlərdə yaşayan insanları görürlər. Bir sözlə, bu, müxtəlif meyarların kombinasiyasıdır. Birincisi, hər dəfə, hər il Forumun mövzusu sadəcə cari çağırışları əks etdirir. İkincisi, mühit çox mehriban, çox müsbətdir və müxtəlif mediadan olan bir çox insanlar, əminəm ki, Şuşada görüşlərdən sonra yaxın dostlara çevrilirlər. Əlbəttə ki, bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir;
- Qonşularla qarşılıqlı əlaqələr olmadan, heç zaman tranzit ölkəyə çevrilmək mümkün deyil.
Bilirsiniz, biz kifayət qədər uzun müddət ərzində bağlantılar üzərində işləmişik. Biz bəlkə də 10 ildən artıqdır çalışdıq, coğrafi mövqeyimizin üstünlüklərindən istifadə edərək, onları çoxtərəfli əməkdaşlıq üçün real platformaya çevirək. Müxtəlif meyarlar var idi ki, bizə beynəlxalq daşımalar məkanına çevrilmək imkanını yaradırdı və ya buna mane olurdular. İlk olaraq, bu, çatışmayan fiziki infrastrukturla bağlı idi və biz onu yaratmalı idik və yaratdıq. İkincisi, qonşularla qarşılıqlı əlaqələr olmadan, siz heç zaman tranzit ölkəyə çevrilməyəcəksiniz. Əgər qonşularınızla münasibətləriniz p*sdirsə, bu o deməkdir ki, heç nə alınmayacaq. Avrasiyanın böyük coğrafi məkanında, Azərbaycandan Şərq və Qərb, Şimal və Cənub istiqamətlərdə geniş beynəlxalq əməkdaşlığı qurmaq, prosesi apardığımız kimi inkişaf etdirmək, məsələn, Azərbaycanın təşəbbüskar olduğu, əsas maliyyə töhfəsini verən tərəf olduğu və çoxtərəfli əməkdaşlığı təşkil edən tərəf kimi enerji layihələrimizin həyata keçirilməsi həmin meyarlar sırasındadır. Bu isə bu gün, enerji təhlükəsizliyi məsələlərinin həllində, həmçinin bir çox ölkələrə kömək edir.
Beləliklə, eyni yanaşmanı bağlantılara da tətbiq edirik. Söylədiyim kimi, fiziki infrastruktur qurulub. İndi isə biz yalnız onun genişləndirilməsi yolları üzərində çalışırıq, çünki biz gözləmirdik ki, coğrafiyamız son vaxtlar bu qədər lazımlı olacaq. Şərq və Qərbdəki qonşularla - istər Mərkəzi Asiya ölkələri, istərsə də Gürcüstan, Türkiyə və Avropa kimi yaxın qonşularımızla qarşılıqlı fəaliyyət çox yaxşıdır. Əlbəttə, bütün bunları bir araya gətirmək üçün bizə dəhlizi səmərəli edə biləcək bir çox addımları atmaq vacib idi;
- Bütün meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır.
Bəli, hazırda Orta Şərqdəki vəziyyət bu dəhlizi daha cəlbedici edir və əgər siz mübarizənin qaynar dövründə təkcə uçuşların xəritəsinə nəzər salsanız, görərsiniz ki, Azərbaycandan çox dar dəhliz keçir. Eyni vəziyyəti Xəzər dənizi ilə və quru ərazi ilə daşımalara da aid etmək olar. Bir sözlə, bütün həmin meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır. Xoşbəxtlikdən, biz yüklərin artan həcminin daşınmasını təmin etməyə hazır idik. Hazırda biz öz imkanlarımızı artırırıq;
- Dəniz ticarət limanımıza gəldikdə, hazırda o, 15 milyon ton imkanı ilə Xəzərdə ən iri limandır və onun həcmi 25 milyon tonu təmin etmək üçün artırılacaq.
Hazırda biz Avropaya və geriyə yükləri daşımaq üçün öz gəmiqayırma zavodumuzda 10 gəmini tikirik. Mərkəzi Asiya ölkələri və Avropa Komissiyası ilə sıx münasibətlərimiz hər iki istiqamətin mərkəzində dayanır və bu, həqiqətən böyük üstünlük yaradır. Əlbəttə, Azərbaycanın hər zaman əməkdaşlığa, qonşularımızı narahat edən məsələlərin həllinə yönələn siyasəti narahatlıqlarımızı aradan qaldırmağa və mühit yaratmağa imkan verir. Burada, Şuşada, Media Forumda bəhs etdiyim mühiti bir çox beynəlxalq iştirakçılar arasında yaratmağa çalışırıq və ümid edirəm ki, yaratmağa nail olmuşuq;
- Türkiyə və Azərbaycan kimi iki ölkəyə veriləcək mesaj yalnız dostluq və qardaşlıqdır.
Düşünürəm və əminəm ki, Türkiyə və Azərbaycanda da insanlar sizinlə həmfikirdir. Onlar dünyanın bütün ölkələrini götürsək belə, ən yaxın ölkələrdir. Əgər siz əməkdaşlıq, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında təmaslar səviyyəsinə baxsanız, bəlkə də dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən və dost olan Türkiyə və Azərbaycandan başqa digər iki dövlət tapmazsınız.
Bu, xalqlarımız, ölkələrimiz üçün böyük zənginlikdir. Biz bir yerdə olanda daha güclüyük. Bu, həmçinin regional sabitliyin və əməkdaşlığın, o cümlədən indicə qeyd etdiyim bağlantılar məsələsinin mühüm meyarıdır. Bu, təhlükəsizliyin mühüm meyarıdır, çünki burada - Şuşada, beş il əvvəl Türkiyə Prezidenti ilə mən Şuşa Bəyannaməsini imzaladıq və beləliklə, münasibətlərimiz müttəfiqlik səviyyəsinə qalxdı;
- Biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik.
Əgər bizlərdən kiməsə xoşagəlməz və ya p*s hadisə üz verərsə, digəri bütün potensialı, o cümlədən hərbi gücü ilə qardaşımızın müdafiəsinə qalxacaq. Həqiqətən real haldır və biz görürük etnik köklər, ortaq mədəniyyət və ümumi tarix ölkələrimiz üçün siyasi baxımdan bu qədər yaxın olmağa bir platforma yaradır. Əminəm ki, bilirsiniz, çox sayda hallar var ki, oxşar, kifayət qədər oxşar köklər və eyni dil, necə deyim, söz ehtiyatı elə bir platforma yaratmır. Əksinə, demək olar ki, eyni dildə danışan insanlar bəzən bir-biri ilə vuruşurlar. Eyni regionda olan insanlar bir-birini məhv edirlər. Beləliklə, Türkiyə və Azərbaycan nümunəsi qonşular tərəfindən baxılmalı və tətbiq edilməli nümunədir. Qonşular dəqiqliklə Türkiyə və Azərbaycan kimi davranmalıdırlar;
-
Yeni Komissiya ilə münasibətlərimiz yaxşılaşmağa başladı. Bu, xüsusən də əlaqələrin yenidən baxılması üçün qarşılıqlı böyük marağı gördüyümüzdən sonra baş verdi və biz bunları dəstəklədik. Sizə sadəcə deyə bilərəm ki, bu ilin bir neçə ayı ərzində Brüsseldən bir sıra mühüm səfər oldu. Martda Avropa İttifaqı Şurasının Prezidenti cənab Koşta, mayda Avropa diplomatiyasının rəhbəri xanım Kallas və iyulda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycana gəldilər.
Onların və mənim ictimaiyyətə açıqlamalarımızda hər kəs iki tərəfin əməkdaşlıq səviyyəsindən razı qaldıqlarını görə bilər. Təsvir etdiyiniz tərəfdaşlıq sahələri, əlbəttə, nəinki ikitərəfli, o cümlədən daha geniş çərçivə üçün vacibdir. Avropa Şurasının Parlament Assambleyasına gəldikdə isə əfsuslar ki, biz tamamilə başqa mənzərəni görürük və mən şəxsən təəssüf edirəm. Çünki mən 2001-ci ildə Parlament üzvü olanda Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri olmuşam və iki il orada işləmişəm. Bildiyiniz kimi, il ərzində orada dörd sessiya olur;
- Ermənistanın işğalçı qüvvələrindən 100 faiz azad edilənə qədər Azərbaycan AŞPA-da heç vaxt sanksiya altında olmamışdır.
Bir sözlə, yaranmış vəziyyət mənim üçün xoşagələn deyil, lakin onun baş verməsinin səbəbi sualınıza cavab vermək üçün çox vacibdir. Dalandan çıxmaq üçün nə edilməlidir? 2023-cü ilin sentyabrında ərazimiz separatçı və Ermənistanın işğalçı qüvvələrindən 100 faiz azad edilənə qədər Azərbaycan AŞPA-da heç vaxt sanksiya altında olmamışdır. 2023-cü ilin sentyabrında özünümüdafiə üçün legitim hüququmuzdan istifadə edərək, ərazimizi separatçıların qalıqlarından təmizlədik.
2024-cü ilin yanvarında onlar Azərbaycan nümayəndə heyətinin akkreditasiyasını sual altına qoydular, həmçinin o, səsvermə hüququndan məhrum edildi. Bu, bir növ insan hüquqları məsələsi ilə əlaqəli deyildi. Əgər onunla bağlı olsaydı, bunu xeyli əvvəl edərdilər. Bu, sadəcə, suverenliyimizi bərpa etmək üçün gördüyümüz işlərə görə bizi cəzalandırmaq idi. Ondan sonra Azərbaycanın nümayəndə heyəti çox müdrik qərar qəbul etdi və iclaslarda iştirakını dayandırdı. Çünki əgər bizim səsvermə hüququmuz olmayacaqsa, onda nəyə görə orada olmalıyıq?;
- Biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə səs verməmişik və bu səbəbdən Azərbaycan məhkəmə qərarlarını tanımır, çünki biz bilmirik o insanlar kimlərdir.
Biz buna səs verməmişik. İki ildən artıqdır ki, ayrı-seçkiliyə məruz qalırıq. Sizə açıq deyə bilərəm ki, biz hökumətimizdə AŞPA-da üzvlüyümüzün nəinki dondurulmasını, həmin təsisatdan tam çıxmağı da ciddi şəkildə nəzərdən keçiririk. Yəni bütövlükdə Avropa Şurasından çıxmağımızı nəzərdə tuturuq.
Əlbəttə, fikrimcə, mühüm meyarlardan biri hüdudlarınızdan kənarda baş verən hadisələrə təkcə bir sözünüzlə və ya bəyanatınızla təsir göstərmək qabiliyyəti də olmalıdır. Azərbaycan bunu dəfələrlə nümayiş etdirib. Eyni zamanda, bu terminologiyaya aid edilə biləcək meyarlardan biri də məsuliyyətdir. Ölkənizin daxilində və müəyyən dərəcədə bütöv regionda baş verənlərə görə olan məsuliyyətdir. Fikrimcə, sonradan heyət də bu meyara əlavələr edə biləcək. Lakin düşünürəm ki, bütün bu dediklərimi Azərbaycana aid etmək olar. Ola bilsin bu səbəbdən bir sıra ekspertlər bizi orta güc adlandırır və səmimi desəm, mən buna etiraz etmirəm;
- Əminəm ki, Azərbaycanla İordaniya arasında əlaqələrin inkişafı uğurla davam edəcək.
Bizim İordaniyanın Əlahəzrət Kral ilə qardaşlıq münasibətlərimiz var və ölkələrimiz arasında əlaqələr də çox sıxdır. Yəqin bilirsiniz ki, bir neçə gün öncə mən İordaniyanın Baş nazirinin müavini, xarici işlər nazirini qəbul etdim. O, öz həmkarı ilə ətraflı danışıqlar apardı, daha sonra isə mənimlə görüşdə əlaqələrimizin gələcək inkişafı, regional təhlükəsizlik və regional çağırışlarla bağlı fikir mübadiləmiz oldu. Əminəm ki, Azərbaycanla İordaniya arasında əlaqələrin inkişafı uğurla davam edəcək, çünki artıq böyük iş həcmi görülüb;
- Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq edib.
Biz gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi edəcəyik. Xüsusilə indiki təlatümlü dövrdə bu, bizim üçün böyük məsuliyyətdir. Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq edib. Azərbaycanda keçirilən çoxsaylı tədbirlər və irəli sürdüyümüz təşəbbüslər həmrəylik, qarşılıqlı anlaşma və birliyə xidmət edib. Zirvə Toplantısınadək hadisələrin necə cərəyan edəcəyinə baxacağıq. Təəssüf ki, bu gün biz bir o qədər həmrəyliyin şahidi olmuruq. Əksinə, biz gərginliyin artdığını, qarşılıqlı ittihamları, təkcə Körfəzdə və Yaxın Şərqdə deyil, dünyanın müxtəlif bölgələrində müharibələrin şahidi oluruq. Bu isə olduqca məyusedicidir. Çünki İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik təhlükəsizliyin və sabitliyin əsas amilidir. Daha çox həmrəylik və qarşılıqlı anlaşma olduğu təqdirdə, çətin dönəmlərin də sayı azalacaq.
Bağban kənd tam orta məktəbin müəllimi Şəlalə Nuriyeva